Açılmayan sirlər: kabus-gəmilər

839

Son illərdə dənizdə kabus-gəmilər müəmması Qərb mətbuatının, belə demək mümkünsə, sevimli mövzularından birinə çevrilib. Qərbin müxtəlif mətbu orqanlarının, belə demək mümkünsə, ara-sıra bu mövzuya qayıtması isə kabus-gəmilərin okean sularında yenidən peyda olmasıdır. Belə kabus-gəmilərdən biri haqqında Qərb mətbuatında belə yazılıb: “Ucu-bucağı olmayan okean suları. Ətrafda lal bir sakitlik var. Sanki sular hərəkət etmir, dalğalar susub. Mavi okean gözəllik donuna bürünərək insanı özünə heyran edir. Birdən bu gözəlliyi uzaqda sərxoş adamları xatırladan, gah sağa, gah sola istiqamət götürən, gah da bu dəqiqə suyun dibinə gedəsi kimi yarıya kimi batıb-çıxan gəmi görünür. Haradan çıxdı bu gəmi və o haraya istiqamət götürüb? Gəmiyə siqnal göndərilir, onunla əlaqə saxlanılmasına cəhd edilir. Lakin gəmi cavab vermir. Nə etməli? Bəlkə gəmidə qəza baş verib, oradakıların köməyə ehtiyacı var. Yavaş-yavaş gəmiyə yaxınlaşaraq, onun göyərtəsinə qalxırlar. Lakin orada heç kim yoxdur. Bomboş nəhəng gəmi. Bəs onu kim idarə edir? Bu da məlum deyil. Gəmi sanki ona yaxınlaşıldığını hiss edir və gözlənilmədən hərəkətə gələrək istiqamətini dəyişir. Təcili gəmini tərk etmək lazım gəlir. Onun dalınca getmək və ya təqib etmək okean sularında təhlükəlidir. Çünki bu təqibin sonunun nə ilə nəticələnəcəyi məlum deyil. Əslində bu gəmi-kabusdur. Təcrübəli dənizçilərdən birinin də dediyi kimi, okean sularında üzməkdə olan onlarla, bəlkə də yüzlərlə gəmi kabusun biridir bu…”

Həyatını dənizə həsr edən əksər təcrübəli dənizçilər tez-tez okean sularında kabus-gəmilərlə rastlaşdıqlarını və artıq bunlara adət etdiklərini söyləyirlər. Dənizçilərin sözlərinə görə, nəinki boş, kiçik balıqçı qayıqlarına, yaxtalara, hətta Rusiyanın “Lyubov Orlova” kimi tərk edilmiş və hansı istiqamətdə üzdüyü məlum olmayan kabus-gəmilərə rast gəlmək mümkündür. Əlbəttə, tərk edilmiş gəmilər, adətən, fövqəladə hallarda dənizdə baş verən tufan nəticəsində ortaya çıxır. Amma bəzən də gəmi heyəti faciə barədə xəbər verməyə macal tapmadan səssiz-issiz yoxa çıxır. Sonra belə gəmilər heyət olmadan kabus kimi okean sularında üzməkdə davam edir. Bəs onların heyəti ilə nə baş verib? Bu suala isə cavab tapmaq, ümumiyyətlə, mümkün deyil. Təsəvvür edin ki, gəmidə hər hansı bir zədə yoxdur, hər şey yerindədir, mühərrik işləyir, radio sistemi yerindədir, amma ekipaj heyəti yoxa çıxıb. Niyə? Yenə də bu suala cavab tapmaq mümkün deyil.

