“Ağ Ev Usama Bin Ladin məsələsində xalqı aldadır”

556
“Pulitzer” mükafatlı məşhur jurnalist Seymor Herş Ağ Ev idarəçilərinin Əl-Qayidə lideri Usama Bin Ladinin ölümü haqqında xalqı aldatdığını iddia edib. 
O, bu barədə “London Review of Books” jurnalında dərc etdirdiyi məqaləsində yazıb. S. Herşin sözlərinə görə Bin Ladenin cənazəsinin İslam qaydalarına uyğun dəfn edildiyi və ya dənizə atıldığı barədə iddialar doğru deyil. Adıçəkilən jurnalist bu barədə məlumatı adının açıqlanmasını istəməyən yüksək rütbəli ABŞ kəşfiyyatçısından öyrəndiyini söyləyib. Onun sözlərinə görə, Pakistan kəşfiyatının səlahiyyətli şəxslərindən biri 25 milyon dollar müqabilində Usama Bin Ladenin yeri haqqında məlumatı ABŞ rəhbərlərinə ötürüb: “Bin Ladin 2006-ci ildən etibarən Səudiyyə Ərəbistanının da köməkliyi ilə Pakistan Kəşfiyyat Xidmətinin əsiri olub. Ondan Əl-Qayidəyə qarşı bir kozur olaraq istifadə olunurdu. ABŞ əsgərləri adıçəkilən Əl-Qayidə liderinin öldürüldüyü bölgəyə çatdıqları vaxt Pakistan kəşfiyyatçıları həmin ərazini tərk ediblər. Bu səbəbdən də onlar arasında heç bir atışma olmayıb”. S. Herşin sözlərinə görə, Bin Ladenin bədəni ona açılan atəş nəticəsində parçalanıb: “Onun cəsədi helikopterdən Hindukuş Dağlarına atılıb”.

Məlumat üçün bildirək ki, S. Herş gündəmə Suriyada 21 avqust 2013-cü il tarixində həyata keçirilən kimyəvi silah hücumunun arxasında Türkiyənin olduğunu idda etməsi ilə gəlmişdi. S. Herş sözügedən hücumun Suriya Prezidenti Bəşər Əsəd rejimi tərəfindən deyil, o vaxt Baş Nazir olan Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı və jandarmanın dəstəyi ilə Əl-Nusra Cəbhəsi tərəfindən həyata keçirildiyini iddia etmişdi.