Adları bulaq ilə əbədiləşdirildi

146

 

Oğuz rayonunda 44 günlük vətən müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə ucalan 25 şəhidin adı bulaq ilə əbədiləşib. Rayonda onların adına ucalan xatirə bulağının açılış mərasimi olub. Açılış mərasimindən öncə şəhidlər xiyabanı ziyarət olunub. Daha sonra rayonda şəhid ailələrinin vəsaiti hesabına başa gələn xatirə bulağının aşılışı olub. Bulağın açılışında Oğuz rayon İcra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və məktəblilər iştirak ediblər. Bu gün Oğuzun 44 günlük Vətən müharibəsinin ilk şəhidi Paşayev Məhəbbət Vaqif oğlunun da 23 yaşı tamam olurdu. Qeyd edək ki, bulağın ərsəyə gəlməsində ən çox əziyyəti olan şəhid ataları  – Vaqif Paşayev və Elburus kişi  olub.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olan Məhəbbət Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərində savaşıb. Məhəbbət Paşayev Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. O,  Oğuz Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Mərasimdə çıxış edən Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov əvvəlcə bulağın açılışını edib daha sonra çıxışında bütün şəhidlərin qarşısında baş əydiklərini bildirib. Başçı şəhidlərin valideynlərinə üzünü tutaraq otuz ilə yaxın işğal altında olan torpaqlarımızın ordumuzun gücü, xalqımızın Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi sayəsində azad edildiyini deyib: ”Bu yolda şəhidlər verdik. Onların qəhrəmanlığı xalqımıza qələbə sevinci yaşatdı. İllərlə həsrətində olduğumuz doğma yurdlara  qovuşduq. Bu, xalqımızın ən yeni, şanlı, şərəfli tarixidir. Bu tarixi qanları ilə yazan şəhidlər hər birimiz üçün çox əziz və müqəddəsdir. Şəhidlərin unudulmaz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq”. Başçı  qeyd edib ki, bu bulağın ərsəyə gəlməsində Vaqif və Elburusun əziyyətləri çox olub. Başçı əziyyəti keçən hər kəsə minnətdarlıq bildirib.

Mərasimdə iştirak edən şəhid  Məhəbbət Paşayevin atası Vaqif Paşayev bildirib ki, oğlunun arzuları çox idi. Yaşasaydı bu gün 23 yaşını qeyd edəcəkdilər. Evin tək oğul övladı idi.  Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məhəbbət Paşayev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, ”Vətən uğrunda”, ”Laçının azad olunmasına görə” medalları ilə  təltif edilib. Onu da qeyd edək ki, Mingəçevirdən olan iki şəhidin Cüməzadə Təbriz İldırım oğlunun və şəhid Emin Rüstəmzadə Firqət oğlunun da adları Oğuz şəhidləri ilə birgə əbədiləşib. Açılış mərasimində şəhid Təbriz Cüməzadənin valideynləri də iştirak edib. Oğuzlu məktəblilərin   ifasında şəhidlərə həsr olunmuş şeirlər ifa olunub.

Oğuz rayonunda yaşayan  8 yaşlı Kərimzadə Fateh Anar oğlu  şəhid Təbriz Cüməzadənin keçdiyi döyüş yolu haqqında danışır, məktəb yoldaşları ilə birgə şəhidin xatirəsini yaşadırlar. Fateh deyir ki, böyüyüb Təbriz kimi vətəninə, millətinə xidmət edəcək. Çünki Təbriz nəinki Mingəçevirin hətta Oğuz gənclərinin də sevgisini qazanıb.

Esmira Hidayətova, Oğuz