Adımız ABŞ-la qoşa çəkilsin

İndi hər bir idman qəzetini əlimizə alıb oxuyanda görürük ki, başdan axıra kimi çığırırlar: “Ey biçarə azarkeş, qəflət yuxusundan ayıl, futbolda qeyir-millətlər kimi tərəqqe et”. Zənnimcə, indi elə bir kəs yoxdur ki, bu sözləri eşitməmiş olsun.

Bəli, qəzetlər belə yazırlar. Bu sözləri oxuyanlar da bir-birinə baxıb öz-özlərinə deyirlər: “Bəh, bəh, nə gözəl yazıblar!” Yazanlar da, üstəlik, bu barədə danışanlar da həmin məsələdə AFFA-nı qınayırlar. Yəni bu qurumu elədən elə, belədən belə çırpırlar. Amma nədənsə bu biçarələr bir adi həqiqəti dərk etmirlər ki, AFFA-nı soldan sağa oxuyanda da AFFA olur, sağdan sola oxuyunda da…

Amma mənə qalsa, deyirəm ki, onların bu sözləri bir çürük qoza belə dəyməz. Ondan ötrü ki, bir şəxs bir söz danışanda lazımdır ki, o sözü bəyan etsin, açsın, o sözə isbat və dəlil gətirsin, yoxsa boş-boş danışmağa nə var ki? Mirzə Cəlil demişkən, onu cicim də bacarar.

Bəli, ağzıqəşənglər buyururlar ki, ey biçarə azarkeş, qəflət yuxusundan oyan. Çox gözəl, elə burada lazım deyilmi ki, mətləbi açmaq və bir az açıq danışmaq? Necə yəni qəflət yuxusu? Məgər bizim azarkeşlər qəflət yuxusundadırlar? Nə eləyib bizim azarkeşlər ki, qəflət yuxusunda olsunlar? Yəni bizim azarkeşlər o günə qalıb ki, ermənilərdən əskik olsunlar. Mənə qalsa deyərəm ki, qəflət yuxusundan danışmaq və “futbolda özgə millətlər kimi tərəqqe et” mesajını vermək tamamilə yanlışdır. Hətta deyirəm ki, bu camaatı nəyə isə təhrikdən başqa bir şey deyil. Bir də başa düşə bilmirəm ki, onlar bicarə azarkeşin qəflət yuxusunda olmasını haradan bilirlər? İndi elə bir zəmanədir ki, adamın gözünə yuxu belə getmir. Adam yatanda da səhər gündəlik tələbatını ödəyəcək məhsulların pulunu necə qazanacağını düşünür. Məgər buna yatmaq demək olar? Bunlar isə qəflət yuxusundan danışırlar.

Hə, yazırlar, üstəlik deyirlər ki, futbolu olmayan Koreya indi azarkeşlərinə sevinc bəxş edir. Halbuki bizdə futbola milyonlar xərclənir, amma bir babat milli komanda ərsəyə gətirib ortaya çıxara bilmirik. Amma mənə elə gəlir ki, bu sözlərin yarısı doğrudur. Güman edirəm ki, AFFA əhli də bunu təsdiq edər. Bəli, bu gün AFFA-nın büdcəsi torpaqlarımızın iyirmi faizini işğal etmiş Ermənistanın dövlət büdcəsi ilə müqayisə edilir. Bunu da həmin qurumun rəsmiləri təsdiq edirlər. Amma onlar nəticə verə bilirlər, biz isə yox… Bunun səbəbi hər kəsə aydındır da… Aclıqda insan daha çox irəliləyir. Amma bizim toxluğumuz buna mane olur. Amma nəticə yoxdur demək düzgün deyil axı. Bu ən azı insafsızlıqdır. Bu qədər infrastruktur işləri aparılır, klub çempionatları da yaxşı keçirilir. Bəli, bu gün bu sahəyə milyonlar xərclənir, bu sahəni dirçəltmək məqsədilə xaricdən adlı-sanlı məşqçilər gətirilir. Onlar üçün hər cür şərait yaradılır… Di gəl, futbolumuz yerindən tərpənmir ki, tərpənmir. Nədən? Çünki hamı yaxşı bilir ki, səhrada gül yetişdirmək heç də asan bir iş deyil. Bunun üçün bu yola səpələməyə hələ çox milyonlar lazımdır.

Bəli, sözümüz burada deyil, sözümüz buradadır ki, biz hələ də bu sahədə öz sözümüzü deyə bilməmişik. “Buna nə ad vermək olar?” sualı da heç mənim işim deyil. Çünki mən Dədə Qorqudluq etməyi bacarmıram. Amma o kişi sağ olsaydı, mənə belə gəlir ki, futbolumuza pulbol adı verərdi.

Deyirlər ki, dala qalmışıq, tərəqqe edək ki, mədəni millətlər cərgəsinə daxil olaq. Pəh-pəh! Maşallah, gözəl sözlərə. Yəni hansı millətlərin cərgəsinə qoşulaq? Kimdir o mədəni millətlər: Almaniya, Fransa, Hollandiya, Rusiya, İtaliya…? Amma bir kimsə demir ki, dünyaya bütün sahələr üzrə meydan sulayan ABŞ heç belə bir həyəcan təbili çatmır. Halbuki onların futbolu bizim futboldan qat-qat pis durumdadır. Amma heç kim bu məsələdə onların ali futbol qurumunu belə topa tutmur. Görünür, onlar hər bostana daş atmaqla kifayətlənirlər, topa, yəqin ki, heyifləri gəlir. Biz isə futbolumuzu da topa tuturuq. Bu, təbii ki, bizim bir daha imkanlı olmağımızdan xəbər verir.

Buna görə bu qədər haray salmağa dəyərmi? Qoy heç olmasa bu məsələdə adımız ABŞ-la qoşa çəkilsin də… Amma nədənsə bu barədə heç bir yazar yazmaq istəmir. Nədən? Çünki qorxurlar ki, ABŞ onları, sözün həqiqi mənasında, topa tutar. Odur ki, bizim bəzi yazarlar da AFFA-nı topa tutmaqla məzələnirlər.

QVAMİ MƏHƏBBƏTOĞLU