AÇG-də neft hasilatını artırmağa “Qərbi Çıraq” da kömək etmədi

565
Ötən il “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsində 1 milyard dollar əməliyyat məsrəflərinə və 2,3 milyard dollar əsaslı məsrəflərə xərclənib.
 Bu barədə qəzetimizə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Şirkətindən verilən məlumatlara istinadən apardığımız hesablamalar göstərir ki, 2013-cü illə müqayisədə ötən il AÇG layihəsində əməliyyat məsrəfləri üçün 31,5% və ya 228 milyon dollar çox vəsait xərclənib. Əsaslı məsrəflərə isə 18,8% və ya 533 milyon dollar az vəsait yönəldilib. Əvvəlki hesabatlardan fərqli olaraq “BP-Azərbaycan” sonuncu hesabatında qarşıdakı il üçün AÇG layihəsində əməliyyat və əsaslı məsrəflərə nə qədər vəsait xərcləyəcəyini açıqlamayıb. 2014-cü il ərzində AÇG-nin “Qərbi Çıraq”, “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri” və “Dərinsulu Günəşli” platformalarından birlikdə gündə orta hesabla 638 min barel və ya ümumilikdə bir il üçün 233 milyon barel (31,5 milyon ton) neft hasil edilib. Məlumat üçün bildirək ki, 2013-cü illə müqayisədə gündəlik hasilat 2,6% və ya 17,4 min barel, ümumi hasilat isə 2,5% və ya 6 milyon barel (0,7 milyon ton) azalıb. Bundan başqa ötən il AÇG-də 84 hasilat və 39 injektor quyusu istismarda olub. Beləliklə son bir il ərzində 3 hasilat, 2 injektor quyusu istismara verilib.

 Neft hasilatını artırmaq mümkün olmur…

Açıqlanan məlumatlar göstərir ki, son illər AÇG-də əməliyyat xərclərinin artırılmasına, istismarda olan quyularının sayının çoxaldılmasına baxmayaraq hasilat aşağı düşməkdə davam edir. Bildiyimiz kimi, AÇG-də hasilatın azalmasına hələ 2 il əvvəl Prezident İlham Əliyev də münasibət bildirib. Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında ölkə başçısı  o zaman ölkə sənayesində müşahidə olunan tənəzzülün əsəs səbəbkarı kimi BP şirkətini göstərib. Ölkə başçısı deyib ki, bu sahədə yaşanan tənəzzül bilavasitə neftin hasilatının aşağı düşmsi ilə bağlıdır ki, bu da sırf “Azəri”, “Çıraq” yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən BP şirkətinin kobud səhvləri nəticəsində mümkün olmuşdur. Ancaq görünən odur ki, Prezidentin iradlarına və artan məsrəflərə rəğmən neft hasilatını artırmaq mümkün olmur. Hətta ötən il AÇG-də yeni platformanın – “Qərbi Çıraq”ın istismara verilməsinə baxmayaraq hasilatı artırmaq mümkün olmayıb. Qeyd edək ki, “Qərbi Çıraq” Xəzər dənizindəki ən böyük platformadır.

Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator – 35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%) və ONGC Videş Limited (OVL) (2,7%) şirkətləridir.

“Şahdəniz”də əməliyyat və əsaslı xərclər 2 dəfə artıb

2014-cü il ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 400 milyon dollar əməliyyat xərcləri və 3 milyard 900 milyon dollar əsaslı xərclər çəkilib. Qeyd edək ki, 2013-cü ildə bu göstəricilər müvafiq olaraq 200 milyon və 1 milyard 700 milyon dollar olub. Göründüyü kimi, 2013-cü illə müqayisədə ötən il həm əməliyyat, həm də əsaslı xərclər təxminən 2 dəfə artıb. “BP-Azərbaycan”dan bildiriblər ki, əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə aiddir. Eyni zamanda qeyd edək ki, AÇG layihəsində olduğu kimi “Şahdəniz” layihəsində də qarşıdakı il üçün nəzərdə tutulan xərclər açıqlanmayıb və bu da “BP-Azərbaycan”ın hesabatlarında bir ilkdir. İl ərzində yataq Azərbaycan (ARDNŞ-yə), Gürcüstan (GOGC şirkətinə) və Türkiyə (BOTAŞ-a və BTC şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirib. Ötən il yataqdan 9,9 milyard kubmetr qaz və 2,3 milyon ton  kondensat hasil edilib.  “Şahdəniz” layihəsində BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Upsrim (6,7%), Statoyl (15,5%),  LUKOYL (10%), NİKO (10%) və TPAO (19%) şirkətləri iştirak edirlər.

Allahverdi Cəfərov