Aftandil Hacıyev: “Gələcəyə hesablanmış komanda qururuq”

477

2013-cü ilin oktyabr ayında “Qarabağ”la anlaşan Borçe Xristov bu klubda həm koordinator, həm də əvəzedici komandanın baş məşqçisi vəsifəsini icra edirdi. Bundan əvvəl isə Borçe, “Bakı” klubunda həmyerlisi Qoyko Hacıyevskinin köməkçisi vəzifəsindədə çalışmışdı. 2015-ci ilin yanvar ayının ortalarında Ağdam klubundan ayrılan makedoniyalı baş məşqçi hələ bir neçə ay istirahət edəcəyini bildirdi. Klubdakı fəaliyyəti barədə danışan Borçe Xristov arxada qalan müddəti “Qarabağ” adına irəliləyiş kimi dəyərləndirib: “Əvəzedici heyəti gəncləşdirdik və komandanı 16, 17, 18 yaşlı futbolçulardan qurduq. Gənc komanda ilə əvəzedicilərin çempionatında yaxşı oyunumuzla diqqət çəkdik. Bilirsiz ki, Qurban Qurbanov gənclərlə işləməyi sevən mütəxəssisdir. Bu baxımdan hər zaman onun dəstəyini hiss edirdik. Ümumiyyətlə, Qurban Qurbanov “Qarabağ”da uşaq futbolunun inkişaf etməsi üçün də çox çalışır. Əsas komandada işinin çox olmasına rəğmən, aşağı yaş qrupları ilə də yaxından maraqlanır. Antalyadakı toplanışa da əvəzedici heyətdən bir neçə oyunçu apardı. Ümumi götürsək, bu dönəmdə “Qarabağ”la işbirliyimiz yaxşı alındı”.

Borçe Xristovun Ağdam klubundan ayrılmasından sonra onun yerinə köməkçisi Aftandil Hacıyev gətirildi. 2000-2006-cı illərdə Azərbaycan millisinin də şərəfini qoruyan Hacıyevi məşqçilik peşəsində yeni saymaq olar. “Turan”, “Neftçi”, “Qarabağ” kimi klublarda oynamış keçmiş müdafiəçini yeni işi ilə bağlı təbrik etmək və gələcək planlarını öyrənmək üçün onunla əlaqə saxladıq.

– Əvvəlcə səni “Qarabağ” klubunun əvəzedcici komandasına baş məşqçi təyin olunmağın münasibətilə təbrik edirik. Bu təyinatı gözləyirdinmi?

– Çox sağolun. Əslində Borçe Xristovun komandadan ayrılması mənim üçün gözlənilməz oldu. Borçe klubu tərk etdikdən sonra isə onun yerinə köməkçiləridən biri təyin olunmalı idi.  Mən də Borçe Xristovun köməkçilərindən biri idim. Ona görədə bu təyinatı gözləyirdim. Rəhbərliyin kimə ehtimad edəcəyini isə bilmirdim. Amma sizə deyim ki, Borçe klubdan ayrılmazdan əvvəl bu təyinat heç mənim ağlıma belə gəlmirdi.

– “Qarabağ”ın əvəzedicilərdən ibarət komandası 16 oyuna 22 xal toplayaraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşmışdır. Daha çox xal toplamaq üçün sizə nə mane oldu?

– Bilirsiniz keçən ilin yayında bizim komandada böyük dəyişikliklər oldu. Əvəzedicilər arasında ən cavan komanda bizdədir. Komandamızda 16-17 yaşlı futbolçular var. Biz gələcəyə hesablanmış bir komanda qurmaq istəyirik. Duzdur, buna bir az vaxt lazımdır.  “Qarabağ” rəhbərliyi əvəzedci komandaya gənc futbolçuları yetişdirən baza kimi baxır. Onlar nəticəyə çox da önəm vermirlər. Bizim əsas işimiz “Qarabağ”ın əsas komandasına futbolçu verməkdir.

– Sizin “Qarabağ”ın əvəzedici komandasında fəaliyyətiniz dönəmində, əsas komandaya futbolçu verə bilmisinizmi?

– Bəli. Mənim klubda çalışdığım dönəmdə 6 futbolçu əsas komanda ilə birlikdə məşqlərə başlamışdır.  Bu altı futbolçunun hamısını biz əvəzedici komandadan əsas heyətə göndərmişik. Ruslan Hacıyev, Elçin İsmayılov və bombardirimiz Fuad Məmmədzadə bu qış əsas komanda ilə hazırlıqlara qoşuldu. Qeyd edim ki, bu uşaqlar  16 – 19 yaş arasındadırlar. Özlərini yetişdirə bilsələr, onların parlaq gələcəyi var.

– Özünüz də qeyd etdiyiniz kimi, sizin komanda əvəzedicilərin çempionatında ən gənc kollektivdir. Bu uşaqlar özlərindən bir neçə yaş böyüklərlə meydançada qarşılaşdıqda qorxmurlar ki?

– Düz buyurdunuz. Bəzi qarşılaşmalarda mən özüm də bunu hiss edirəm. Amma biz futbolçularımıza aşılamağa çalıçırıq ki, 17-18 yaş heç də balaca yaş deyil. Avropda bu yaşda olan futbolçular artıq peşəkar futbol oynayırlar. Elə götürək Runini. Onun 17 yaşı olanda artıq İngiltərə kimi millinin əsas heyətində çıxış edirdi. Ancaq mən bu uşaqları başa düşürəm. Bu qorxu təbiidir, özlərindən 4-5 yaş böyüklərlə, hətta bəzən əsas komandadan gələn 27-28 yaşlı futbolçulara qarşı oynayırlar. Ancaq mən yenidən xatırladıram ki, biz gələcəyə hesablanmış komanda qururuq.

