AFFA-nın “vnimatel”liliyi və “vnimatel”sizliyi

530

Bir neçə gün öncə mətbuat aləmindən xəbər tutdum ki, bəs Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun müddət “Neftçi” komandasında çıxış etmiş, bu komandanın heyətində 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmış Yaşar Babayevin 75 yaşı tamam olub. Bu münasibətlə AFFA-nın rəsmiləri Yaşar müəllimi cani-dildən təbrik ediblər (Gec də olsa mən də veteran futbolçumuzu təbrik edir, ona cansağlığı arzu edirəm). Təbii ki, AFFA-nın bu addımı təqdirəlayiqdir. Elə bu səbəbdən onları alqışlayıram (Ümumiyyətlə, hər bir yaxşı işi təqdir etmək məndə adətdir). Yəqin ki, Yaşar müəllim də bu diqqətə görə onlara ürək sözlərini söyləyib.

AFFA rəsmilərinin yubilyara nələr hədiyyə etdiklərini tam deyə bilmərəm. Amma həmin tədbirdən çəkilmiş və mənim diqqətimi cəlb edən bir fotoya istinadən deyə bilərəm ki, yubilyara, idmançıların təbirincə desək, bir “futbolka” da (çox mübarək!) verilib. Bu hədiyyəyə Yaşar müəllimin “Sağlığına qismət” deyib keçirəm öz düşüncələrimə, daha doğrsu, elə həmin “futbolka”ya… Elə bilməyin ki, həmin futbolkaya gözüm düşüb, əsla, belə bir şey yoxdur (Mənim gözüm hər şeyə düşməz). Həmin futbolkadan gözümə düşən tam başqa bir şeydir. Yəqin deyəcəksiniz, həmin şey nədir? Odur ki, elə bu yerdə dediklərimə nöqtə qoyub keçirəm gözümə dəyən həmin şeyə. Sözün düzü, həmin fotoya çox diqqətlə baxanda “futbolka”nın üzərində yazılmış “Babayev. Y 75”, (şəkildə “Y” hərfindən sonra hansı işarənin qoyulduğu görünmür) bir qədər açıq desəm, yubilyarın soyadından sonra qoyulmuş durğu işarəsi, məni dərin fikirlərə qərq etdi. Çünki ilk dəfə idi ki, belə bir şeyə rast gəlirdim. Odur ki, “axı nə vaxtdan bəri Azərbaycan dilində bir şəxsin soyadından sonra durğu işarəsi (oxu: nöqtə) və sonra adın baş hərfinin yazılması haqqında qayda qəbul olunub?” sualını beynimdə fırlada-fırlada dilçiliyimizlə bağlı bütün kitablarımı qarşıma töküb, başladım axtarışa. Amma axtarışlarım heç bir səmərə vermədi.

Burada bu məsələni yarımçıq qoyub keçirəm, daha bir vacib məsələyə. Nədənsə bizim futbol aləminin yazarları həmin “futbolka”nın “Y. Babayev 75” yazılmış şəklində yubilyara təqdim olunmasını qeyd edirlər. Ay bu xəbəri yazan həmkarlarım, barı heç olmasa adi bir xəbəri yazanda diqqətli olun da… Axı yazdığınız yazıdakı “Y. Babayev 75”lə yazının yanında yerləşdirdiyiniz fotodakı “Babayev. Y 75” heç uyğun gəlmir… Olmaya siz bununla AFFA-ya olan məhəbbətinizi izhar etmək istəmisiniz? Bu qurumun nümayəndələrinin səhvlərini ört-basdır etməyə çalışmısınız? Yaxud da qorxmusunuz ki, əgər həqiqəti yazsanız, AFFA sizin adınızı milli komandamızla birgə bu və ya digər ölkəyə səfər edəcək jurnalistlərin siyahısına salmayacaq? Amma unutmayın ki, dilə hörmət belə səfərlərdən min qat şərəflidir.

Hə, onu deyirdim axı. Mənim fikrimcə, bizim futbolda nöqtə olduqca həssas məsələdir. Elə bu səbəbdən həmişə komandalarımız uduzandan sonra onların baş məşqçilərinin söylədikləri “Son nöqtəni qoya bilmədik” sözlərini eşidirik. Sən demə, nöqtə qoya bilməmək, ümumiyyətlə, bütün AFFA-ya şamil imiş.

Yazımın bu yerində “Uşaqlığın son gecəsi” filmində qəhrəmanlardan birinin dilindən səslənən bir cümlə yadıma düşdü: “Məsələ sosiskada deyil e, adam gərək “vnimatelnı” olsun”. Yəni onu demək istəyirəm ki, bəlkə də Yaşar müəllim həmin nöqtənin harada qoyulmasına əsla fikir verməyib. O onsuz da futbol aləmində son nöqtəsini yerində məharətlə qoya bilib.

Hər halda, mən desəm də, deməsəm də belə bir tədbirin keçirilməsi AFFA-nın futbol veteranlarına qarşı “vnimatelni” olmasının göstəricisidir. Buna görə də onların nöqtə günahından keçmək olar?

P.S. Bu yazıda son nöqtənin yerinə özüm də bilmədən sual işarəsi düşdü. Görünür, mən də son nöqtəni qoya bimirəm.