“ABŞ və NATO-nun Qara dənizdəki təlimləri ağır nəticələrə səbəb ola bilər”

458
“ABŞ və NATO hərbi gəmilərinin Qara dənizdəki təlimləri Ukraynadakı münaqişənin nizamlanması üçün ağır nəticələrə gətirib çıxara bilər”. Belə bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə çıxış edib. “Mən bunu təxribat adlandırardım”, – deyə rusiyalı diplomat vurğulayıb.
“Qərbin Ukraynaya silah göndərməsi Rusiyanın təhlükəsizliyini təhdid edir”

O həmçinin bildirib ki, ABŞ-ın Ukraynaya kütləvi şəkildə silah göndərməyə başlamaq niyyətində olması barədə xəbərlər ciddi narahatlıq doğurur. A. Lukaşeviç ABŞ Konqresində Ukrayna hərbçilərinin təliminə və təchizatına 1 milyard dolların ayrılması haqqında xüsusi qanun layihəsi hazırlandığını da söyləyib. Rusiya XİN-nin xüsusi nümayəndəsi qeyd edib ki, Qərb ölkələrinin Ukraynaya silah göndərməsi münaqişənin sülh yolu ilə həlli prosesini pozacaq və yeni eskalasiyaya gətirib çıxaracaq: “Ukraynaya silah göndərilməsi Rusiya Federasiyasının təhlükəsizliyini də təhdid edir. Bildiyiniz ki, bizim ölkənin ərazisi dəfələrlə Ukrayna tərəfindən atəşə məruz qalıb”.

 

“ABŞ hava-desant briqadasının hərbçiləri artıq Ukraynadadır”

A. Lukaşeviç onu da əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyində ABŞ hərbçilərinin artıq Ukrayna ərazisində olduqları barədə məlumat var: “Məlumat var ki, artıq ABŞ-ın hava-desant briqadasının hərbçiləri Lvov vilayətinin Yavorskiy poliqonundadır. Onlar ukraynalı hərbçilərə silahla davranma qaydalarını öyrədəcəklər”.

Qeyd edək ki, ABŞ mart-oktyabr aylarında Ukraynaya 300 hərbçi göndərməyi planlaşdırır.

 

“NATO gizlətmir ki, bu gün Rusiya onun düşməninə çevrilir”

”NATO Ukraynada yaranmış vəziyyətdən Rusiyada Federasiyasının sərhədlərinə yaxınlaşmaq üçün istifadə edir”. Bunu isə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov deyib. “Biz diqqət yetirdik ki, NATO ölkələri diplomatik sözləri bir kənara atmaq və Rusiya sərhədlərinə doğru irəliləmək üçün Ukrayna məsələsindən bəhanə kimi istifadə etdilər”, – deyə nazir müavini söyləyib. A. Antonov qeyd edib ki, o, alyans tərəfindən Rusiya sərhədlərində nə qədər təlim keçirildiyini və Rusiya sərhədləri boyunca nə qədər hərbi uçuş həyata keçirildiyini yoxlatdırıb: “Deyə bilərəm ki, NATO-nun aktivliyi Rusiya ordusunun etdiklərini dəfələrlə üstələyir. Altı qərargahın yaradılması barədə (məsələn, Baltikyanı ölkələrdə) son qərar yalnız bir şeyi göstərir: əvvəlki bütün vədlər unudulub, NATO gizlətmir ki, bu gün Rusiya onun düşməninə çevrilir”. A. Antonovun sözlərinə görə, NATO simurq kimi dirçəlməyə imkan tapıb: “Hər kəs Sovet İttifaqının dağılmasından (təəssüf ki) sonra düşünürdü və arzulayırdı ki, növbəti düşmən kim olacaq. Artıq gözəl bir imkan var – Rusiyanı düşmənə çevirmək”. Nazir müavini Münhen təhlükəsizlik konfransında iştirak etdiyini və NATO ölkələrinin, xüsusən Rusiya ilə həmsərhəd ölkələrin nümayəndələrinin çıxışlarındakı anti-Rusiya tonundan kədərləndiyini söyləyib. Bununla yanaşı, o, NATO-nun fəallığının Rusiya üçün ciddi təhlükə törətmədiyini vurğulayıb: “Rusiya Silahlı Qüvvələri adekvat fəaliyyət göstərir. Rusiya Müdafiə Nazirliyi vəziyyətin istənilən inkişafına hazırdır və durum daim təhlil edilir”.

 

Rusiya Ermənistan da daxil olmaqla, bir neçə yerdə irimiqyaslı hərbi təlimlər keçirir

Təlimlərdə Rusiya Hərbi-Hava Qüvvələrinin hərbi hissələri və birləşmələri iştirak edir. Təlimlər Cənub, Şimali Qafqaz və Krım federal dairələrdə yerləşən 12 hərbi poliqonda, o cümələdən Rusiyanın Ermənistan, Cənubi Osetiya və Abxaziyada yerləşən hərbi bazalarda keçirilir. Təlimlərə 2 min hərbçi və 500-dək hərbi texnika cəlb olunub.