“MV Joyita” kabus-yaxtası
Dənizdə rast gəlinən sirli və müəmmalı kabus-yaxtalardan biri də “MV Joyita”dır. 1931-ci ildə Los-Angelesdə inşa edilən və kino-rejissor Roland Vest tərəfindən istifadə edilən olduqca dəbdəbəli “MV Joyita” yaxtasından II Dünya müharibəsi zamanı Havay adaları sahillərində sahili mühafizə xidməti üçün istifadə edilib. II Dünya müharibəsindən sonra, 1955-ci il oktyabr ayının 3-də “MV Joyita” yaxtası Samoa adasından 270 mil məsafədə yerləşən Tokelau adasına doğru istiqamət götürdü. Səfərə çıxmazdan əvvəl gəmi mexaniklər tərəfindən diqqətlə yoxlanıldı və onun mühərrikində cüzi nasazlıq aşkar edildi. Bununla belə, nasazlığı aradan qaldırmaq mümkün olmadığından yardımçı mühərrikin və yelkənin köməyi ilə yaxta Tokelau adasına doğru istiqamət götürdü. Yaxtada həmin vaxt heyətlə birlikdə 25 nəfər vardi. Onların arasında 2 uşaq, dövlət məmuru və bir nəfər də cərrah vardı. Onlar da müəyyən səbəblərdən Tokelau adasına gedirdilər. “MV Joyita” iki günə mənzilbaşına çatmalı idi. Lakin yaxta mənzilbaşına gedib çata bilmədi. Yaxta okean sularında izsiz-tozsuz yoxa çıxdı. Halbuki yaxtanın marşrutu sahili mühafizə gəmilərinin və digər laynerlərin mütəmadi olaraq hərəkət etdiyi yol üzrə uzanırdı. Yəni hər hansı bir fəlakət baş verəcəyi halda, SOS siqnalı ilə yaxındakı gəmiləri yardıma çağırmaq mümkün olacaqdı. Amma mənzilbaşına gedib çata bilməyən “MV Joyita” yaxtası fəlakət SOS-u verməmişdi. Dərhal yaxtanın axtarışına başlanıldı. Bu məqsədlə yaxtanın hərəkət marşrutu ətrafı üzrə 100 min kvadratkilometrlik okean ərazisi həm dənizdən, həm də havadan qarış-qarış axtarıldı. Lakin yaxta sanki havaya buxarlanmışdı. Üstündən 5 həftə keçəndən sonra, 1955-ci il noyabr ayının 10-da “MV Joyita” yaxtası hadisə yerindən 600 mil uzaqlıqda aşkar edildi. Yaxta özbaşına okean sularında üzməkdə davam edirdi. Axtarış-xilasedici qrupu yaxtaya yaxınlaşaraq onun göyərtəsinə çıxdı. Göyərtədə nə ekipaj üzvləri, nə də sərnişinlər vardı. Bundan əlavə, Tokelau adasına aparılan 4 ton yük də yoxa çıxmışdı. Yaxtanın yardımçı mühərriki isə işləməkdə davam edirdi. Amma kayutalarda işıqlandırma sistemləri söndürülmüşdü. Göyərtədəki bütün saatlar 10.25-də dayanmışdı. Növbə jurnalı və 3 xilasedici qayıq da yoxa çıxmışdı. Axtarış-xilasetmə heyəti diqqətlə yaxtanın hər yerini yoxladı. Amma yaxtada hər hansı bir zədə tapılmadı. Heyətin axtarışı isə nəticə vermədi. “MV Joyita”, ümumiyyətlə, batmaq təhlükəsi olmayan yaxtalardan hesab edilirdi. Hətta o batsaydı belə hansısa səbəbdən orada xüsusi hazırlanan otaqda yaxta heyəti azı 10-15-gün su üzərində qala biləcəkdi. Xüsusi materialdan hazırlanan bu otaq məhz dənizdə tufan baş verəndə ora sığınaraq xilas olmaq məqsədi ilə hazırlanmışdı. Bundan heyət üzvlərinin, o cümlədən sərnişinlərin də xəbəri vardı. Nə üçün heyət üzvü hər hansı təhlükə qarşısında həmin otağa sığınmamışdı, bu, məlum deyildi. Yaxtanın heyətinin yoxa çıxması ilə bağlı çoxsaylı ehtimallar irəli sürüldü. “MV Joyita” heyətinin Yaponiya hərbçiləri tərəfindən girov kimi ələ keçirildiyi, yaxınlıqdakı hansısa kiçik adalarda gizlənən və II Dünya müharibəsi zamanı oralarda gizlənən təxribatçı qrup tərəfindən ələ keçirildiyi ehtimalları da gündəmə gəldi. Lakin bu ehtimalların doğru olduğunu sübut etmək mümkün olmadı. Ekipaj heyətini və onun sərnişinlərini isə “bir daha gördüm” deyən olmadı… Bundan sonra bir müddət “MV Joyita” yaxtası limanda saxlanıldı. Bu nəhs yaxtaya yaxınlaşmaq, ondan istifadə etmək istəyən tapılmırdı. Bütün hallarda yaxtadan istifadə etmək istəyənlər, nəhayət ki, tapıldı. Lakin yaxta açıq dənizə çıxan kimi onun hansısa qurğusunda dərhal nasazlıq aşkar edilirdi. Əvvəlcə, bunun təsadüfi olduğunu düşündülər. Ancaq sonra sahildə hər hansı bir nasazlığın aşkar edilmədiyi, okean sularına çıxan kimi dərhal yaxtanın hansısa hissələrindən birinin sıradan çıxmasının təsadüfi olmadığı qənaətinə gəlindi. Sanki hansısa gözlənilməz əl “MV Joyita” yaxtasının bir daha dənizdə üzməsini istəmirdi. Ona görə də yaxtadan yaxın məsafələrdə, müxtəliftəyinatlı yüklərin daşınması məqsədi ilə istifadə etməyə başladılar. Amma hətta yaxın məsafələrdə istifadə zamanı da “MV Joyita” yaxtası gözlənilmədən suyun ortasında dayanıb qalır, sanki donurdu. Sonra isə elə gözlənilmədiyi halda da yaxta işə düşürdü. Ona görə də yaxtadan istifadə edilməmək qərarına gəldilər. 1960-cı ilin sonunda yaxtanı istismardan çıxardılar və onu bir daha görən olmadı.

“Oranq Medan” müəmması
1947-ci ilin iyun ayında “Oranq Medan” yük gəmisi Malakka körfəzinə daxil oldu. Yük gəmisi körfəzə daxil olandan az sonra həyəcan siqnalı “SOS” verildi. Həyəcan siqnalı ilə yanaşı, gəmidən verilən məlumatda deyilirdi: “Bütün heyət üzvləri öldürülüblər. Onlar indi də mənim dalımca gələcəklər. Mən də ölürəm”.
Birinci “SOS” Morze əlifbası ilə, ikinci siqnal isə ratsiya vasitəsi ilə gəldi. Qəzaya uğradığı güman edilən gəmini bir neçə saat axtardılar. Birinci onu Böyük Britaniyanın “Silver Star” gəmisi aşkar etdi. Ancaq “Oranq Medan”la əlaqə saxlamaq mümkün olmadı. Ona görə də gəminin göyərtəsinə xüsusi xilasedici heyət çıxarıldı. Xilasedici heyət göyərtədə gördüklərindən dəhşətə gəldi. Ekipaj üzvləri özünü müdafiəyə hazırlaşırmış kimi dayanmış və elə o vəziyyətdəcə sifətlərində dəhşətli bir qorxu içində ölmüşdülər. Gəminin idarəetmə sistemində də ekipaj üzvlərindən bir neçəsini dəhşətli qorxu içində ölmüş halda aşkar etdilər. Xilasedicilər nə baş verdiyini müəyyən etməyə cəhd etdikləri vaxt gözlənilmədən partlayış baş verdi və göyərtədə yanğın başladı. Bundan sonda xilasedicilər gəmini tərk etməyə məcbur oldular. Onlar gəmidən uzaqlaşmamış “Oranq Medan”ın göyərtəsində daha bir neçə dəfə partlayış baş verdi. Nəticədə “Oranq Medan” suyun dibinə getdi. Bu günə kimi “Oranq Medan”da nə baş verdiyi və onun hansı səbəbdən partlayaraq dənizin dibinə getdiyi məlum deyil. “Oranq Medan” da dünyanın açılmamış sirlərindən biri kimi qalmaqda davam edir…

“Oranq Medan”la bağlı baş verən müəmma, əlbəttə, yeni bir şey deyil. İş orasındadır ki, müxtəlif illərdə dənizdə dənizçilər tərəfindən tərk edilmiş gəmilərin özbaşına üzmələri faktına dəfələrlə rast gəlinib və günümüzdə belə gəlinməkdədir. Amma ən təəccüblüsü bu gəmilərdə insanların izsiz-tozsuz yoxa çıxmalarıdır. Doğrudanmı, insanlar belə gəmiləri qorxu və ya hansısa hissin təsiri altında tərk ediblər? Bunu müəyyən etmək heç cür mümkün olmur.

