Adı nə olur olsun…

527
“Qumar” deyəndə çoxlarının ağlına ancaq kartla pul udmaq və ya uduzmaq gəlir. Bu məfhum əslində çox geniş sahələri əhatə edər. Telekanallarımız, demək olar ki, hər gün qumarın müxtəlif növlərini təbliğ edir, insanımız da qumarla bir şey udub, hansısa problemini həll etmək haqda düşünür.
Bütün lotereya oyunları dinimizə görə haramdır. Bunu Allah-Təala Qurani-Kərimda bildirir:

Ey iman edənlər! Şərab, qumar, tikili daşlar (bütlər) və şans oxları hər birisi şeytan əməli, pisliklərdir. Onlardan uzaq durun ki, qurtuluşa yetişə biləsiniz (Maidə surəsi-90).

İslam dini ortaya mal və ya pul qoyaraq oynanılan bütün şans oyunlarını haram buyurub. Bu oyunlara qatılmaq da haramdır, oradan udulan mal da, pul da.

Qəribədir, əslində qəribədən daha çox, ağrıdıcı, üzücü gerçəkdir ki, tanınmış adamlarımız bilərəkdən, ya bilməyərəkdən bu haramlara alət olurlar. Əgər şübhə edən varsa, gedib inandığı mollalardan, axundlardan, hacılardan, xocalardan soruşsunlar. Allahdan qorxan, dinimizdən başı çıxan bir nəfər də o lotereya oyunlarına haqq qazandırmaz.

Bəzi məşhurlarımız, az qala, hər gün efirdə loto oynadır, baraban fırladır, oradan şar çıxarır, yəni millətə qumar oynadır. Əminəm ki, beləsinə “Sən haram işlə məşğulsan, millətin əxlaqını pozursan”- desən, təəccüblənər, seyid, molla nəslindən olduğunu iddia edər, hələ, üstəlik, onu da deyər ki, millətə pul qazandırmaqdan başqa nə qəbahəti var ki?..

Lotoya, lotereyaya, at yarışlarına, idman yarışlarına uduş məqsədilə pul qoymaq qumardır. Yəni lotereya bileti almaq üçün pul verməyimiz günahdır. Kimsə durub deməsin ki, “mal da, pul da mənimdir, istədiyimi kimi xərcləyərəm, qumar da oynayaram”.  Belə düşünən və danışan o qədər insan ömrünü aclıq və səfalət içində başa vurub ki, saymaqla qurtarmaz. Malın da, mülkün də, hər şeyin sahibi Allahdır və birinə verib, o cür sınağa çəkir, birini də kasıblıqla, ehtiyacla imtahan edir. Biz sahib deyilik, əmanətçiyik və əmanətə qarşı necə davranırıqsa, ona uyğun da davranış görəcəyik.

Hələ İslamiyyətə qədər də ərəblər arasında bu cür qumar növləri geniş yayılmışdı, dinimiz hamısını yasaqladı. Məsələn, ərəblər oxların uc tərəfinə müəyyən məbləği bildirən işarələr qoyur, sonra da hərəyə bir ox çəkirdilər. Kim hansı məbləği çıxarırdısa, onu da udmuş olurdu. Və ya insanlar arasında bəzən ölümlə nəticənən amansız döyüşlər keçirilirdi. Tamaşaya yığışanlar da onlardan hansının qalib gələcəyilə bağlı mərcə girirdilər. Dinimiz bunları yasaqladı, hamısını haram buyurdu.

Qumarxanalarda, kazinolarda müxtəlif aparatlarla oynanılan oyunların hamısı günahdır, həm də elə bir günah ki, Allah-Təala Qurani-Kərimdə onları şeytan əməli adlandırır və bizi onlardan uzaq durmağa çağırır.

Bu gün ölkəmizin müxtəlif şəhər və rayonlarında, kəndlərimizdə xoruz döyüşdürmək, it boğuşdurmaq kimi dəhşətli mənzərələrə rast gəlmək mümkündür. Bunlar bir tərəfdən, o dilsiz-ağızsız heyvanlara qarşı zülm olduğu kimi, o biri tərəfdən də, qumar olduğu üçün haramdır. Yəni o mənzərəyə haradan baxırsan bax, insanlıqla hər hansı əlaqəsi olmayan işlər, günah içində günah, haram içində haram görəcəksən.

