Abşeron çimərliyinin adı qalıb

0
489

Nicat İntiqam
Hər il yay mövsümündə istirahət üçün üz tutduğumuz məkanlardan biri də çimərliklər olur. Yəqin razılaşarsınız ki, tanınmış otellərin və istirahət mərkəzlərinin çimərliklərinə giriş, buradakı xidmət haqqı yüksək olduğundan çox adam bu məkanlara gedə bilmir. Odur ki, əksər insanlar məhz digər çimərliklərə üz tuturlar. Lakin təəssüf ki, buradakı xidmətlər heç də qənaətbəxş, standartlara uyğun deyil…
Qeyd edək ki, yay mövsümü ilə əlaqədar çimərlik ərazilərində dəniz suyunun monitorinqləri başa çatmaq üzrədir. Nəticələr iyunun 5-də açıqlanacaq. Monitorinq Səhiyyə Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə aparılır. Dəniz suyunun laborator müayinələri aparılır, kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçirilir. Laborator analizlərin nəticələrinə əsasən, çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək.
Bəs çimərliklərimizdə hər il hansı problemlər müşahidə olunur? Hər il çimərliklərimizdə üzləşdiyimiz hansı problemlər var ki, onların həllinə hələ də nail olmaq mümkün olmayıb?
“Problem çoxdur”
“Ekoleks” Ekoloji Hüquq Mərkəzinin eksperti Samir İsayev mövzu ilə bağlı bir neçə məqama toxundu: “Çimərliklər var ki, sırf çimərlik xidməti həyata keçirirlər. Çimərliklər də var ki, otellərin, istirahət mərkəzlərinin nəzdindədir. Otellərin nəzdində olan çimərliklərdə xidmətlər baxımından vəziyyət nisbətən qənaətbəxşdir. Ona görə ki, buranı idarə edən şəxslərin hüquqi statusu məlumdur və onlar həmin torpaqları hansısa bir formada əldə ediblər. Təbii ki, xidmətləri də həmin otellərdə istirahət edən insanlara təqdim edirlər. Əksər yerlərdə kifayət qədər uğurlu xidmət həyata keçirilir. Digər çimərliklərə gəlincə, vəziyyət, demək olar ki, hamısında eynidir – problemlər çoxdur”.
S. İsayev Azərbaycanda çimərliklərə bağlı olan obyektlərin çoxunun məhz çimərlik ərazisində, qumun üzərində yerləşməsini təəssüflə qeyd etdi: “Digər ölkələrdə belə deyil. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda bütün çimərlik xidmətləri göstərən obyektlər, yəni binalar, qurğular, restoranlar, kafelər, hamısı məhz qumun üzərində tikilib, yerləşdirilib. Dünyanın heç bir ölkəsində məhz çimərlik qumunun üzərində siz hər hansı bu cürə obyekt görə bilməzsiniz.
Xarici ölkələrdə qumun üzərində yalnız çətirləri qoyurlar, uzanmaq üçün plastmas vasitələri yerləşdirirlər. Lakin tikilmiş və quraşdırılmış bütün xidmət sferaları çimərliyin dəniz sahilindəki ərazisindən kənarda olur. Bizdə isə yox”.
“Pulu yoxdursa və ya pul vermək istəmirsə, nə etməlidir?”
Samir İsayevin sözlərinə görə, Azərbaycanda əksər çimərliklər restoran xarakteri daşıyır: “Restoran olmayan çimərliklərin özləri belə restoran xarakteri daşıyır. Yəni stol qoyulur, stul qoyulur. Azərbaycandan başqa, heç bir yerdə qumun üzərinə stol-stul qoyulan çimərlik görə bilməzsiniz. Təbii ki, otellərin çimərlikləri istisna olmaqla”.
