ABŞ Rusiyaya qarşı yeni ittifaq qurur

0
501

Əziz Mustafa

Rusiyanın Ukraynaya qarşı təcavüzünün davam etməsi və Kremlin separatçılara hər vasitə ilə yardım göstərməsi ABŞ-ı vəziyyətdən çıxış yolu axtarmağa məcbur etməkdədir. Bu müstəvidə də ötən gün Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edən Vaşinqton təcavüz təhlükəsi ilə üzləşən Ukrayna, Gürcüstan və Moldovanı hərbi himayəsi altına almaq və belə demək mümkünsə, adıçəkilən ölkələrdən ibarət mini NATO yaratmaq niyyətindədir. Bunu ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən Rusiya təcavüzünün qarşısının alınması barədə qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsi də sübut etməkdədir. Sənədə əsasən Ukrayna, Gürcüstan və Moldovaya NATO üzvü olmadan da ABŞ-ın müttəfiqi statusunun verilməsi nəzərdə tutulur. Belə ki, sənədə əsasən Azərbaycan, eləcə də Bosniya, Serbiya, Monteneqro, Makedoniya və Kosovo təhlükəsizliyin təmin olunmasına ABŞ Silahlı Qüvvələri tərəfindən yardımlar göstəriləcək və qarşılıqlı hərbi əməkdaşlıq ən yüksək səviyyədə inkişaf etdiriləcək.

Bu isə faktiki olaraq Ukrayna, Gürcüstan, Moldova və ABŞ-dan ibarət yeni anti-Rusiya hərbi, siyasi və strateji ittifaqının formalaşdırılması cəhdi kimi dəyərləndirilə bilər. Yeni ittifaqın formalaşdırılması isə ABŞ-a Ukrayna, Gürcüstan və Moldovada daha da möhkəmlənmək imkanı verərək Rusiyanın adıçəkilən ölkələri işğal etməsinin qarşısını qismən də olsa ala bilər. İş orasındadır ki, vaxtı ilə mövcud olan SSRİ imperiyasını hər vasitə ilə keçmiş sərhədləri daxilində bərpa etməyə çalışan Putin öz məqsədinə çatmaq üçün istənilən vaxt hərbi gücdən istifadəyə əl atacağını nümayiş etdirir. 2008-ci ildə Gürcüstanın, hazırda isə Ukraynanın bir hissəsini işğal edən Rusiya faktiki olaraq Qərb üçün yenidən təhlükə mənbəyinə çevrilib. Rusiyadan Avropaya gələn təhlükənin qarşısının alınması isə Qərb dövlətlərinin birgə addımlar atmasından və bu müstəvidə təcavüz təhlükəsi ilə üzləşən postsovet ölkələri ilə hərbi əməkdaşlığı daha da genişləndirməsindən, onların təhlükəsizliklərini təmin edən tədbirlər həyata keçirməsindən asılıdır. Lakin hazırda məsələyə münasibətdə Qərb ölkələri arasında vahid mövqe olmaması səbəbindən ABŞ təktərəfli qaydada Rusiyaya qarşı Ukrayna, Gürcüstan və Moldovadan ibarət yeni hərbi siyasi müdafiə ittifaqı qurmağa cəhd edir. Amma şübhəsiz ki, ABŞ-ın məsələ ilə bağlı atdığı son addımlar gələcəkdə digər Qərb ölkələri tərəfindən də dəstəklənəcək.

Nəhayət Konqres tərəfindən qəbul edilən bu sənədi soyuq müharibə başa çatandan sonra ABŞ tərəfindən Rusiyanın işğlaçılıq siyasətinin qarşısının alınmasına yönələn ən sərt addımlardan biri hesab edilə bilər. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadə ABŞ-ın Rusiya tərəfindən təhlükə gözlənilən ölkələrlə hərbi əməkdaşlığı genişləndirmək niyyətində olmasını böyük hadisə kimi qiymətləndirib. Vəfa Quluzadənin fikrincə bu sənəd ABŞ-Azərbaycan əlaqələrində böyük hadisədir. Politoloq belə hesab edir ki, ABŞ atdığı son addımlarla Azərbaycan, həmçinin Ukrayna, Moldova və Gürcüstana Rusiyadan gələn təhlükənin qarşısını qismən də olsa ala bilər. Vəfa Quluzadə sənəddə nəzərdə tutulanların reallaşacağı təqdirdə bunun ABŞ-a və NATO ölkələrinə Azərbaycana və Rusiyadan təhlükə gözlənilən digər ölkələrə hərtərəfli hərbi yardım göstərməyə, onları müdafiə etməyə imkan verəcəyini xüsusi vurğulayıb. Öz növbəsində hərbi ekspert, ehtiyatda olan polkovnik leytenant Üzeyir Cəfərov belə hesab edir ki, Ukrayna, Moldova, Gürcüstanın, həmçinin Azərbaycanın təhlükəsizliklərinin təmin edilməsinə yönələn bu addım Rusiyaya edilən ciddi xəbərdarlıqdır. O deyir ki, sənəd qüvvəyə minəndən sonra ABŞ Azərbaycan, həmçinin Ukrayna, Moldova, Gürcüstana hərtərəfli hərbi yardım göstərə biləcək. Bu da onlara xaricdən gözlənilən təhlükənin qarşısının alınmasında önəmli rol oynaya bilər.

 

GUAM hərbi ittifaqa çevrilirmi?