Müəmmalar davam edir
Dənizdə özbaşına insansız üzən gəmilərlə bağlı digər hadisə “Oranq Medan”dan təxminən 2 əsr öncə baş verib. Belə ki, 1775-ci il oktyabr ayının 11-də Qrenlandiya sahillərində özbaşına okean sularında üzən və İngiltərəyə aid edilən “Oktavius” ticarət gəmisinə rast gəlindi. Həmin vaxt Qrenlandiya sahillərində balina ovlayan “VVhaler Herald” gəmisinin ekipajı dərhal “Oktavius”a yaxınlaşaraq onun göyərtəsinə qalxdılar. Göyərtədəki ekipajın hamısı müəmmalı şəkildə dünyasını dəyişmişdi. Onların simasında qəribə, hansısa bir qorxu nəticəsində dəhşətə düşən insanlara xas olan bir qorxunc ifadə vardı. Gəmi kapitanı kayutadakı yerində oturmuş vəziyyətdə dünyasını dəyişmişdi. Onun əlində qələm və qarşısında isə növbə dəftəri vardı. Kayutada həmçinin qadın, uşaq və bir matrosun cəsədləri tapıldı. Növbə dəftəri islandığından ondakı yazıları oxumaq olmadı. Yalnız son səhifədə 1762 yazılmışdı. Bu isə o demək idi ki, “Oktavius” 13 il özbaşına okean sularında üzüb. Sonradan araşdırmalar göstərdi ki, “Oktavius” 1761-ci ildə İngiltərədən Amerikaya yola çıxıb, ancaq müəmmalı səbəblərdən mənzilbaşına gedib çıxa bilməyib. Belə ehtimal edilir ki, gəmi kapitanı qısa yolla getmək və mənzilbaşına tez çatmaq üçün Qrenlandiya sahilləri ilə üzmək qərarına gəlib. Nəticədə gəmi gözlənilmədən buz burulğanına düşərək donub qalıb. Dünya ilə əlaqələri kəsilən gəmi heyəti isə donaraq dünyalarını dəyişib. Bundan bir neçə il sonra buzlar ərimiş və gəmi “əsirlikdən” azad olaraq okean sularında özbaşına üzməyə başlayıb. Həmin vaxt “VVhaler Herald” balina ovlayan gəmi “Oktavius”u dartıb arxasınca yaxın limana qədər aparmaq imkanına malik deyildi. Ona görə dəimini özbaşına buraxdılar. Bundan bir neçə il sonra okean sularında özbaşına üzən “Oktavius”u digər gəmilər də gördülər. Ancaq gəmiyə yaxın getmək istəyən olmadı. Nəticədə “Oktavius” okean sularında yoxa çıxdı…

“KZ-II” 2007
Okean sularında müəmmalı şəkildə yoxaçıxmalardan biri də 2007-ci ildə Avstraliyada baş verdi. 2007-ci ilin aprel ayının 15-də Avstraliyaya məxsus “KZ-II” yaxta-katamaranı Erli-Biç-dən Taunsvil istiqamətində yola çıxdı. Yaxta-katamaranın ekipajı 3 nəfərdən ibarət idi. Bir gündən sonra yaxta-katamaranla əlaqə kəsildi. Yaxta-katamaranın dərhal axtarışına başlanıldı. Lakin havadan və qurudan axtarışlar heç bir nəticə vermədi. Yalnız aprelin 18-də bir təsadüf nəticəsində “KZ-II” yaxta-katamaranı “Böyük baryer rifi” adı verilən yerdə aşkar etmək mümkün oldu. Aprelin 20-də gəmini aşkar edən patrul xilasetmə gəmisinin heyəti “KZ-II”nin göyərtəsinə qalxdı. Göyərtədə heç kim yox idi. “KZ-II”nin bütün sistemi, o cümlədən mühərrik normal şəkildə işləməkdə idi. Yaxta-katamaranda hər hansı bir zədə belə yox idi. Yemək masasında yemək yarımçıq qalmışdı, noutbuk isə işləməkdə idi. “KZ-II”nin heyətini daha bir həftə açıq dənizdə axtardılar. Lakin 3 nəfəri tapmaq mümkün olmadı. Nəticədə aprelin 25-də axtarış işləri dayandırıldı. KZ-II” ilə bağlı nə baş vermişdi? Bu suala cavab tapmaq indiyə kimi mümkün olmayıb. Belə ehtimal edilir ki, “KZ-II”nin heyətindən kimsə hansısa təsadüf nəticəsində dənizə düşüb. Onu xilas etmək üçün digər yoldaşı da dənizə atılıb. Yoldaşlarının köməyinə getmək istəyən göyərtədəki 3-cü ekipaj üzvü mane olmasın deyə yelkəni yığışdırıb və mühərriki işə salaraq yoldaşlarına yaxınlaşmağa cəhd edib. Həmin vaxt külək qalxdığından o buna nail ola bilməyib. Yoldaşlarını xilas etmək cəhdləri nəticəsində ekipajın 3-cü üzvünün də külək və ya güclü silkələnmə nəticəsində dənizə düşərək batdığı ehtimal edilir. Amma bu ehtimalların nə qədər doğru olduğunu bu günə kimi müəyyən etmək mümkün olmayıb.

