“Adambaşına düşən neft və qaz ehtiyatlarına görə dünyada 10-cu yerdəyik”

715

“Azərbaycan öz qaz hasilatını 50-60 mlrd. kubmetrə çatdırmağı planlaşdırır”. Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev Bakı II Qlobal Forumda deyib.

 Nazirin sözlərinə görə, yaxın gələcəkdə Azərbaycanda çox önəmli layihələr həyata keçiriləcək: “Bu layihələr bizə imkan verəcək ki, biz qaz ixracatçısı ölkəsinə çevrilək. Məsələn, Cənub Qaz Dəhlizi layihəsi. Bir çox ölkələrin bu layihənin həyata keçirilməsi ilə bağlı xoş məramı var. Maliyyə ilə bağlı problem yoxdur. Maliyyə məsələsi Azərbaycan və onun tərəfdaş ölkələri tərəfindən həyata keçiriləcək. Bu layihə bizə imkan verəcək ki, təbii qazı Avropa bazarlarına çatdıra bilək”.

N. Əliyev bildirib ki, Azərbaycanın çox böyük neft-qaz ehtiyatları var: “Nəzərə alsaq ki, Azərbaycan çox böyük ölkə deyil, ona görə adambaşına düşən neft və qaz ehtiyatlarına görə biz dünya ölkələri arasında 10-cu yerdəyik. 10 il bundan qabaq neft hasilatı aşağı səviyyədə idi”.

Qurum rəhbəri deyib ki, son 10 il ərzində Azərbaycan hasilatı artırıb: “Ötən il 42 milyon ton neft hasil edilib. Qaz hasilatı 2003-cü ildə 5 milyard kubmetr idi, indi isə 29 milyard kubmetr qaz hasil olunur. Ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Bu o deməkdir ki, qaz hasilatını 90 ildən çox eyni səviyyədə saxlaya biləcəyik”.