ABŞ Orta Asiyada hərbi baxımdan yenidən fəallaşır

651

Rusiyanın beynəlxalq aləmdə təsir dairəsi uğrunda mübarizəni yeni bir mərhələyə keçirdiyi və dünyanın müxtəlif bölgələrində ABŞ başda olmaqla Qərb ölkələrinə “soyuq savaş” açmaqda davam etməsi qarşı tərəfi də analoji addımlar atmağa məcbur etməkdədir. Bu baxımdan ABŞ-ın Orta Asiyada yenidən fəallaşması diqqəti cəlb edir. Necə deyərlər, ABŞ Rusiyanın dünyanın müxtəlif bölgələrində təsir dairəsi uğrunda mübarizə aparmasına Kremlin ənənəvi şəkildə özünün “ağası” hesab etməkdə davam etdiyi keçmiş sovet respublikalarında çevik siyasət yeritməsi ilə cavab verməkdədir. Özü də ABŞ-ın postsovet respublikalarına, o cümlədən Orta Asiya dövlətlərinə münasibətdə əvvəllər yeritdiyi iqtisadi, siyasi təsir dairəsi uğrunda mübarizəsində bu dəfə hərbi-strateji yardımlar planını önə çıxarıb. ABŞ-ın Qazaxıstanla hərbi əlaqələri daha da genişləndirmək üçün atdığı addımlar da bunu sübut etməkdədir. Belə ki, bir neçə gün öncə ABŞ-la Qazaxıstan arasında 2016-2017-ci illərdə hərbi əməkdaşlıq planı imzalanıb. Planın əsasında ABŞ-ın Qazaxıstanın hərbi müdafiə qabiliyyətinin artırılmasına ən yüksək səviyyədə yardımlar göstərməsi, qazax ordusunun peşəkar səviyyədə təşkili və onun yaxın xaricdən gələn təhlükəyə qarşı özünü müdafiə etməsinə imkanlar verməsi niyyətləri dayanır. Qazaxıstan ordusunun peşəkar səviyyədə qurulması və onun istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirə bilməsi üçün qazax zabitlərin ABŞ-ın ali hərbi məktəblərində və müxtəlif təyinatlı qoşun birləşmələrinin keçirdiyi təlimlərdə iştirak etmələri də nəzərdə tutulub. Bu sahədə əldə edilən təcrübənin öyrədilməsi və onların vətənə qayıtdıqdan sonra biliklərini peşəkar ordu quruculuğu prosesində tətbiq etməsi də önə çıxarılıb. Məsələnin bu tərəfinə diqqəti cəlb edən Qazaxıstan Müdafiə Nazirliyinin Hərbi-Strateji Tədqiqatlar Mərkəzinin prezidenti Kozı-Korpeş Karbuzov: “ABŞ-la Qazaxıstan arasında hərbi-strateji əməkdaşlığın genişləndirilməsi, ilk növbədə, dinc məqsədlərə, qazax ordusunun yüksək peşəkar səviyyədə təşkilnə xidmət edir. ABŞ peşəkar ordu yaradılması sahəsində böyük təcrübəyə malikdir və bu müstəvidə də qazax zabitlər adıçəkilən ölkənin müxtəlif hərbi hissələrində təcrübə keçəcək, onlarla hərbi təlimlərdə çiyin-çiyinə iştirak edəcəklər. Bu amil ordumuzun peşəkarlığının artmasına, ordumuzun sivil hərbi tələblərə uyğun şəkildə qurulmasına imkan verərək, ölkəmizə xaricdən gələn təhdidlərin qarşısını almağa yardım edəcək”,-deyir.