“Young Teazer” (“Yanq Tizer”), 1813
Dənizdə müəmmalı şəkildə özbaşına üzən kabus-gəmi ilə bağlı digər hadisə 1813-cü ildə baş verib. Belə ki, 1813-cü ildə inşa edilən “Young Teazer” (Yanq Tizer) ilk vaxtlar özünü dənizdə olduqca çevik aparan kiçik yük gəmisi kimi yadda qaldı. 1813-cü ilin iyun ayında “Yanq Tizer” Şotlandiya sahillərinə doğru istiqamət götürdü. Gəmi qeyri-qanuni ticarət yükü aparırdı və məqsəd gizli yollarla onu sahibinə çatdırmaq idi. Amma Şotlandiyanın sahil-mühafizə xidməti gəmiləri bu yad obyekti dərhal hədəfə götürərək onu təqib etməyə başladılar. “Yanq Tizer” hər tərəfdən mühasirəyə alındı. Şotlandiya sahili mühafizə xidməti gəmilərinin matrosları “Yanq Tizer”in göyərtəsinə çıxmaq istəyəndə orada partlayış baş verdi. Nəticədə gəminin heyətindən yalnız 8 nəfər bir möcüzə nəticəsində sağ qaldı. Sağ qalanlar bildirdilər ki, onlar qeyri-qanuni yollarla Şotlandiyaya müxtəliftəyinatlı yüklər daşyıblar. Bu dəfə gəminin aşkar edildiyini görən “Yanq Tizer”in kapitanı Frederik Conson onun batırılması barədə göstəriş verib. Nəticədə kapitan da daxil olmaqla (8 nəfərdən başqa) 32 nəfər gəmi heyəti partlayışın qurbanı oldu. Bu hadisədən bir neçə il sonra faciə yerinin yaxınlığında üzən gəmilər dəfələrlə “Yanq Tizer”in kabusu ilə rastlaşıblar. Özü də kabus-gəmini yalnız dənizçilər deyil, həmçinin ətrafda ov edən yerli balıqçı gəmiləri də dəfələrlə müşahidə ediblər. “Yanq Tizer” bir müddət ona tamaşa edənlərlə sanki vidalaşırmış kimi su üzərində qəribə bir dövrə vurur, sonra onun yerində alov göyə qalxır. Hər il eyni hadisə təkrar olunur. ABŞ və İngiltərənin elmi-tədqiqat institutları dəfələrlə bu hadisəni araşdırmaq, onun səbəbini öyrənmək istəmiş, lakin buna nail ola bilməmişlər. Çünki “Yanq Tizer” kabus-gəmisinə hansısa səbəbdən yaxınlaşmaq olmur, sanki kabus-gəmi öz ətrafında keçilməz sədd yaradır. Gəmiyə yaxınlaşmaq istəyən istənilən elmi-tədqiqat gəmisi yerində sanki donur. “Yanq Tizer” gəmisi isə, öz növbəsində, bir neçə saatlıq görünmədən sonra sirli partlayışla yenidən yoxa çıxır… Hələliksə, bu sirri açmaq mümkün olmur.

“Mari Selesta”: ən böyük dəniz sirri
Dənizdə müəmmalı şəkildə “səyahət” edən və uzun müddət okean sularında üzən dənizçilər üçün kabus təsiri bağışlayaraq onları vahiməyə salan gəmilərdən biri də “Mari Selesta”dır. 1872-ci il noyabr ayının 7-də “Mari Selesta” gəmisi şərab dolu yüklə Nyu-Yorkdan Genuyaya yola düşdü. Həmin ilin dekabr ayının 5-də isə “Mari Selesta” Hibraltar boğazından 700 mil aralıda ekipajsız şəkildə aşkar edildi. Gəmi yelkənləri qaldırılmış şəkildə dənizdə hərəkət edirdi. Gəmidə hər hansı bir zədələnmə halları aşkar edilmədi. Gəmidəki yükə də toxunulmamışdı. Necə deyərlər, hər şey yerində idi, birgə ekipaj üzvləri sanki buxarlanıb yoxa çıxmışdılar. Gəmini təsadüfən aşkar edən digər yük gəmisinin kapitanı Morxaus “Mari Selesta”nın sahibi kapitan Briqqsi çox yaxşı tanıyırdı. Briqqs ən istedadlı kapitanlardan biri hesab edilirdi. Ona görə də dənizdə özbaşına üzən “Mari Selesta”nı görəndə Morxaus heyrətdən özünü az qalsın itirsin. “Mari Selesta” ilə əlaqələrin saxlanılmasının mümkün olmadığını görən Morxausun göstərişi ilə matroslar onun göyərtəsinə qalxdılar. Amma gəmidə ekipaj üzvlərindən heç kim yox idi. Hansısa səbəbdənsə ekipaj üzvlərinin tələm-tələsik gəmini tərk etdiyi dərhal nəzərə çarpırdı. Belə ki, ekipaj üzvlərinin şəxsi əşyalarına belə əl vurulmamışdı. Gəminin növbə dəftəri də yox idi. Yalnız kapitanın yaddan çıxıb qalan gündəliyində 25 noyabr qeydləri və Azor adaları yaxınlığında onun tərk edildiyi qeyd olunmuşdu. Gəmidə ekipaj üzvlərinə qarşı hər hansı zorakılıq halları da yox idi. Bəs onda gəmini niyə tələm-tələsik tərk etmişdilər? Bu suala Morxaus cavab tapa bilmədi. Ona görə də o, gəminin idarəçiliyini öz üzərinə götürərək onu dekabr ayının 13-də Hibraltara gətirdi. Hibraltarda gəmini yoxlayan mütəxəssislər kayutda qurumuş qana bənzər ləkə aşkar etdilər. Ancaq bu ləkənin analizi heç bir nəticə vermədi. Ona görə də gəminin ekipajının hara yoxa çıxması ilə bağlı bu günə kimi çoxsaylı ehtimallar gündəmdə qalmaqda davam edir. “Mari Selesta”nı digər birinə satdılar, lakin sonrakı illərdə də gəmidə müəmmalı hadisələr baş verməkdə davam edirdi. Gəmi dəfələrlə qəribə insan ölümləri ilə nəticələnən qəzalar keçirdi. Nəticədə gəminin yeni sahibi “Mari Selesta”dan onu batırmaqla xilas olmaq qərarına gəldi. Beləliklə, gəmi batırıldı, ancaq onunla bağlı müəmmalar bu günə kimi sirr olaraq qalmaqda davam edir.

 

Kabus-gəmilərlə bağlı müəmmaların yalnız keçmişə aid olduğunu səhv hesab etmək olar. Belə ki, günümüzdə də kabus-gəmilər problemi özü ilə çoxlu sayda müəmmalar gətirməkdə davam edir. Nə qədər qəribə olsa da, elm və texnologiyanın ən yüksək səviyyədə inkişaf etməsinə, kosmosdan yerdə adi bir qarışqanın hərəkətini belə qeydə almağın mümkün olmasına baxmayaraq, günümüzdə belə kabus-gəmilərlə bağlı sirri açmaq mümkün olmur.

 

“Lyubov Orlova” ilə bağlı nə baş verib?

