ABŞ Suriyada da İŞİD-i hədəfə aldı

681
ABŞ “İraq Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının Suriya ərazisindəki mövqelərini bombardman edib. Bununla bağlı “Fox News” telekanalı Suriya ərazisindəki təxminən 20 obyektə zərbə endirildiyi və əməliyyata Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin dəstək verdiyi barədə xəbər yayıb.
 Vaşinqtonda adının çəkilməsini istəməyən mənbələr İŞİD-in komanda mərkəzləri, təlim düşərgələri və silah anbarlarına zərbələr endirildiyini bildiriblər. Bu məqsədlə “Rockwell B-1” strateji bombardmançı təyyarəsindən, “F 16”, “F 18” təyyarələrindən və “MQ Predator” pilotsuz uçuş aparatından istifadə edilib. Terrorçuların mövqeləri “Tomahawk” raketləri ilə də vurulub. İŞİD-in əsasən Suriyanın şimalındakı Rakka şəhəri ətrafındakı obyektləri hücuma məruz qalıb.

Bu arada isə məlum olub ki, ABŞ ilk dəfə Suriyada “F-22” qırıcılarını döyüşdə sınaqdan keçirib. Bu barədə Amerika Müdafiə Nazirliyindən verilən məlumata görə, Amerika həmin qırıcılar vasitəsilə Suriyanın Rakka və ətraf şəhərlərinə həmlə edib. ABŞ-ın hücum etdiyi bu ərazilər terrorçu İŞİD-in məkanı sayılır.

Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi bildirib ki, həmin bu raket vasitəsilə ən çətin nöqtələri vurmaq əlverişlidir.

Həmçinin bildirilir ki, əməliyyatlarda Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı və Burləşmiş Ərəb Əmirliklərinin hərbi qüvvələri də iştirak ediblər.

Xatırladaq ki, daha öncə ABŞ İŞİD-in İraq ərazisindəki mövqelərini bombardman etmişdi.

Böyük Britaniyanın İŞİD-ə qarşı əməliyyatlarda iştirakı barədə qərar qəbul edilməyib

Böyük Britaniya ABŞ-ın Suriyada apardığı hərbi əməliyyatlarda iştirak etmir.

Bu barədə Böyük Britaniya Baş Naziri Devid Kemeronun dəftərxanasından bildiriblər.

Böyük Britaniya Müdafiə Nazirliyindən isə bildiriblər ki, Birləşmiş Krallığın əməliyyatlarda iştirakı barədə qərar hələlik verilməyib, hazırda məsələ ilə bağlı müzakirələr aparılır.

Türkiyə İŞİD-lə mübarizədə əlindən gələni edir

Türkiyə “İslam Dövləti” terror qruplaşması ilə mübarizə üçün mümkün olan hər şeyi edir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, “İslam Dövləti” terrorçuları ilə mübarizə onların mövqelərinə aviazərbələrin endirilməsi ilə məhdudlaşmır.

Prezident qeyd edib ki, “İslam Dövləti” terrorçuları ilə mübarizə həm Suriyada, həm də İraqda aparılmalıdır.

Yeni qaçqın axını olacaq

Suriyada “İslam Dövləti”nin mövqelərinin bombalanması qaçqınların yeni axınını yaradacaq. Bunu Türkiyənin Baş Naziri Əhməd Davudoğlu bəyan edib.

Onun sözlərinə görə, Ankara bu məsələni ABŞ rəhbərliyi ilə dəfələrlə müzakirə edib.

Dünən Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi bəyan edib ki, ABŞ “İslam Dövləti” qruplaşmasının Suriyadakı mövqelərinə aviazərbələr endirməkdə davam edəcək. Xatırladaq ki, sentyabrın 11-də Prezident Barak Obama “İslam Dövləti” terror təşkilatının yaraqlıları ilə mübarizə strategiyasını elan edib. O, qeyd edib ki, hazırda yerüstü əməliyyatlar planlaşdırılmır.

“Dəməşqin icazəsi olmadan aviazərbələr endirilməsi yolverilməzdir”

Vladimir Putin və Pan Gi Mun arasında telefon danışığı olub.

Rusiya Prezidenti Vladimir Putin və BMT baş katibi Pan Gi Mun arasında telefon danışığı olub.

Tərəflər Ukraynada yaranmış böhranı müzakirə edərək, Minsk toplantısında ölkənin cənub-şərqində əldə   edilmiş atəşkəsi alqışlayıblar.

Rusiya dövlət başçısı və BMT baş katibi “İslam Dövləti”nə qarşı dünya ictimaiyyətinin  mübarizə yolları ilə bağlı da fikir mübadiləsi aparıblar.

V. Putin bir daha vurğulayıb ki, terrorçuların Suriyada yerləşən bazalarına rəsmi Dəməşqin icazəsi olmadan aviazərbələrin endirilməsi düzgün deyil: “Dəməşqin icazasi olmadan aviazərbələrin endirilməsi yolverilməzdir”

Tərəflər Əfqanıstanda vəziyyəti müzakirə edərkən bu ölkədən gələn narkotika təhlükəsinə qarşı mübarizə yolları üzərində xüsusi dayanıblar.