Adın müqəddəsdir sənin, ey qadın…

443

Qadın… Allahın dünyaya bir nemət olaraq bəxş etdiyi bu ecazkar varlıq haqqında çox deyilib və yazılıb. Təsadüfi deyildir ki, “qayğı”, “nəvaziş”, “incəlik”, “gözəllik” və “səliqə-sahman” kimi sözlər “qadın” sözü ilə yanaşı işlədilərkən həmin sözlərin ifadə etdikləri mənalar ən yüksək çalarları əhatə edir.

8 Mart dünyanın qadınlar qarşısında baş əydiyi gündür. Bu gün güclü cinsin nümayəndələri ətrafındakı zərif cinsin daşıyıcılarına diqqət, qayğı və sevgilərini nümayiş etdirirlər. Qadınları gül-çiçək, müxtəlif hədiyyələr, həmçinin gözəl sözlər və şeirlərlə mükafatlandırırlar.

8 Mart ölkəmizdə həm də Novruz bayramından əvvəl qeyd olunan yaz bayramıdır. Məhz bu bahar günündə yaşından asılı olmayaraq bütün qadınlar özlərini hamıdan xoşbəxt, gözəl və ən əsası arzulanan xanım kimi hiss edirlər.

Türk etnoslarında, Azərbaycan-Oğuz ellərində qadın, ana müqəddəs sayılıb, ona böyük ehtiram göstərilib. Tarixən məmləkətimizdə Ana haqqı Tanrı haqqına bərabər tutulub. Azərbaycan qadını qəhrəmanlıq göstərib, hökmranlıq edib və diplomat kimi fəaliyyət göstərib. Qadınlarımıza, onların əməyinə, uğurlarına, qəhrəmanlıqlarına, gözəllik və şəfqətinə şeirlər yazılıb, mahnılar qoşulub.

Hələ ötən əsrin əvvəllərində qadınların oyanması, maariflənməsi və mədəniyyətə qovuşmasına yüksək qiymət verən böyük mesenat Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə Şərq dünyasında ilk müsəlman qız məktəbini açıb. Yazıb-oxuya bilməyən, lakin proqressiv fikirli milyonçu deyirdi ki, “kişi təhsil alarsa, o, sadəcə, təhsilli, dünyagörüşlü insan olacaq. Təhsilli qadın isə savadlı insan olmaqla yanaşı, elmli, dünyagörüşlü anadır. Bizim ölkəmizin belə təhsilli qadınlara ehtiyacı böyükdür, çünki qadınlar, analar nə qədər təhsilli olsalar, bu, bir o qədər elmli, savadlı gəncliyin yetişməsi deməkdir”.

Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə hətta Avropanın inkişaf etmiş ölkələrindən xeyli əvvəl seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlayıblar. Sürətlə maariflənən qadınlarımız yüzillərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olublar. Görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi Azərbaycan xanımları dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Dövrümüzdə Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib və zərif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya aləmində, iş dünyasında, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sferalarda öz sözünü deməkdədir. Bunun ən mühüm səbəblərindən biri Azərbaycanın milli-mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam kimi dövlət tərəfindən həyata keçirilən uğurlu qadın, gender siyasətidir. Müstəqil Azərbaycanın yeni tarixində bu siyasətin banisi ümummilli lider Heydər Əliyev olub. Ümumiyyətlə, Ulu Öndər fəaliyyətində qadın hüquqlarının təminatı, onların üzləşdişdikləri problemlərin həllində daim prinsipial mövqe nümayiş etdirib, ictimaiyyətin də bu istiqamətdə səfərbər olması məqsədilə əməli addımlar atıb. Cəmiyyətdə qadınların roluna yüksək qiymət verən dahi lider qeyd edirdi: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.

1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyaya qoşulub. 1998-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Sonradan Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə bu komitənin bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata vəsiqə alıb və bu qurum hazırda uğurla fəaliyyət göstərir. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. Bu gün Azərbaycanda səhiyyə sistemində çalışanların 70, təhsil işçilərinin isə 69 faizi qadınlardır.

Qadınlarımızın ictimai-siyasi həyatda fəallığının yüksəlməsində, respublikamızın dinamik inkişafının təmin edilməsində, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etmələrində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti misilsizdir. Heydər Əliyev Fonduna uğurla rəhbərlik edən, ölkənin ictimai-siyasi həyatında xüsusi fəaliyyəti ilə seçilən, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri adlarını ləyaqətlə daşıyan, təkcə statusuna görə deyil, real əməli ilə də ölkəmizin birinci xanımı olduğunu sübuta yetirən Mehriban Əliyeva müasir Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə layiqincə təcəssüm etdirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da fərqli mədəniyyətlər arasında dialoqun qurulmasında, xaricdəki Azərbaycan gənclərinin təşkilatlanmasında, ölkəmizin dünyada təbliğində, “Xocalıya ədalət!” kimi vacib bir kampaniyanın həyata keçirilməsində, eləcə də bu qəbildən olan digər mühüm tədbirlərin reallaşmasında mühüm xidmətlərin müəllifi kimi çıxış edir.

Beynəlxalq Qadınlar Günü münasibətilə Prezident İlham Əliyevin Azərbaycan xanımlarına ünvanladığı təbrikdə deyilir: “Milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidmətləri var. Tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsızlmaz mənəvi dayağına çevrilmişlər… Əminəm ki, siz Azərbaycan xanımları ailə dəyərlərimizin bundan sonra da layiqincə yaşadılmasına çalışacaq, gənc nəslin Vətənə, torpağa məhəbbət, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyəsinə böyük diqqət yetirəcək, ölkəmizin davamlı yüksəlişi naminə töhfələrinizi əsirgəməyəcəksiniz”.

Dövlət müstəqilliyimizin bərpasından sonra ötən 27 il ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib. Azərbaycan qadınları elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandıqları uğurlarla nüfuzlarını ilbəil artırmağa müvəffəq olub. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində də qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Ölkəmizdəki sabitlik və demokratik mühit qarşıdakı illərdə də qadınlara öz fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirə bilmələri üçün bütün lazımi şəraiti təmin edir.

Bayramınız mübarək, əziz qadınlar!

Cavid Əkbərov,