Son illərdə ölkəmizdə istər leqal, istərsə də qeyri-leqal yayılmış qumarın ən geniş yayılmış növü futbol proqnozları yazmaqdır. Bir neçə il əvvəl ölkəsindəki ən məşhur futbol komandalarının adlarını bilməyən soydaşımız bu qumara başlayandan sonra İspaniyanın üçüncü liqasında hansı komandanın hansı komandanı, hansı hesabla udduğunu da öyrənir, üstəlik, bu iş üçün xüsusi dəftər də tutur. Niyə?- Çünki qumar oynayır, ortada pul var, udmaq istəyir.

Qumar həm də bir ehtiras oyunudur, bunun fəsadları təkcə üzdə görünən, udulan və ya uduzulan malla, pulla tamamlanmır. Qumar insanın mənəviyyatını pozur, bir növ onu amansızlaşdırır, sərvət ehtirasını körükləyir. Bu elə bir haramdır ki, ardınca min cür mənəvi xəstəliklər gətirir, faizçilik, yalançılıq, alıb-aldatmaq, yalandan and içmək, ədavət, düşmənçilik, qətl halları törəyir. Nəfsinin istəyilə bu harama qatılan insan bir anda bütün ömrü boyu qazanmış olduğu hər şeyini itirə bilir.

Bəzən uduzan adamın gözü elə qızır ki, heç bir şey düşünmədən ailəsinin sığınacağını, evini belə qumara qoymaqdan belə çəkinmir. Bu cür hadisələr də çox zaman ölüm halları ilə nəticələnir. Hələ daha betərləri də var…

Allah-Təala buyurur ki, insan üçün ancaq öz zəhmətinin, öz əməyinin nəticəsi var. Yəni insan öz əməyinin bəhrəsini yeməyi, başqasının haqqına göz dikməməyi həyatına meyar götürməlidir. Əslində insan fitrətinə uyğun olan da elə budur.

Qumarın bildiyimiz və bilmədiyimiz onlarla, yüzlərlə növü var. Heç şübhəsiz ki, bundan sonra da çeşid-çeşid qumar növləri “kəşf” ediləcək. Amma şəkli necə olursa olsun, o məşhur misalda deyildiyi kimi, xər elə həmin xərdi, amma çulu digərdi. Qumar qumardır, istəyirsiniz adını aşıq-aşıq oyunu qoyun, istəyirsiniz lotereya, istəyirsiniz at yarışı, istəyirsiniz idman lotosu, istəyirsiniz futbol proqnozu, istəyirsiniz it boğuşdurmaq… əlqərəz, başını necə bəzəyirsiniz-bəzəyin, mahiyyəti eynidir.

Millət bu cür haramlara alışdıqca halallıq hissindən, fədakarlıqdan, tərəqqidiən, yardımlaşmadan, əldən tutmaqdan, təmənnasızlıqdan uzaqlaşır. Təkcə bununla bitmir, Haqdan uzaqlaşır, özündən uzaqlaşır, İslamdan uzaqlaşır, Allahdan uzaqlaşır. Bir fərd və ya toplum üçün bundan betər fəlakət düşünmək mümkün deyil. Bir çayın daşması, torpaq sürüşməsi, zəlzələlər fəlakət deyil; fəlakət insanın haqqı batildən, xeyri zərərdən, halalı haramdan ayıra bilməməsi və ya ayırmaq istəməməsidir, Allahın göstərdiyi yolu qoyub, şeytanın izinə düşməsidir. Əgər bu fəlakət kütləvi xarakter alırsa və kimsə də sinəsini irəli verib, bu cür şeytan təntənəsinə qarşı etiraz səsini qaldırmırsa və ya əlindəki dünya nemətini, dünya zövqünü itirməmək üçün susursa, o toplumun aqibəti haqda ciddi-ciddi düşünmək lazımdır.

İnanın ki, hər ay lotereya biletinə, ya da qumarın başqa çeşidlərinə sərf edilən sərmayəni Allah rizasını düşünərək ehtiyac sahiblərinə yönəltsək, məmləkətimizdə nə ac qalar, nə çılpaq, nə də yurdsuz-yuvasız.

Allah-Təala biz bəndələrinə Qurani-Kərimlə, Peyğəmbəri ilə doğru yolu göstərəndən sonra seçim iradəsi də verir. Hər kəs də öz aqibətini seçir, hansı yolun hansı məkana varacağı da elə başlanğıcından bəllidir. Şeytanın izini tutan gedib cənnətə çıxmayacaq ki… Burada anlaşılmayacaq nə var axı?..

Əli Çərkəzoğlu