“Adamı, pulu olanlar saxta veteran vəsiqəsindən geninə-boluna yararlanırlar”

647

Ötən ay Milli Məclisin plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “bəziləri müharibədə iştirak etmədiyi halda veteran vəsiqəsi alıb” demişdi. Onun sözlərinə görə, komitəyə bununla bağlı xeyli müraciət daxil olub: “Elə şəxslər var ki, qəhrəmancasına döyüşüb, amma bu gün də veteran vəsiqəsi ala bilməyib. Bəziləri müharibədə iştirak etmədiyi halda veteran vəsiqəsi alıb. Yəni veteran vəsiqəsi paylanılıb. Onların sayı o qədər çoxdur ki…” S. Novruzov bildirib ki, bu məsələ müzakirə olunmalı, tədbir görülməlidir: “Hər kəs haqqını almalıdır”.

“Yağla şorun yeri dəyişik düşüb”

Mövzu ilə bağlı “Yeni Avaz” qəzetinin suallarını cavablandıran milli ordunun keçmiş briqada komandirinin müavini, hərbi ekspert Üzeyir Cəfərov dedi ki, bu hüquq-mühafizə orqanlarının araşdırmalı olduğu çox ciddi məsələdir: “Təəssüf ki, bu məsələyə yüksək səviyyədə yanaşmırlar. Sözümün canı var. Siyavuş Novruzovun səsləndirdiyi fikir mən hesab edirəm ki, çox ciddi problemdir. Bu həm mətbuatımızın, həm də Respublika Prokurorluğunun, Hərbi Prokurorluğun və digər hüquq-mühafizə orqanlarının çox ciddi araşdırmalı olduğu məsələdir. Mən də bu fikri bölüşürəm ki, Qarabağ müharibəsinin, döyüş bölgəsinin nə olduğunu bilməyən bəzi adamlar geninə-boluna müharibə veteranı və digər imtiyazlardan yararlanırlar. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən Füzuli döyüş briqadasının komandir müavini olmuşam və minlərlə əsgərim olub. Bəlkə minlərlə, onminlərlə əsgər bilir ki, baxmayaraq cibimdə polkovnik-leytenant rütbəsi olub – onlarla sürünmüşəm də, döyüşlərdə də iştirak eləmişəm. Amma təəssüflər olsun ki, bu gün Azərbaycan dövləti mənə Qarabağ müharibəsi veteranı kimi 1 qəpik də müavinət vermir. Baxmayaraq ki, mən müharibə veteranı, müharibə iştirakçısı kimi ada malikəm və rəsmi olaraq vəsiqəm də var. Ancaq döyüşlərdə 1 gün də iştirak eləməyən bəzi adamlar ev alırlar, maşınlar alırlar, imtiyazlardan yararlanırlar. Biz Qarabağ müharibəsinin əsl iştirakçıları 2012-ci ilin mayın 1-dən indiki əmək və əhalinin sosial müdafiəsi naziri (onda dövlət sosial müdafiə fondunun sədri idi) Səlim Müslümovun haqsızlığına məruz qalmışıq. “Veteranlar haqqında” Qanun və Prezidentin müharibə iştirakçıları ilə bağlı sənədi şübhə altına alınıb. Baxmayaraq ki, Ali Məhkəmənin inzibati iqtisad kollegiyasında hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə bu məsələ birmənalı olaraq öz əksini tapıb və bildirib ki, özbaşınalığa yol verilib. Bu gün bəzi döyüş bölgəsində şəhid olanlar kənarda qalıblar, bəzi müharibə veteranları hələ də öz layiq olduqları qiymətləri almayıblar. Ancaq müəyyən dələduzlar, vəzifədə təmsil olunan bəzi şəxslərin əli ilə müharibə veteranı adı alıblar, həm “əlil” olublar. Siyavuş Novruzovun bu problemlə bağlı fikirlərini oxuyanda mən də qəlbən həmin fikirləri bölüşdüm. Açığını deyim, bu gün də mənim ən böyük yaralı yerim budur. Belə deyək, bu gün Azərbaycanda yağla şorun yeri dəyişik düşüb. Yəni yağ da həmin qiymətədir, şor da həmin qiymətədir. Amma belə olmamalıdır. Biz, müharibə veteranlarına, müharibə iştirakçılarına dövlətin qayğıları çərçivəsində ən yüksək diqqət və qayğını göstərməliyik. Söhbət məndən getmir. Mən özümü misal gətirdim, minlərlə insan mənə bu məsələlərlə bağlı müraciət eləyir. Sosial şəbəkələrdə bu məsələləri necə lazımdır müzakirə eləyən yoldaşlar var. Söhbətimin əvvəlində dedim – saxtakarlığa yol verənləri Azərbaycanın hüquq-mühafizə orqanları məsuliyyətə cəlb eləməlidir – hansılar ki, heç bir döyüşün iştirakçısı olmaya-olmaya bu gün ciblərində vəsiqə gəzdirirlər. Mən onun tərəfdarıyam ki, kimliyindən asılı olmayaraq, hamı qanun qarşısında bərabər olsun və Azərbaycanın hüquq-mühafizə orqanları əsl veteranlarla, saxta veteranları aşkar eləsinlər. Saxta veteranlar indiyə qədər dövlətdən aldıqları həm müavinətləri, həm də faydalandıqları imtiyazları geri qaytarsınlar. Mən bunu alqışlayaram və özüm də o işdə çox böyük məmnuniyyətlə iştirak eləyib bizim hüquq-mühafizə orqanlarına köməklik eləyərəm”.