– Siz daha çox gənc futbolçularla işləyirsiniz. Uşaqlarla işləməyin çətin yönləri hansılardır?

– Uşaqlarla işləməyin ən çətin yönü onların xarakterləridir. Bilirsiniz, biz elə yüniyütməlik yaşlarında olan futbolçularla işləyirik. Onların hərəkətlərində qeyri-peşəkərlıqlar çox olur. Bilirsiniz, bu futbolçular hələ gəncdir, peşəkar kimi düşünə bilmirlər. Məşqlərdə peşəkar oyunçular kimi davranmırlar. Futbolçunun gündəlik həyatı da öz qaydasında olmalıdır. Bura həm qidalanması, həm də sağlam həyat tərzi daxildir. Biz məşqçilər əlimizdən gələni edirik ki, uşaqlar bunu anlasınlar. İnanırsınız, biz futbolçularımıza hər şeydən əvvəl nizam-intizamı öyrətməyə çalışırıq.

– Təlim-məşq toplanışınız harada oldu və necə keçdi?

– Biz komandamızla Bakı şəhərində hazırlıq keçdik. Hazırlığımız dönəmində yoxlama oyunlarında da qüvvəmizi sınadıq. Ümumillikdə, 5 oyun oynadıq. Bu oyunların bəzilərində qələbə qazandıq bəzilərində isə məğlub olduq. 20-25 günlük toplanış çərçivəsində futbolçularımda fiziki artım hiss etdim. Çempionata, tam olmasa da, 70-80 faiz hazırıq.

– Əvəzedicilərin çempionatına maraq varmı?

– Bu dəqiqə əvəzedicilərin çempionatının təşkilatçılığı istənilən səviyyədə deyil. Mən azarkeş və  teleyayım məsələsini deyirəm. Oyunlarımıza mətbuatda və televiziyada yer ayrılmaması futbolçularımıza da mənfi təsir edir. Hesab edirəm ki, əvəzedicilərin çempionatı da yerli KİV-də işıqlandırılmalıdı. Bundan sonra gənclərimizin də həvəsi artacaq, onlar əsas komandaya düşmək üçün can atacaqlar. Gənc futbolçular azarkeş və teleyayım görməyəndə onlara oyunun həyəcanını hiss etdirmək çox çətin olur. Təsəvvür edin ki, bunu görməyən futbolçu birdən-birə əsas komandaya düşür və azarkeş kütləsi qarşısında və kamera çəkimi altında oynamağa çətinlik çəkir. Amma inandırım sizi, əvəzedicilərin çempionatı Birinci Diviziondan heç də geri qalmır. Hətta mən deyərdim ki, bizim çempionat daha üsütündür. Ona görə ki, burada əsas komandadan da bəzən bizə futbolçular gəlir. Bu zaman isə kifayət qədər baxımlı, sürətli və texnikalı oyunların şahidi oluruq.

– Siz daima əsas komandaya futbolçu versirsiniz. Bu zaman isə əvəzedici komandada boşluqlar yaranır. Bu boşluqları necə doldurulur?

– Əsas komanda daima bizimlə maraqlanır. Bunun özü təqdilayiq bir haldır. Qurban müəllim bizim komandanı yaxından izləyir, vaxt tapan kimi gəlib bizim oyunlara baxır. Bildiyiniz kimi, “Qarabağ” hər zaman yerli futbolçulara daha çox üstünlük verib. Rəhbərlik və məşqçilər korpusu daima axtarışdadır. Biz də var gücümüzlə çalışırıq. Bizim uşaqlraqdan hər hansı biri əsas komandaya düşərsə, bu bizim üçün böyük uğur hesab olunur. Əsas komandaya gedən futbolçuların əvəzinə isə yeni oyunçuları “Qarabağ”ın U-17 və ya U-19 komandasından cəlb edirik. Mən özüm gedib “Qarabağ”ın uşaq futbolundakı futbolçuları izləyirəm və çalışıram ki, ən istedadlı uşaqları əvəzedici komandaya cəlb edim. Ümumiyyətlə, “Qarabağ”ın uşaq futbolunda böyük işlər görülür. Bizim komandada U-10-dan, U-19-a kimi bütün yaş qrupları üzrə komandalarımız var. “Qarabağ”ın növbəti hədəfi isə U-9 komandasını təşkil etməkdir. Bu yöndə də çalışmalar aparılır.

– Hollandiya səfəriniz haqqında? Ən çox yadda qalan nə oldu?

– Gözlədiyimizdən daha maraqlı səfər oldu. Sözün düzü, biz gedəndə belə gözləmirdik. Bir həftəyə biz çoxlu lazımlı informasiya və məlumat öyrəndik. Hollandiya çempionatında çıxış edən üç güclü komandanın oyununu canlı olaraq stadiondan izlədik. Komandaların təlim-məşq bazalarında olduq.  Holladiyada uşaq futbolu ilə bağlı klubların məşq proseslərini izlədik, komandaların ümumi infrastrukturu ilə tanış olduq. Futbolçuların gündəlik iş rejimini izlədik. Klublarda çalışan məşqçilərlə dialoqlarımız oldu. Hesab edirəm ki, bu səfər bizim məşqçilik karyeramız üçün çox faydalı olacaqdır.