AFFA-nı cəzb edən Lippertin hansı xidmətləridir?

532

Əvvəl aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin belə bir reallığa bənzəyən bəhanəsi vardı: Milli üzvləri klubda oynamırlar. Millinin  bütün uğursuzluqları da bununla bağlıdır. Bəli, razılaşmalı və kifayət qədər dəlil-sübuta söykənən məqam idi. Əgər  mən klubumda oynamıramsa, o zaman millidə nə edə bilərəm? Əlbəttə ki, heç nə… Maksimum meydançaya çıxıb, 50 dəqiqə mübarizə aparararam, 30 dəqiqə yola verərəm, 10 dəqiqə də vaxt uzadaram. Başqa nəsə etmək çətindir. Amma  U-21 millimizin Norveçə qarşı son oyununda heyətdə Andrey Popoviç, Elvin Yunuszadə, Məqsəd İsayev, Tərlan Quliyev, Qara Qarayev, Abdulla Abatsiyev, İlter Taşkın, Ağabala Ramazanov, Rəşad Eyyubov, Samir Məsimov, Ruslan Tağızadə yer almışdılar.

Bəli, adlar yəqin ki. sizə tanış gəldi. Bu futbolçulardan Tərlan Quliyev, Ağabala Ramazanovu çıxmaq şərti ilə digər futbolçular mütəmadi olaraq, əsas heyətdə çıxış edirlər. Yəni böyük əksəriyyətinin Premyer Liqa təcrübəsi var, amma baş məşqçi Bernard Lippert onlardan yararlana bilmədi.

Hər futbolçunun

sadəcə bir mövqeyi var

Mənə görə universal futbolçu anlayışı olsa da, hər futbolçunun sadəcə bir mövqeyi var və özünü məhz bu mövqedə rahat hiss edir. Misal üçün kim nə deyir desin, mənə görə Ruslan Abışov mərkəz müdafiəçisidir, dayaq yarımmüdafiəçisi deyil. Onun dayaqda oynaması həm heyətə, həm də futbolçuya vurulan zərbədir.

Həmin zərbə baş məşqçi  Bernard Lippertin əli ilə olimpiya yığmamıza da vuruldu. Ruslan Tağızadəni sol cinah müdafiəçisi kimi oynadan Lippert bununla da 10 nəfər qalmağımıza sərəncam vermişdi. Ruslan özünə yad mövqedə sadəcə gəzişirdi, heç nə etmirdi. Bundan başqa, meydançanın ən vacib yerlərindən olan oyun qurucusu mövqeyində İlter Taşkına şans verən və onu faciəvi çıxışınına rəğmən 90 dəqiqə meydançada saxlayan Bernard Lippert öz məşqçiliyinə yenə şübhə yaratdı.

Ağabala Ramazanovun yarımmüdafiənin solunda, Rəşad Eyyubovun isə sırf hücumçu kimi  oynaması belə bir təsəvvür yaradır ki, Bernard Lippert ömrü boyu Premyer Liqa oyununa baxmayıb. Rəhman Hacıyevin nə start heyətinə, nə də əvəzetmədən oyuna daxil olmaması onu göstərdi ki, bu məşqçinin oyunçu seçimi, yekun qərar baxımında problemi var.

Getməlidir!

Bəzən, insan yorulur, bezir, həvəsdən düşür, getmək istəyir, amma qarşısında elə bir adam olur ki, ondan keçə bilmir, davam etməyə qərar verir. Biz bunu hərbçilərin dünya  çempionatında gördük.

Çox bərbad şəraitə baxmayaraq, futbolçular məhz Nazim Süleymanov amilinə görə millinin düşərgəsini tərk etmədilər, ona görə oynadılar və bunu etiraf etdilər.

Bernard Lippertdə belə bir göstərici varmı ki, futbolçular ona görə oyunda canlarını qoysunlar? Artıq uzun illərdir ki, milli komandanı çalışdıran Lippert əlahiddə heç nə ilə yadda qalmayıb. Bəli, məhz Lippertin başçılıq etdiyi millimizin üzvləri gələcəkdə əsas yığmada oynamağa hazır deyillər. Bunu hamı başa düşür, bilir, tək AFFA-dan başqa. Lippert hansı xidmətlərinə görə həm federasiyanın texniki direktoru, həm də olimpiya yığmasının baş məşqçisidir?

Bu barədə düşünmək lazımdır!

Kimlər vardı?

21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının “Bayıl Arena”da Norveçə qarşı keçirilən faciəvi oyununu xeyli sayda futbol mütəxəssisi izləyib.

“Çempion”un arenada olan əməkdaşının müşahidəsinə əsasən 20-dən çox veteran, eləcə də futbol adamı matça tamaşa edib. Başda AFFA-nın baş katibi Elxan Məmmədov olmaqla, Pro kursunun iştirakçıları Novruz Əzimov, Böyükağa Hacıyev, Fatih Kavlak, Tərlan Əhmədov, Bəhmən Həsənov, Aslan Kərimov, “Sumqayıt”ın prezidenti Kamran Quliyev, milli komandamızın sabiq baş məşqçisi Ağasəlim Mircavadov, veteran yarımmüdafiəçi Mahmud Qurbanov, “Simurq”un icraçı direktoru Vaqif Əliyev, “Qəbələ”nin məşqçisi Azər Bağırov, futbolçular Tural Nərimanov, Hüseyn Axundov, Novruz Məmmədov, Eşqin Quliyev, Rəşad Sadıqov, Nicat Qurbanov, Orxan Əliyev, Şəhriyar Əliyev oyuna məhz stadiondan tamaşa ediblər.

Sonda əlavə edək ki, qarşılaşma Norveçin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

ELGİZ ABBASOV