Son illərdə kabus-gəmilərlə bağlı ortaya çıxan müəmmalardan biri də “Lyubov Orlova” layneri ilə bağlıdır. 1976-cı ildə SSRİ-də inşa edilən və məşhur aktrisa Lyubov Orlovanın adı verilən laynerdən Uzaq Şərqdə müxtəliftəyinatlı yüklərin daşınmasında istifadə edilirdi. 1999-cu ildə Rusiya artıq istismar müddəti başa çatmaqda olan “Lyubov Orlova” laynerini Maltada qeydiyyatdan keçən xarici yükdaşıma kompaniyalarından birinə satdı. Laynerin yeni sahibi “Lyubov Orlova”dan Arktikaya səfərlərdə istifadə etməyə başladı. 2010-cu ildə  layner sahibinin külli miqdarda borcu olması səbəbindən “Lyubov Orlova”nı müsadirə etdilər. Layner 2 il həbsdə qaldıqdan sonra onu Dominikan Respublikasına metal qırıntısı kimi satdılar. “Lyubov Orlova”nın yedəklə Dominkan Respublikasına aparılması zamanı Karib hövzəsi rayonunda dənizdə güclü fırtına baş verdi. Nəticədə “Lyubov Orlova”nın yedəyində istifadə edilən troslar qırıldı. Ekipajın səylərinə baxmayaraq, “Lyubov Orlova”nı yenidən yedəyə götürmək mümkün olmadı. Nəticədə “Lyubov Orlova” açıq dənizdə dalğalar qoynunda gözdən itdi. Dənizdə fırtına yatandan sonra “Lyubov Orlova”nın axtarışına başlanıldı. Dənizdən və havadan, o cümlədən kosmosdan axtarışlar bir nəticə vermədi. Layneri heç yerdə tapmaq mümkün olmadı. Ona görə də “Lyubov Orlova”nın dəniz sularında qərq olması ehtimalı daha məntiqli hesab edilərək, onun axtarışı dayandırıldı.

Üstündən bir müddət sonra, 2013-cü il fevral ayının 1-də Kanadaya məxsus neft daşıyan”Atlantik Havk” (”Atlantic Hawk”) tankeri “Lyubov Orlova”nı İrlandiya sahillərindən 1700 kilometr məsafədə, okean sularında özbaşına üzdüyünü aşkar etdi. Kabus-gəmi dənizdəki neft buruqları üçün ciddi təhlükə doğura bilərdi. Ona görə də laynerin hərəkət istiqaməti dərhal nəzarət altına alındı.

Fevral ayının 4-də kabus-layner Sent-Consdan 463 kilometr məsafədə idi. “Lyubov Orlova”nı yenidən yedəyə götürmək, onu sahibinə, Dominikan Respublikasına təhvil vermək mümkün idi. Lakin Kanada hökuməti gəmi ilə bağlı baş verəcək hər hansı bir qəzanın və ya faciəli hadisənin günahkarının onun sahibi olacağını bəyan edərək onun yedəyə alınması üçün tədbir görmədi. Nəticədə “Lyubov Orlova” yenidən okean sularında yoxa çıxdı. Bundan sonra yenidən  4250 ton ağırlığı olan “Lyubov Orlova” kabusu okeanın müxtəlif sahələrində peyda olaraq, yük və sərnişin daşıyan gəmilərlə toqquşma təhlükəsi əmələ gətirdi. Bununla bağlı müvafiq səviyyədə laynerin məxsus olduğu ölkə qarşısında məsələ qaldırılsa da, kabus-laynerdən gələn təhlükənin qarşısını almaq üçün hər hansı bir tədbir həyata keçirilmədi. Nəticədə sosial şəbəkələrdə «Lyubov Orlova» haradadır (whereisorlova.com)?” adı altında kabus-laynerə həsr edilən müzakirələr getməyə başladı. Hətta bəzi futbol geyimlərinin üzərinə belə “Lyubov Orlova” haradadır?” adlı sözlər yazaraq satışa buraxıldı. Bu da, öz növbəsində, qısa müddətdə həmin futbol geyimlərinin milyonlarla adam tərəfindən alınmasına səbəb olaraq, istehsalçıya böyük həcmdə gəlirlər gətirdi.

2014-cü ildə kabus-layner bu dəfə İrlandiya sahillərindən 2,4 min kilometr məsafədə aşkar edildi. Mütəxəssislər belə hesab etdilər ki,  “Lyubov Orlova” İngiltərə sahillərinə doğru üzür. Ona görə də hökumət orqanları dərhal kabus-layner təhlükəsinə qarşı hazırlıq görməyə başladılar. Lakin “Lyubov Orlova” yenidən okean sularında yoxa çıxdı. Onu bu günə kimi görən olmayıb. “Lyubov Orlova” ilə bağlı nələrin baş verməkdə olduğu isə müəmma olaraq qalmaqda davam edir…

“Ledi Lovibond”