“Fərarilər veteran vəsiqəsi alıblar”

Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri, Qarabağ müharibəsi veteranı Növrəstə Yusifova da “Yeni Avaz” qəzetinə açıqlamasında belə halların şahidi olduğunu dedi: “Bu insanlar pul və adamları vasitəsilə saxta veteran vəsiqəsi alıblar. Biz bunun şahidi olmuşuq və ləğv eləmişik. Pul verib veteran adı alanlar var. Hansını bilmişiksə, görmüşüksə, ləğv etdirmişik. Fərarilər belə veteran vəsiqəsi alıblar. Yerlərdə artıq 4 ildir ki, saxta yolla veteran adı alanlar aşkar edilir və proses hələ də gedir. Kim döyüşdə olmayıb və yaxud fərari olub sonradan veteran adı alıbsa, bu statusu ləğv olunmalı, veteran vəsiqələri alınmalıdır. Əgər fərarilər bağışlanıbsa, əfv olunubsa, bu, başqa bir şeydir, ancaq onlar veteran adına layiq deyillər. Onlar veteran adı ilə dövlətin pulunu alıblar. Həmin pullar onlardan alınmalıdır. Mən sizə bir söz deyim – bir nəfər bizim təşkilatın üzvləri ilə birgə gəlmişdi ki, üzv olmaq istəyirəm, amma veteran vəsiqəm yoxdur. Həmin şəxsin döyüşdə olub-olmadığını araşdırmaq üçün aidiyyəti quruma müraciət edəndə bizə cavab olaraq arayış verildi ki, o döyüşdə iştirak eləməyib, sadəcə müharibədə döyüşən tanışının yanına gedibmiş. Bundan başqa, bizim Suraxanı rayonunda bir üzvümüz var idi, o da veteran vəsiqəsini tanışlıq vasitəsilə alıbmış. Biləndə ona dedim ki, “sən döyüşlərdə olanlardan artıq oğlan deyilsən ki?”. Onun da vəsiqəsini 3 il əvvəl biz ləğv elətdirdik”.

“Onlar aşkara çıxarılmalıdır”

Növrəstə Yusifovanın sözlərinə görə, yerlərdəki bəzi məmurlar da bu vəziyyətin yaranmasına səbəbkardılar: “Kimin qohumu var gedib alıb. O insanlarda vətənə sevgi yoxdur. Vətənə sevgi olsa, torpağa sevgi olsa, gedib döyüşərdilər. Dəfələrlə Müdafiə Nazirliyinin arxivindən və yaxud haradansa aldığı saxta arayışla veteran “olanlarla” bağlı aiddiyyəti qurumlara müraciət etmişik. Aydınlaşdırıblar ki, həqiqətən döyüşdə olmayıb. Eləsi var ki, hətta məhkəməyə vermişik. Döyüşdə olub ad ala bilməyən çoxlu sayda insan var. Hissə-hissə onlar üçün sənəd almağa çalışırıq. Bizim təşkilata üzv olanların hamısını mən tanıya bilmərəm, hamısı da məni tanıya bilməz. Kimi tanımırıq, onu bizim təşkilata gətirən zəmanət verir. Ondan sonra biz dövlət qurumlarına müraciətlər edirik, arxiv sənədlərini istəyirik, telefon zəngləri ilə araşdırıb məsələnin axırınadək gedirik. Döyüşdə olmağına dair video varsa, qəzetdə varsa, şəkillər varsa, onları əsas gətirib veririk məhkəməyə ki, bu insanın haqqı, hüququ bərpa olunsun. Bir il ərzində maksimum 4-5 nəfərin döyüşlərdə iştirak etdiyini sübut etmək olur. Bu, çox uzun prosesdir. Məsələnin ən pis tərəfi odur ki, arxivdə 1998-ci ilə qədər çıxan bir çox sənədlər indi deyirlər ki, yoxdur. Mənim bir batalyonda döyüşdüyüm, əsgəri olduğum komandirlərin sənədləri çıxmır orada, amma mənimki çıxır. Çox sənədlər isə Müdafiə Nazirliyinin arxivində çürüyüb. İndi köçürüblər başqa bir yerə, orada da ya çıxır, ya da yox. Düşünürəm ki, bu arxiv köçə-köçə insanların həyat yolu da yoxa çıxır. Kim ifşa olunubsa, onlara verilən müavinətlər geri alınıb. Bir misal da deyim – Bərdədən bizim ofisimizə bir nəfər gəlmişdi. Qarabağ müharibəsi illərində polis işlədiyini və həmin xətlə döyüşlərə getdiyini deyirdi. Sən demə, həmin adam döyüşə getməyib, elə öz rayonunda sahə müvəkkili olub. Araşdırdıq ki, bu adam 2003-cü ildə veteran vəsiqəsi alıb. Rayonda hərbi komissarlıqda tanışı olub, saxta möhür vurulub, guya 4 ay döyüşdə olub. Hətta həmin sənədin “kökünü” də hərbi komissarlığın arxivinə əlavə etmişdilər. Mən araşdırdım və dövlət qurumundan cavab aldıq ki, döyüşdə olmayıb. Təsəvvür edin, bu adam neçə illər dövlətdən müavinət alıb. Onun veteran vəsiqəsi və aldığı müavinət geri alındı. Baxırsan, 3 mənim boyda adamdır. Bax, belə şeylər var. Yəni bəzi yerlərdə qohumbazlıq, pul yolu ilə düzəldiblər. İndi isə belə hallar azalıb. Lakin köhnədən almış çoxlu sayda insanlar var. Onlar aşkara çıxarılmalıdır. Döyüşdə iştirak eləmiş insanlar var ki, hələ də veteran adı ala bilməyiblər, eləsi var hələ evlənməyiblər. Onlar məmurların haqsızlığı ilə üzləşiblər. Kimin adamı, pulu var qabaqdadır. Biz belə şeyləri qəbul eləmirik və çox böyük haqsızlıqdır”.

Nicat İntiqam