Ekspertin dediyinə görə, çimərliklərdə tullantıların çeşidlənib idarə edilməsi ilə bağlı məsələ də həll olunmayıb: “Sadəcə olaraq, bəzi çimərlik sahibləri ya mədənidir, ya da imkanlıdır ki, səliqəli zibil qabları qoyurlar. Bəziləri isə plastmas vedrələr və s. əllərinə nə keçir onu zibil qabı kimi çimərliyə qoyurlar. Çimərlik gününün axırına qədər bəzilərində zibilliyin əlindən tərpənmək olmur. Bu, ilk növbədə, onunla bağlıdır ki, hər il çimərlik xidmətləri özü düzgün təşkil edilmir. Bayaq dediyim kimi, qumun üzərinə yeməküstü masalar qoyulur – insanlar orada yemək yeyirlər. Qarpız gətirirlər, pomidor gətirirlər, xiyar gətirirlər. Yeyəndən sonra bunu ən yaxşı halda hansısa zibil qutusuna və ya bu məqsədlə qoyulmuş hansısa qaba atırlar. İki-üç nəfər məhsulları ora atandan sonra qab, əlbəttə, dolur. Qalan insanlar bəs zibili hara atırlar? Təbii ki, həmin qabın yanına. Beləcə, dediyimiz vəziyyət yaranır”.
“Ekoleks” Ekoloji Hüquq Mərkəzinin eksperti Samir İsayev qeyd etdi ki, tullantıların, çirkab suların idarə edilməsi ilə də bağlı problemlər var: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səyi nəticəsində çimərlik operatorları çimərliklərdə “şambo”, yəni qazılan tualetlərdən istifadə etməyə başlayıblar. Nə dərəcədə effektivdir, mən bunu deyə bilmərəm, çünki mütəxəssisi deyiləm. Amma mən bir məsələni qeyd edim – çox təəssüf ki, həmin tualetlər və duş kabinələri çimərliklərdə əksər hallarda gündə bir dəfə təmizlənir. Yəni gün ərzində insanlar istifadə etdikcə ora çirkab gününə düşür və artıq 3-5 nəfərdən sonra oradan istifadə etmək olmur, natəmizlik baş alıb gedir. Bir çox çimərliklərdə tualetlərin qapısının üstünə, tutaq ki, yazırlar istifadə haqqı 50 qəpik. Yaxşı, kiminsə pulu yoxdursa və ya pul vermək istəmirsə, nə etməlidir? Məlumdur nə etməlidir…
Bundan sonra hörmətli aidiyyəti qurumlar desinlər ki, bizdə dəniz suyu bağırsaq çöpləri ilə çirklənmir. Dənizə girən 1000 adamın hamısı 50 qəpik verib girirmi tualetə? Vermirlər. Bəs nə edirlər? Bax, biabırçılıq bundadır. Çimərlik xidmətlərinə görə pul fərdi alınmamalıdır – tualetə görə, duşa görə alınmamalıdır. Dünyanın heç bir ölkəsində bu xidmətlərin hər birinə görə ayrı-ayrılıqda pul alınmır”.
Beynəlxalq standartlara uyğun olsun
Ekoloq Telman Zeynalov da əksər çimərliklərdə vəziyyətin qənaətbəxş olmadığını düşünür: “Biz öyrənmişik hər yeri zəbt eləməyə, biz öyrənmişik hər şeydən pul qazanmağa. Allah bu dənizi, bu suyu bizə veribsə, hər şey insana açıq olmalıdır. Xəzər dənizində 2 minə qədər axın var. Mən bilmirəm, tutaq ki, sabah hansı axın gəlib çıxacaq Şıxov çimərliyinə, yaxud Abşerona. Onu dəqiq öyrənmək lazımdır. Biz onu öyrənməmişik. İkinci ağrılı məqam odur ki, Abşeron çimərliklərindən qum tikinti məqsədi ilə daşınıb. İllər öncəki Abşeron çimərliyindən heç nə qalmayıb, qardaş. Əvvəllər var idi. Sovetin dövründə-50-ci, 60-cı, 70-ci illərə qədər var idi. 75-ci ildən sonra başladılar qapazlamağa – kimin nəyə gücü çatır. Biz onda deyirdik ki, kominizmə gedirik. Kim gedirdi – bir-iki faiz. Millətin 98 faizi, üzr istəyirəm, kimdənsə asılı vəziyyətdə idi. Mən çimərliyə gedib niyə pul verməliyəm? O ki qaldı tullantılara, bu sahədə də vəziyyət qənaətbəxş deyil. Bəli, standartlar var və deyək ki, o cürə olmalıdır. Ancaq təəssüfümü bildirirəm ki, belə deyil. Mən istəyərdim ki, hər şey çimərliklərimizdə beynəlxalq standartlara uyğun olsun”.