Qeyd edək ki, son iki ildə Qazaxıstanla ABŞ arasında hərbi əməkdaşlıq çərçivəsində çoxsaylı birgə tədbirlərə baş vurulub. Belə ki, ABŞ bu müddət ərzində Qazaxıstanın hərbi-hava qüvvələri, hərbi-dəniz donanması və hərbi polis əməkdaşları, o cümlədən zabit və kiçik heyət, serjant və proporşiklər üçün kurslar təşkil ediblər. Bu ilin fevral ayının 18-də isə Qazaxıstan Müdafiə Nazirliyi bəyan edib ki, ölkənin hərbi-dəniz qüvvələrinin starşinaları ilk dəfə ABŞ-ın ali hərbi müəssisələrində təcrübə keçəcəklər. Martın 2-də isə Pentaqon bəyan edib ki, ABŞ-da təcrübə keçəcək Qazaxıstan Hərbi-Dəniz Donanmasının hərbi qulluqçularının sayı iki dəfə artırılacaq. Qazax Hərbi Dəniz Donanması qulluqçularının sivil hərbi təcrübəyə dərindən yiyələnməsi məqsədi ilə onlar ingilisdilli kurslara cəlb ediliblər. Eyni zamanda iki ölkə hərbçiləri arasında birgə hərbi təlimlərin intensivləşdirilməsi də diqqət mərkəzindədir. Xatırladaq ki, ötən ilin yayında Qazaxıstanda ABŞ və Böyük Britaniyadan olan hərbçilərin iştirakı ilə sayca 13-cü olan “Çöl qartalı-2015” hərbi təlimləri keçirildi. Bu hərbi təlimlər yüksək səviyyədə keçdi və onda iştirak edən ABŞ və Böyük Britaniyanın yüksək səviyyəli hərbçiləri qazax hərbçilərin peşəkarlıqlarından, təlimlərdə nümayiş etdirdikləri çevikliklərdən, ən mürəkkəb tapşırıqları yerinə yetirmələrindən məmnun olduqlarını, eyni zamanda bundan heyrətə də düşdüklərini xüsusi vurğuladılar. Bu müstəvidə də ABŞ və Böyük Britaniya ilə Qazaxıstan arasında birgə hərbi təlimlərin mütəmadi olaraq keçirilməsi qərara alınıb.
Aydın məsələdir ki, Qazaxıstanla ABŞ və Böyük Britaniya arasında hərbi əməkdaşlığın genişləndirilməsinə xidmət edən tədbirlər Rusiyada birmənalı qarşılanmır. Rusiyanın əksər hərbi ekspertləri belə hesab edirlər ki, Avrasiya İqtisadi İttifaqının və MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Qazaxıstanın ABŞ və onun Qərbdəki müttəfiqləri ilə hərbi əməkdaşlığı genişləndirməsi adıçəkilən hər iki qurumun nizamnaməsinə ziddir. Belə ki, istər MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, istərsə də Avrasiya İttifaqı ilə ABŞ və onun müttəfiqləri əks cəbhədə dayanıblar. Belə bir vəziyyətdə Qazaxıstanın ABŞ və onun müttəfiqləri ilə hərbi əməkdaşlığı genişləndirməsi Moskvanı narahat etməkdədir. Lakin Moskva, hələlik, Qazaxıstan-ABŞ hərbi əməkdaşlığına da mane ola bilmək iqtidarında deyil.