XVIII əsrdə dənizçilər dənizdə müəmmalı hadisələrlə rastlaşanda bunu müəyyən xoşagəlməz hadisələrin baş verməsi əlaməti ilə izah edirdilər. Ona görə də onlar kabus-gəmilərlə rastlaşanda ona min cür əfsanəvi don geyindirirdilər. Belə əfsanələrdən biri də XVIII əsrdə “Ledi Lovibond” gəmisi ətrafında yarandı. 1748-ci il fevral ayının 13-də ailə həyatı quran Saymon Rid  həyat yoldaşı, gözəl Annettlə birgə özünə məxsus olan “Ledi Lovibond” gəmisində Böyük Britaniyadan Portuqaliyaya bal səyahətinə çıxdı. Hələ dənizə çıxmazdan əvvəl Ridin birinci köməkçisi Con Rivers sahibinin yenicə evləndiyi həyat yoldaşına vurulmuşdu. Bal səyahətinə çıxan gənc ər-arvadın hər hərəkəti Rivers tərəfindən qısqanclıqla qarşılanmağa başlamışdı. Bu qısqanclıq sonda Rivers tərəfindən Ridin öldürülməsinə gətirib çıxardı. Bundan sonra gəminin idarəçiliyini ələ keçirən Rivers La-Manş vasitəsi ilə Qudvin qumluqları deyilən əraziyə doğru istiqamət götürdü. Amma mənzilbaşına çatmamış gəmi qəzaya uğradı. Nəticədə həm Rivers, həm də Ridin dul həyat yoldaşı dalğalara qərq oldular… Gəmini də ondan sonra bir daha “gördüm” deyən olmadı. 1848-ci ildə “Ledi Lovibond”la bağlı baş verən qəzadan sonra o, Qudvin qumluqları ətrafında peyda oldu. Dərhal gəmini aşkar edən balıqçılar onun göyərtəsinə qalxaraq araşdırma apardılar. Diqqətlə araşdırılmasına baxmayaraq gəminin göyərtəsində heç kim tapılmadı. Dənizçilər “Ledi Lovibond”la nə etmək barədə məsləhətləşərkən kabus-gəmi qəfildən yerindən tərpənərək sürətlə okean sularında yoxa çıxdı. Sanki hansısa qüvvə kabus-gəmini dənizçilərin əlinə keçməməsi üçün onlardan uzaqlaşdırılmışdı… 1948-ci ildə “Ledi Lovibond” kabus-gəmisi  yenidən Qudvin qumluqları sahilində peyda oldu. Kabus-gəmini aşkar edən təcrübəli kapitan Ball Prestviko onun aparatla şəklini çəkdi. Sonra qayıqlarla gəmiyə yaxınlaşmaq, onun göyərtəsinə çıxmaq istədi. Lakin  dənizçilər qayıqlarla “Ledi Lovibond” kabus-gəmisinə yaxınlaşdıqları vaxt o sanki bunu hiss etdi. Yenidən gəmi gözlənilmədən hərəkətə gələrək dənizçilərin heyrətli baxışları altında okean sularında gözdən itdi… Kabus-gəmi ilə bağlı baş verənlər isə hələ də elmi tədqiqatçılar tərəfindən açılmamış sirr olaraq qalır. “Ledi Lovibond” kabus-gəmisinin bir də Qudvin qumluqları ətrafında 2048-ci ildə peyda olacağı ehtimal edilir.

Qeyd edək ki, Qudvin qumsallıqları La-Manş körfəzindəki Dil şəhərindən 10 kilometr məsafədə yerləşir. Bura suyun ən dayaz yeridir. Bəzən bu dayazlıqlar hiss edilmədiyindən adı çəkilən ərazidə 2000-dən artıq gəmi qəzaya uğrayıb.

 

“Eliza Battle”

1852-ci ildə İndianada inşa edilən “Eliza Battle” gəmisi prezidentlərin əylənməsi üçün nəzərdə tutulmuşdu. Bu gəmidə bir neçə dəfə yüksək səviyyəli qonaqların şərəfinə əyləncələr təşkil edilmişdi. Amma gəmidə hətta qonaqlar olmayanda belə musiqi səsləri, əylənən adamların şən hay-küyləri gəlirdi. Gəmini mühafizə edənlər dəfələrlə onu yoxlamış, ancaq əyləncə səslərinin haradan gəldiyini müəyyən edə bilməmişdilər. 1858-ci ilin soyuq fevral gecələrindən birində “Eliza Battle”də qəfildən yanğın başladı. Həmin vaxt gəmidə növbəti dəfə əyləncə məclisi təşkil edilmişdi. Məclisdə gəmi heyəti də daxil olmaqla 100-dən artıq adam vardı. Qəfildən başlayan yanğının ardınca güclü küləyin başlaması nəticəsində alov hər yanı əhatə etdi. Çətinliklə də olsa adamların bir hissəsini gəmidən təhlükəsiz yerə çıxara bildilər. Lakin 26 nəfər bu yanğının qurbanına çevrildi. Üstündən illər ötəndən sonra “Eliza Battle”nin yandığı yerdə kabus-gəmi peyda olmağa başladı. Əvvəlcə, bunu ilğım kimi qəbul etdilər. Lakin kabus-gəmini görənlər onun ilğım olmadığı qənaətinə gəldilər. Şahidlərin dediklərinə görə, hər il yazın gəlişi ərəfəsində “Eliza Battle” kabusu yanğın yerində peyda olur. Çayın yuxarı axarı istiqamətində üzən kabus-gəmidən yenə də şən əyləncə səsləri gəlir. Əvvəlcə, bunu alimlər yerli əhalinin uydurması kimi qəbul etdilər. Lakin araşdırmalar zamanı kabus-gəminin hərəkətini çəkmək, oradan gələn əyləncəli səsləri qeydə almaq mümkün oldu. Kabus-gəmiyə xüsusi mühafizə katerləri ilə yaxınlaşmaq, onu tutub saxlamaq istədilər. Lakin kabus-gəmi bir andaca sanki havaya buxarlanaraq yoxa çıxdı. Belə ehtimal edilir ki, kabus-gəminin sirri heç vaxt açılmayacaq…

 

Kabus-gəmilərin  gözlənilmədən peyda olaraq ən təcrübəli dənizçiləri belə çaşqınlıq içində qoyması, ümumiyyətlə, dəfələrlə müşahidə edilib və edilməkdə davam edir. Əlbəttə,  kabus-gəmilərlə bağlı sirləri açmaq mümkün olmasa da, ona  mifik don geydirmək halları kifayət qədər çoxdur. Lakin bütün  hallarda elə kabus-gəmilər var ki, onlarla bağlı baş verən sirli məqamların üzə çıxarılması bu sahə üzrə hərtərəfli biliyə malik olan kadrların hazırlanmasını  tələb edir. Belə kadrlar isə günümüzdə belə hazırlanmır. Buna da səbəb inkişaf etmiş dövlətlərin belə kabus-gəmilərlə bağlı baş verən müəmmalı sirlərin açılmasına dırnaqarası baxması, bu iş üçün tələb olunan dərəcədə maliyyə vəsaiti ayırmaq istəməməsidir. Kabus-gəmilərlə bağlı araşdırmanı öz üzərlərinə götürən və dövlətdən kifayət qədər maliyyə vəsaiti ala bilməyən elmi araşdırma mərkəzləri isə əksər hallarda maliyyə çatışmazlığı səbəbindən başladıqları işi sona çatdıra bilmirlər… Bunu “Carrol A. Deering” yük gəmisi ilə bağlı baş verənlər də sübut etməkdədir.

