Adı belə unudulan peşəni yaşadan insan

502

O, xurcununu çiyninə atır, küçəbəküçə, evbəev gəzərək insanların gündəlik tələbat mallarına olan ehtiyacını elə evlərindəcə təmin edir. Bunun müqabilində isə o çox vaxt heç pul da götürmür. Verdiyi məhsulu ailəsinin ehtiyacını qarşılamaq üçün ya yumurtaya, ya da digər ərzaq məhsuluna dəyişdirir. Gəzdiyi, dolaşdığı kəndlərdə onu Çərçi oğlu Çərçi Valeh, ya da sadəcə Çərçi Valeh kimi tanıyırlar. Bəlkə də bu günümüzdə, demək olar, hər kənddə hər küçədə mağazanın olduğu bir vaxtda bu peşə adi görünə bilər. Lakin yaxın keçmişdə rayon mərkəzindən onlarla kilometr uzaqlıqda yerləşən, bir neçə kəndin birləşdiyi sovetlikdə yalnız bir mağazanın olduğu dağlıq bölgədə insanlar üçün çərçinin (gəzərək xırda alver edən adam, gəzərgi alverçi; xırdavatçı) necə böyük önəm daşımasını yaşlı nəsil daha yaxşı anlayar.

Tovuz rayon Yanıqlı kənd sakini 76 yaşlı Valeh Nağıyev yarım əsrdən də artıqdır ki, çərçiliklə məşğuldur. Bu peşə ona atası Əli kişidən qalıb. Hərbi xidmətdən qayıtdıqdan sonra dəmir yolunda işə düzələn Valeh Nağıyev paralel olaraq atasının peşəsini davam etdirib. İstirahət günləri xurcununu çiyninə ataraq kəndbəkənd gəzib insanları gündəlik tələbat malları ilə təmin edib. Hazırda onun 76 yaşı olmasına baxmayaraq bu işi davam etdirir.

“Atamdan qalan peşədi. Həm sənəti yaşadıram, həm də bu dolanışıq çətinləşib, borca düşməmək üçün bu işlərlə məşğulam. Əvəllər ətraf kəndləri də dolaşırdım. İndi daha yaşlaşmışam, ağrıyıram, çox uzağa gedə bilmirəm. Bu yaşda mənə ağır olsa da, başqasına möhtac olmayım deyə məcburam bu sənəti işlətməyə”-deyir Valeh kişi.

Eyni zamanda işindən zövq də alır yaşlı insan. İnsanlara yardımçı olmağı, xeyirxahlıq etməyi, dar günündə köməklərinə çatmağı özündə bir vəzifə borcu bilir: “Elə olub ki, kəndin ayağından evə zəng ediblər, bir lampa lazım olub, yaxud şammı istəyiblər, ərinməmişəm, aparıb çatdırmışam ehtiyacı olana. Elə olub 3 ay, 5 ay nisyə vermişəm. Kənd də çox kasıb kənddi. Camaatda pul yoxdur. Elə olub bir kibriti  də nisyə almalı olurlar. Çox vaxt heç pul da almıram. Yumurtaya, yaxud digər ərzaq məhsullarına dəyişirəm. Həm mənim ehtiyacım təmin olunur, həm də camaatın ”

Bu gün də kənddə Çərçi Valehin daimi müştəriləri, alıcıları var. Kənd sakinləri onun yolunu gözləyir, alış-veriş edir, qocaman çərçi haqqında ağız dolusu yaxşı sözlər danışırlar.

Esmira Hidayətova,Tovuz