ABŞ-ın Rusiyaya qarşı Ukrayna, Gürcüstan və Moldovadan ibarət hərbi siyasi qurum yaratmaq istiqamətində atdığı addımlar diqqətin GUAM-a (Ukrayna, Gürcüstan, Azərbaycan və Moldova) cəlb edilməsinə gətirib çıxarıb. İş orasındadır ki, yeni hərbi siyasi ittifaqın özəyini təşkil edəcək ölkələrdən 3-ü GUAM-ın üzvüdür. ABŞ-ın rəsmi şəkildə özünə müttəfiq elan etmədiyi digər ölkə olan Azərbaycanla isə hərbi əməkdaşlığın ən yüksək səviyyədə inkişaf etdirilməsi nəzərdə tutulub. Bu baxımdan Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi və ona qarşı xaricdən gələ biləcək təhlükənin qarşısının alınması məqsədi ilə ABŞ yeni müttəfiq ölkələrə münasibətdə olduğu kimi Bakıya da geniş hərbi yardımlar göstərəcək. Bu isə de-fakto Azərbaycanın da ABŞ-ın yeni müttəfiqi olan ölkələr sırasında yer tutması anlamına gəlir. Digər tərəfdən də, Azərbaycanın ABŞ-ın müttəfiqləri sırasına daxil edilməsi GUAM-ın iqtisadi birlikdən hərbi birliyə çevrilməsi kimi də dəyərləndirilə bilər. Təsadüfi deyil ki, məsələnin bu tərəfinə diqqəti cəlb edən əksər siyasi müşahidəçilər və hərbi ekspertlər konqresdə qəbul edilən sənədi GUAM-ın hərbi birliyə çevrilməsi istiqamətində atılan addımlar olduğu qənaətindədirlər. Belə bir fikir vurğulanır ki, yeni qurum Polşa və Litva ilə birlikdə Rusiyaya qarşı yeni hərbi sipər yaradılmasına xidmət edə bilər.

Bu isə o deməkdir ki, Polşanın əsas rol oynayacağı yeni müdafiə sipəri Baltik dənizindən Qara dənizə kimi uzanan böyük bir ərazidə Rusiyaya qarşı Qərbin ön savaş xəttini təşkil edəcək. Buraya Azərbaycanı da əlavə edəndə de-fakto yeni müdafiə sisteminin Xəzər dənizinə kimi uzana biləcəyi ehtimal edilir. Yeni hərbi müdafiə sisteminin yaradılması isə hazırda Rusiya ilə elan edilməmiş müharibə vəziyyətində olan Ukrayna üçün böyük hərbi siyasi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, yeni sənədin ikinci oxunuşda qəbulu Ukraynada ruh yüksəkliyi ilə qarşılanıb. Ötən gün Ukrayna Kütləvi İnformasiya Vasitələri yeni sənədin qəbul edilməsi ilə ölkələrinin NATO üzvü olmadan da adıçəkilən quruma üzv dövlətlərdən geniş hərbi yardım ala biləcəyini vurğulayıblar. Şübhəsiz ki, bu sənəd olmasa belə Qərb hadisələrin gedişindən asılı olaraq Ukraynaya hərbi yardımları artırmaqda davam edəcək.

 

Baltik dənizindən Qara dənizədək sipər

Konkret olaraq adıçəkilən sənədin qəbulu ilə başda ABŞ olmaqla Qərb ölkələrinin Ukraynaya hərtərəfli hərbi yardımlar göstərməsinə gəlincə, bu məsələyə münasibətdə fikir ayrılıqları var. Məsələn, Ukrayna Siyasət İnstitunun direktoru Konstantin Bondarenko belə hesab edir ki, NATO üzvlərinin razılığı olmadan Kiyevə birbaşa hərbi yardımlar göstərilməsi mümkün deyil. Onun fikrincə ABŞ təktərəfli addımlarla Ukraynanı kifayət qədər müdafiə edə, ona hərbi yardım göstərə bilməyəcək. Bondarenko GUAM-ın bazasında hərbi ittifaq yaradılacağı məsələsinin də şişirildiyini söyləyir. Bondarenkonun fikrincə, Rusiyaya qarşı yeni müdafiə sipəri Polşa, Litva və Ukrayna ilə birgə yaradıla bilər. Öz növbəsində, Hadisələrin Modelləşdirilməsi Agentliyinin rəhbəri Vitali Bala isə NATO-suz da ABŞ-ın özünə yeni müttəfiq elan etdiyi ölkələrə geniş hərbi, hərbi-texniki yardım göstərə biləcəyini söyləyib. O xatırladıb ki, ABŞ Avropa Birliyindən əvvəl Rusiyaya qarşı yeni, daha sərt sanksiyalar tətbiq etdi və müttəfiqlərini müdafiə etmək üçün eyni addımları hərbi sahədə də atacaq. Vitali Balanın dediklərində müəyyən qədər həqiqət olduğunu AB rəsmillərinin açıqlamaları da sübut edir. Belə ki, AB rəhbərliyi qurumla assosiativ üzvlük haqqında anlaşma imzalayan hər ölkəyə münasibətdə vəziyyətdən asılı olaraq individiual köməkliklər göstərilməsinin vacibliyini bəyan edib. Bu isə o deməkdir ki, lazım gələcəyi halda ABŞ Ukraynaya yalnız iqtisadi və siyasi deyil, həm də ən yüksək səviyyədə hərbi texniki yardım göstərəcək.

Bu isə Rusiya ətrafında Baltik dənizindən Qara dənizə kimi uzanacaq böyük bir ərazidə yeni hərbi sipər qurula biləcəyini göstərir. Yeni müdafiə sisteminin əsas oyunçuları isə mini NATO ölkələri ( Ukrayna, Moldova, Gürcüstan, həmçinin Polşa, Litva) olacaq. Bu quruma vəziyyətdən asılı olaraq Estoniya, Latviya və Azərbaycanın da daxil edilə biləcəyi istisna edilmir. Hadisələrin belə bir istiqamətdə inkişaf etməsi isə Rusiyaya yaxşı heç nə vəd etmir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here