Ağac altında ağac söhbəti

681

 İki-üç gün əvvəl iki kişi Akademiya bağındakı uca çinarın altında oturub söhbətləşirdi. Mən də onlara yaxın əyləşib, özümü mehə verirdim. Onlardan biri bildirdi ki, eşitmisən, Amerika alimləri deyiblər ki, 16 mart 2880-ci ildə diametri bir kilometr olan kometanın Yerlə toqquşacağı gözlənilir. Əgər bunun qarşısı alınmasa, bütün dünya məhv  olacaq. İndi alimlər çalışırlar ki, həmin kometa Yerdən yan keçsin…
 

 

O biri kişi həmsöhbətinin sözünü yarıda kəsib dedi ki, ayə, sən ağla bax, ha! Gör kişilər səkkiz yüz, doqquz yüz il bundan sonranın dərdini çəkirlər ey. Deyirəm, ay Ağarəhim, birdən o kometa Yerdən yan keçmədi, doğrudan dünya dağılacaq? Adam fikirləşəndə dəli olur ey!

Birinci kişi dedi ki, rəhmətliyin oğlu, belə getsə, kometa Yerlə toqquşa bilməyəcək. Görmürsən, düz-dünya yanır, elə indidən dağılır, daha kometaya nə ehtiyac var. Bir tərəfdən, müharibələr, o biri tərəfdən də, təbii fəlakətlər qırır insanları. İnsanlar bir-birinin qəniminə çevriliblər.

Sonra hər iki soydaşımız susdu. Bir qədərdən sonra Ağarəhim kişi həmsöhbətindən soruşdu:

– Yaxşı, Xudaverdi müəllim, de görüm, təzə qonşun qarajı tikdirə bildi, yoxsa qarşısını aldılar?

– Kim alacaq, gələnlər qonşuları sakitləşdirib dedilər ki, narahat olmayın, burada qaraj tikmək olmaz. Amma bir neçə gündən sonra tikintiyə yenidən başladılar. Lap ev boyda bir qaraj tikildi, zibil yeşiklərinin yerini də dəyişdilər. O qarajın yerindəki ağacları rəhmətlik qonşum Ariflə bu həyətə təzə köçəndə, otuz səkkiz il əvvəl əkmişdik. İllərlə zəhmət çəkmişdik. Onda həyətdə qaraj-maraj yox idi. Uşaq-böyük yamyaşıl, təmiz həyətdə dəstə-dəstə oturub söhbətləşir, müxtəlif oyunlar oynayırdılar. İndi qonşu qonşunu tanımır, binanın uşaqları maşınların, qarajların əlindən həyətə çıxa bilmirlər.

Küçələrdəki yaşıllıqlar da  elə bil heç kəsi maraqlandırmır. Bir neçə mərkəzi küçəni görk üçün səliqə-sahmanlı edirlər ki, gələn qonaqlar Bakıdan məmnun qayıtsınlar, bizim haqqımızda pis fikirdə olmasınlar. O gün dedilər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı Yaşıllaşdırma və Abadlıq İdarəsini 5 ağacın qırılmasına görə 42 min manat cərimə edib. Elə bil indi ayılıblar.

– Sən də ağ eləmə. Gör son illər Bakıda, onun ətrafındakı boş sahələrdə nə qədər ağac əkilib, yeni bağlar salınıb. İndi də odur, illərlə çirkab yığını olan Böyükşor gölü təmizlənir, ətrafında böyük istirahət parkı salınır… Bəyəm bu, yaşıllığa qayğı deyil?

– A kişi, mən sən deyənləri inkar eləmirəm ki. Bəs bu küçələrdəki ağaclar niyə unudulur? Axı o ağaclar da bizim kimi canlıdır. Olmazmı ki, heç olmasa, ayda bir dəfə də olsa həmin ağaclar da suvarılsın? Demək, əksər küçə və meydanlarda, həyətlərdə yaşıllıqların suvarılması ya bilərəkdən unudulub, ya da müvafiq qurumların işçiləri bunu vacib iş saymırlar. Yaxşı, ağacın kəsilməsinə görə kimisə cərimə edirlər, çox yaxşı. Mənə qalsa, o cəriməni daha da sərtləşdirərəm. Qiymətli ağacları kəsənləri lap cinayət məsuliyyətinə cəlb edərəm.

–  Düz deyirsən, müəllim. Açıq deyək, nədənsə bizim əhalinin çoxu park və küçələrdəki ağaclara çox laqeyd baxırlar. Amma öz bağlarındakı hər bir ağaca xüsusi qayğı göstərirlər. Məgər küçə və parklardakı ağaclar bizim sağlamlığımıza xidmət eləmir? Unutmayaq ki, ağaclar səssiz-sədasız işləyən təmizlik məmurları kimidir. Ən keyfiyyətli elektrik tozsoranı belə, işləyərkən səs çıxarır, ancaq ağaclar havanı heç bir səs çıxarmadan təmizləyir. Ağaclar olmasaydı, yaşadığımız dünya toz içində itib-batardı.  Ağaclar eyni zamanda iqlim tənzimləyiciləridir. Hesablamalara görə, hazırda havanın 50 faizi meşələr tərəfindən təmizlənir və dezinfeksiya olunur. Ağaclar heyvanlar, quşlar və həşəratlar üçün qida ilə zəngindir və təbii su mənbəyidir. Ağacların qırılması təbii su mənbəyi olan bulaqların və çayların da qurumasına səbəb olur. Əgər biz yaşıllığın qədrini bilməsək, ağacların sayını ilbəil artırmasaq və onları qorumasaq, dünyamız istər-istəməz məhv olacaq. Onda 2880-ci ildə  bir kilometrlik kraterin Yerlə toqquşub-toqquşmayacağı da heç bir əhəmiyyət daşımayacaq.

Səməd Məlikzadə