 

“Carrol A. Deering”

(“Kerroll A. Dirinq”)

Dənizdə baş verən digər müəmmalı kabus-gəmi hadisəsi kiçik yük gəmisi ( şxuna) Carrol A. Deering ( Kerroll A. Dirinq) ilə bağlıdır. 1911-ci ildə inşa edilən 5 dorlu kiçik yük gəmisi sahibinin oğlunun adı ilə “Kerroll A. Dirinq” adlandırıldı. 1920-ci il, dekabr ayının 2-də “Kerroll A. Dirinq” Rio-de Janeyrodan ABŞ-ın Norfolk şəhərinə yola düşdü. Amma “Kerroll A. Dirinq” təyinat yerinə gedib çıxa bilmədi və dənizdə heç bir fəlakət siqnalı, “SOS” vermədən yoxa çıxdı. Yalnız baş verən hadisədən 2 ay sonra “Kerroll A. Dirinq” suyun dayaz yerinə ilişərək qalmış halda aşkar edildi. Ekipaj heyəti hansısa səbəbdən gəmini tərk etmişdi. “Kerroll A. Dirinq”in müəmmalı şəkildə yoxa çıxması və iki aydan sonra quruya oturmuş halda tapılması ilə bağlı məsələni ABŞ Ticarət Nazirliyi sərt şəkildə araşdırmağa başladı. Onlarla şahidin dindirilməsindən sonra məlum oldu ki, 1921-ci il, yanvar ayının əvvəllərində “Kerroll A. Dirinq” ABŞ-a səfəri çərçivəsində Barbados adalarında dayanıb. Bu zaman kapitan Uormello onun birinci köməkçisi Mak-Lellan arasında hansısa səbəbdən mübahisə baş verib. Sonuncu, öz növbəsində, kapitanı öldürməklə hədələyib. Bu mübahisədən sonra Mak-Lellan başqa gəmilərdə iş axtarıb. O deyib ki, kapitan nizam-intizamı pozan matrosları cəzalandırmağa imkan vermir. Amma heç bir gəmi Mak-Lellanı işə qəbul etmək istəməyib. Mak-Lellan nəticədə sərxoşluğa qurşanıb və yerli əhali ilə yumruq savaşına çıxmağa başlayıb. Onu buna görə həbsə atsalar da, məsələdən xəbər tutan Uormell Mak-Lellanı həbsdən azad edərək gəmiyə gətirib. 1921-ci il yanvar ayının 9-da gəmi yenidən dənizə çıxıb. Bundan sonra “Kerroll A. Dirinq”lə nə baş verdiyini müəyyən etmək çətin olub.  Yanvarın 16-da “Kerroll A. Dirinq”i Baham adaları ətrafında gördülər. Əlverişli hava şəraitinin olmasına baxmayaraq, “Kerroll A. Dirinq” bir yelkənlə hərəkət edirdi. 18 yanvarda gəmiyə Kanaveral burnunda rast gəlindi. Yanvar ayının 23-də isə gəmi artıq Keyp-Fir mayakının ətrafında üzürdü. Yanvar ayının 25-də həmin ərazidə ( Keyp-Fir mayakı) “SS Hevvitt” paroxodu izssiz-tozsuz yoxa çıxdı. Həmin vaxt yoxa çıxan gəmi ilə eyni ərazidə üzən “Kerroll A. Dirinq” nə üçünsə “SS Hevvittlə” əlaqəyə girməmişdi.  Yanvar ayının 29-da “Kerroll A. Dirinq” Lukatum burnu ətrafındakı mayaka paralel olaraq üzməyə başladı. Hətta mayak gözətçisi fotoaparatla “Kerroll A. Dirinq”in şəklini də çəkib. Mayak gözətçisinin sözlərinə görə, gəmidəki kürən matros göyərtədən qışqıraraq ona deyib ki, fırtına zamanı yakordan (gəmini yerində saxlamaq üçün suya buraxılan zəngirə bağlanmış qarmaqlı metal ox)  məhrum olublar. O bu barədə gəminin sahibinə xəbər verməsini mayak gözətçisindən xahiş edib. Amma ratsiyanın xarab olması səbəbindən mayak gözətçisi bu barədə gəmi sahibinə məlumat verə bilməyib. Mayak baxıcısının dediyinə görə, “Kerroll A. Dirinq”in göyərtəsində olanlar rəsmi qəbul zamanı geyinən xüsusi bayram formasında idilər, onunla isə kapıtan və ya onun köməkçisi deyil, adi matros danışıb. Yanvarın 30-da “Kerroll A. Dirinq”i Hatteras burnu ətrafında üzən gördülər. Yanvarın 31-də isə ABŞ sahili mühafizə xidməti əməkdaşları “Kerroll A. Dirinq”in suyun dayaz yerinə ilişdiyini və hərəkət edə bilmədiyi barədə məlumat verdilər. Onun yelkənləri qaldırılmışdı, göyərtəsində olan qayıqlar isə yoxa çıxmışdı. Həmin vaxt dənizdə güclü fırtına qopduğundan “Kerroll A. Dirinq”ə yalnuz fevralın 4-də yan almaq mümkün oldu. Amma gəminin göyərtəsində ekipaj üzvlərindən heç kim yox idi. Bundan əlavə, gəmidə növbə jurnalı, sənədlər, naviqasiya avadanlığı, ekipaj üzvlərinin şəxsi əşyaları, o cümlədən yakor da yox idi. Yalnız kapitanın kayutasında 3 cüt müxtəlifölçülü ayaqqabı aşkar etdilər. Kayutadakı xəritədə sonuncu qeyd yanvar ayının 23-də edilmişdi. Baş verən hadisə ilə bağlı cinayət işi başlanıldı. Ancaq istintaq araşdırmaları məsələyə aydınlıq gətirə bilmədilər. Ona görə də gəmidə baş verənlərlə bağlı istintaq işlərinin dayandırılması qərara alındı. Dayazlığa ilişib qalan “Kerroll A. Dirinq”i oradan çıxarmaq təhlükəli olduğundan onu partlatdılar. Amma “Kerroll A. Dirinq”in qalıqları uzun müddət diqqəti cəlb etməkdə davam etdi. Gəminin heyətinin müəmmalı şəkildə yoxa çıxması ilə bağlı sirr isə bu günə kimi açılmamış qalıb. “Kerroll A. Dirinq”in heyətinin dənizdə batdığı və ya gizlicə haraya isə getdiklərini müəyyən etmək mümkün olmayıb və olmayacaq. “Kerroll A. Dirinq”in quruya oturduğu yerdə isə arabir onun kabusu görünür, sonra yoxa çıxır. Amma dənizçilər artıq buna adət ediblər və kabusu görən kimi Allaha dua edir, bununla da ondan gələ biləcək təhlükədən özlərini sığortalamağa cəhd edirlər.

