Adi taxta parçalarına həyat verən mayor

0
673

Ömrünün 30 ilini sovet dönəmində Rusiyada, ölkəmiz müstəqillik əldə etdikdən sonra isə Azərbaycanın bir sıra rayonlarının hüquq mühafizə orqanlarında çalışan və xidməti vəzifəsini polis mayoru rütbəsi ilə başa vuran şair Bəhman Gülövşəlinin dekorativ tətbiqi sənət növü üzrə  60-a yaxın sənət əsəri görənləri təəccübləndirir.

Yevlax rayonunun Gülövşə kəndində dünyaya göz açan Bəhman Gülövşəli təkcə dövrü mətbuatda qələmə aldığı çeşidli mövzuları və işıq üzü görən iki kitabı ilə  tanınmır. Onun hazırladığı əl işləri da böyük maraq kəsb edir. Belə ki, Bəhman Gülövşəlinin adi taxta parçalarından ərsəyə gətirdiyi müxtəlif əşyalar (nərtaxta, qaval,tar, kamança, qılınc, Qız qalası, nəhrə, tut ağacı, saz, əsa, nar, şahın taxtı, Dövlət rəmzilərimiz v s.) görənləri heyrətləndirir desək, yanılmarıq.

Sənətkar deyir ki, bu əl işlərinin hər biri ona övladı kimi əzizdir. Amma onların arasında ən çox dəyər verdiyi qavaldır. Qeyd edək ki, qavalın üst hissəsində Azərbaycan muğamlarının adları həkk olunub. Qavalın içəri hissəsində isə Azərbaycan muğamının inkişafında əvəzsiz xidmətləri olan 43 sənətkarın şəkilləri həkk edilib.

Bəhman müəllimin əl işlərini almaq istəyənlər çox olub. Amma o, həmin əl işlərinin heç birindən ayrılmaq fikrində deyil. Bununla bağli ünvanladığımız suala o belə cavab verdi: “Hər bir əsərimində mənim alın tərim var. Digər tərəfdən, onların hər birində mənim xatirələrim yaşayır. Həmin xatirələrdən ayrılmaq isə mənə olduqca çətin gəlir”.

Kənd yerində boya-başa çatdığını vurğulayan Bəhman müəllim bəzi qədim sənət növlərimizin, eləcə də adət-ənənlərimizin unudulmaqda olduğunu təəssüflə bildirdi: “Odur ki mən unudulan mətbəx əşyalarını hazırlayaraq indiki və gələcək nəsilə tanıtmağa çalışıram. Özüm də bu istiqamətdə daim axtarışdayam. İnandırım sizi, yerdən  tapdığım kiçik taxta parçasını belə dəyərləndirirəm”.

Bəhman müəllim bizimlə söhbətində bu sənətə olan olan marağının tükənməz olduğunu dilə gətirdi: “Artıq 63 yaşımı haqlamışam. Fikrimcə, insan yaşa dolduqca hansısa bir maraqlı işlə məşğul olmalıdır. Mənə gəldikdə isə… Sözün düzü, heç ağlıma da gəlməzdi ki, uzun müddət sistemdə çalışdıqdan sonra bu kimi işlərlə məşğul olacağam. Sən demə, Allahın köməyi ilə hər şey insanın özündən asılı imiş  

Müsahibimiz bir arzusunu da dilə gəridir. Dedi ki, doğulduğu Gülövşə kəndi haqqında kitab yazmaq fikirindədir. Bu işdə ona uğurlar arzulayırıq.

Qeyd edək ki, Azərbaycan Yazılar Birlinin üzvü Bəhman Gülövşəli həm də ”Bənövşə”jurnalının redaktorudur. 2008-ci ilin iyun ayından başlayaraq rübdə bir dəfə nəşr olunan bu dərgi Mingəçevir ədəbi mühitini öz ətrafına cəmləyib.

Esmira Hidayətova