”ABŞ və Səudiyyə Ərəbistanı anlamalıdır ki…”

690
İran Silahlı Qüvvələri hər hansı dövlət tərəfindən humanitar yüklə Yəmənə yollanan gəmiyə hücum ediləcəyi təqdirdə həmin ölkəyə qarşı hərbi əməliyyatlara başlayacaq. 
Bu cür xəbərdarlıq ötən gün İran Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini briqada generalı Məsud Cəzayeri tərəfindən səsləndirilib. “İranın Qızıl Xaç cəmiyyətinin Yəmən üçün nəzərdə tutulmuş humanitar yardımını aparan gəmiyə hücum bölgədə müharibəyə səbəb olacaq”, – deyə Məsud Cəzayeri bildirib. Onun sözlərinə görə, bunun baş verəcəyi təqdirdə “müharibə alovunu söndürmək və ya nəzarətə almaq artıq mümkün olmayacaq”.

”ABŞ və Səudiyyə Ərəbistanı anlamalıdır ki, İranın təmkinliyi hədsiz deyil”, – deyə general əlavə edib. Göyərtəsində humanitar yardım yükü və müxtəlif ölkələrdən həkimlərin və mülki mütəxəssislərin olduğu gəmi ötən gün İranın Fars körfəzindəki Bəndər Abbas limanından Yəmənin Qırmızı dənizdəki Xodeyda limanına yola düşüb. Səudiyyə Ərəbistanı yükə baxış keçirmək niyyətində olduğunu bildirəndən sonra gəmi İranın hərbi gəmilərinin müşayiəti ilə hərəkətini davam etdirib.

 

Hava zərbələri nəticəsində Sanada 90 nəfər ölüb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının döyüş təyyarələrinin Yəmən paytaxtı Sanaya endirdiyi hava zərbələri nəticəsində 90 nəfər ölüb. Hava hücumu nəticəsində azı 300 nəfər yaralanıb.

Məlumata görə, dinc əhali arasında ən çox itki Sananın Hakm rayonunda qeyd alınıb. Ölənlər arasında çoxlu sayda qadın və uşaqların olduğu bildirilir.