 

“Bayçimo” (“Baychimo”)

Dənizdə özünəməxsus şəkildə bir iz qoyan müəmmalı kabus-gəmilərdən biri də “Bayçimo” gəmisidir. “Bayçimo” gəmisi 1911-ci ildə  Almaniya ticarət kompaniyasının sifarişi ilə İsveçdə inşa edilib. “Bayçimo” I Dünya müharibəsi zamanı Böyük Britaniya da daxil olmaqla dəniz döyüşlərinin baş verdiyi hər yerdə odun-alovun içindən keçmiş, ancaq kiçik bir zədə belə almamışdı. I Dünya müharibəsindən sonra “Bayçimo” Kanada sahillərindən dəri yükü daşımaqla məşğul olurdu. 1931-ci il, oktyabr ayının əvvəllərində “Bayçimo” qəfil havanın dəyişməsi və güclü şaxtaların düşməsi səbəbindən buzlar arasında qaldı. Gəmi heyəti müvəqqəti olaraq onu tərk edərək, yaxınlıqdakı sahildə sığınacaq tapdı. Bir həftədən sonra havaların yenidən isinməsi buzların əriməsinə yol açdı. “Bayçimo”nun buz əsirliyindən azad olduğunu görən gəmi ekipayı ona qayıdaraq yollarını davam etdirdilər.  Ancaq “Bayçimo” oktyabr ayının 15-də yenidən buzlar arasında sıxılıb qaldı. Bunu görən gəminin ekipajı bu dəfə gəmidən bir az aralıdakı sahilə çıxdılar. Bir ay davam edən şaxtalardan sonra hava yenidən açıldı və buzlar əriməyə başladı. Bunu görən gəmi heyəti gəmiyə qayıtmaq qərarına gəldilər. Lakin “Bayçimo”nu yerində tapa bilmədilər. Belə hesab etdilər ki, gəmi batıb. Lakin bir neçə gün sonra həmin ərazidə dəniz pişiklərini ovlayan yerli ovçu “Bayçimo”nu sahildən 45 mil aralıda gördüyüni söylədi. Gəmi heyəti dərhal oraya yollanaraq qiymətli yükü oradan çıxararaq geriyə qayıtdılar. Dənizdə özbaşına taleyin hökmünə buraxılan gəmi isə dəfələrlə dənizçilərin qorxulu kabusuna çevrildi. 40 il ərzində dənizçilər dəfələrlə onu müxtəlif yerlərdə üzən gördülər. Gəmini yedəyə götürmək üçün dəfələrlə cəhdlərə baş vuruldu. Lakin pis hava şəraiti “Bayçimo”ya yaxınlaşmağa imkan vermədi. Kabus-“Bayçimo”nun sahildə üzən gəmilərə təhlükə verəcəyindən ehtiyat edən Alyaskanın federal hökuməti onu yedəyə alaraq sahilə çıxarmaq qərarına gəldilər. Lakin “Bayçimo”nun üzinə heç yerdə rast gəlmək mümkün olmadı. Hazırda “Bayçimo”nun harada olması məlum deyil…

 

“Flying Dutchman” – “Uçan

hollandiyalı” kabusu

Okean sularında üzən peşəkar dənizçilər arasında ən çox yayılan əfsanələrdən biri  “Uçan hollandiyalı” (”Flying Dutchman”) kabus-gəmisi ilə bağlıdır. Deyilənə görə, 1700-cü ildə hollandiyalı təcrübəli dənizçi kapitan Filipp Van der Dekken (Van Straaten) Qərbi Hindistandan qayıdırmış. Gəminin göyərtəsində gənc ər-arvad da varmış. Qızın gözəlliyi kapitanı valeh etdiyindən o, gənc oğlanı öldürür. Sonra da qıza özünə ərə gəlməyi təklif edir. Kapitanın bu təklifini eşidən qız öldürülmüş ərinin namusunun ləkələnməməsi üçün özünü dənizə atır və dalğaların qoynunda həlak olur. Qızın həlak olmasından az sonra gəmi Ümid burnu ətrafında fırtınaya düşür. Gənc ərin öldürülməsi, qızın isə özünü dənizə atmasından sonra kapitandan narazı qalan matroslar tufana düşərək bətbəxt hadisə ilə üzləşmələrinin səbəbini kapitanın Allaha ağır gedən əməli ilə izah edir və buna görə ona narazılıqlarını bildirirlər. Bunu görən kapitan bir neçə nəfər matrosu güllələyir və deyir ki, burnu keçmədən heç kəs sahilə çıxmayacaq. Nəticədə gəmi  fırtınadan sağ çıxmır və onun taleyi bu günə kimi məlum deyil. Belə hesab edilir ki, gəmi gənc ər-arvadın lənətinə tuş gəlib və ona görə də ondan heç kəs sağ-salamat qurtarmayıb. Bundan sonra təcrübəli peşəkar dənizçilər dəfələrlə uzaqdan üzən “Uçan hollandiyalı” kabus-gəmini görür, amma ona yaxınlaşa bilmirlər. Belə hesab edilir ki, “Uçan hollandiyalı”ya rast gəldilərsə, demək,  dənizdəkilərə bədbəxtlik gətirəcək. Ona görə də dənizçilər həmişə “Uçan hollandiyalı” gəmi- kabusu gördükdən sonra son dərəcə işlərini ehtiyatlı tutur, hər vasitə ilə özlərini gözləyəcək bədbəxt hadisələrdən sığortalamağa cəhd edirlər. “Uçan hollandiyalı”  kabus-gəmisi isə günümüzdə belə gözlənilmədən peyda  olaraq dənizçiləri heyrətə və qorxuya salmaqda davam edir…

Əziz Mustafa