Tacikistan da hədəfdə
ABŞ yalnız Qazaxıstanla deyil, bölgədə Rusiyanın ikinci hərbi plasdarmı hesab edilən Tacikistanla da hərbi əlaqələri genişləndirməkdədir. Belə ki, bu ilin fevralında ABŞ-da terrorizmlə mübarizə məqsədi ilə Orta Asiya dövlətlərinə 50 milyon dollar hərbi yardım ayrılması barədə qərar qəbul edilib. Bu hərbi yardımın böyük hissəsi Tacikistan üçün nəzərdə tutulub. Tacikistana ayrılan hərbi yardım, ilk növbədə, ölkənin Əfqanıstanla sərhədlərini yüksək səviyyədə qoruması üçün hərbi-texnoloji avadanlıqların alınmasına xərclənəcək. ABŞ tərəfindən Tacikistana göstərilən hərbi yardımlar digər hərbi proqramlar çərçivəsində də davam etdirilir. Belə ki, bu ilin fevral ayının 29-da Tacikistan Hərbi Sərhəd Xidməti Baş Qərargahının 13 zabitinə Pentaqondan olan təlimatçılar tərəfindən radio-rabitə sistemində işləmək və bu məqsədlə adıçəkilən ölkəyə verilən sərhəd hərbi xəbərdarlıqlar sistemindən istifadə etmək qaydaları öyrədilib. Bundan bir həftə öncə isə ABŞ-ın Tacikistandakı səfiri Elizabet Millard sərhədlərin təhlükəsizliyinin təmini və bununla bağlı risklərin idarə olunması üzrə Düşənbədə Orta Asiya Ölkələri Regional Mərkəzinin açılışında iştirak edib. Buna paralel olaraq, ABŞ tərəfindən narkotik malların dövriyyəsi ilə effektli mübarizə üçün Tacikistanın müvafiq qurumlarına 2 milyon dollar dəyərində texniki avadanlıqlar hədiyyə edilib. Eyni zamanda ABŞ tərəfindən Tacikistana müxtəlif hərbi məqsədlər üçün istifadə ediləcək “Toyota Korella” markalı 5 maşın da daxil olmaqla, 175 min dollar dəyəri olan gülləkeçirməz dəbilqələr, hərbi jiletlər, lazer və gecəgörmə cihazları verilib. Eyni zamanda Tacikistan Müdafiə Nazirliyinin çevik hərbi birləşmələri üçün 250 min dollar dəyəri olan yeni hərbi səhra tibb kompleksi təqdim edilib. Buna paralel olaraq, Tacikistanın yüksək səviyyəli zabitlərinin orta və kiçik rütbəli heyətin ingilis dilini öyrənə bilməsi üçün dil öyrənmə kursları təşkil edilib. Xatırladaq ki, ötən il ABŞ tərəfindən nüvə silahı ilə alverin qarşısını almaq məqsədi ilə Tacikistan Gömrük Xidmətinə və Nüvə və Radiasiya Təhlükəsizliyi Agentliyinə müasir texniki avadanlıqlarla təchiz edilən 4 ədəd xüsusi təyinatlı maşın verilib. Narkotik malların alverinin qarşısının alınmasına yardım məqsədi ilə 2015-ci ildə ABŞ Tacikistanın Darvaza və Çirqatal rayonunda 2 milyon dollar dəyəri olan və ən müasir avadanlıqlarla təchiz edilən iki bina inşa edərək təhvil verib. Buna paralel olaraq, Tacikistan Dövlət Təhlükəsizliyi Komitəsi və Milli Qvardiyasına 1 milyon dollar, Tacikistan Daxili İşlər Nazirliyinə və Dövlət Sərhədi Müdafiə Xidmətinə isə 5 milyon dollar dəyəri olan xüsusi təyinatlı 87 avtomaşın təqdim edilib.
Bu ildə də ABŞ-ın Tacikistana hərbi-texniki yardımları davam edəcək. Bu isə ən azından Rusiyanın bölgədəki hərbi təsirinin zəiflədilməsinə və adıçəkilən ölkədə Vaşinqtonun daha da möhkəmlənməsi məqsədlərinə xidmət edir. Hələlik, iqtisadi baxımdan böhran keçirməkdə olan Rusiya ABŞ-ın bölgədə hərbi-texniki baxımdan öz təsirini artırmasına analoji şəkildə cavab verə bilmir.

Özbəkistan və digər
bölgə ölkələrinə hərbi yardımlar
Orta Asiyada ABŞ-dan ən böyük hərbi-texniki yardım alan ölkə Özbəkistandır. Ötən ilin avqust ayında ABŞ Müdafiə Nazirliyi müxtəlif təyinatlı 328 zirehli maşın, o cümlədən 308M-ATV tipli zirehli texnika, 20 ədəd təmir-evakuasiya maşını verib. 2015-ci ilin iyun ayının 29-da isə Özbəkistan Milli Təhlükəsizlik Xidməti İdarəsi ABŞ-dan əvəzi ödənilmədən 20 ədəd MAN-TGM markalı avtomobil alıb. Ötən ilin iyul ayında ABŞ tərəfindən Orta Asiyada ilk dəfə özbək zabitlərin ingilis dilini öyrənməsinə xidmət edəcək NATO Təlim-Kurs Mərkəzi açılıb.
“Manas” hərbi bazasından çıxmağa məcbur edilməsinə baxmayaraq, ABŞ Qırğızıstanla da hərbi əməkdaşlığı genişləndirməkdə davam edir. Bu məqsədlə də Qırğızıstan ordusunun yenidən qurulması üçün qarşı tərəfə müxtəlif hərbi-texniki yardımlar göstərilməkdədir. ABŞ neytral siyasət yeridən Türkmənistanla da hərbi-texniki əməkdaşlığı yeni müstəviyə keçirməkdədir. Bu məqsədlə də Türkmənistana xaricdən gələ biləcək təhlükəyə qarşı Aşqabada hərbi-texniki yardımların göstərilməsi qərara alınıb.
Bu hərbi-texniki yardımların həcmi barədə məlumat verilməsə də, Aşqabadın istər Əfqanıstan, istərsə də digər ölkələrdən gələn təhlükəyə qarşı ABŞ-dan kifayət qədər böyük həcmdə hərbi-texniki yardım alacağı vurğulanır. Beləliklə, ABŞ Rusiyanın dünyanın müxtəlif bölgələrində ona qarşı yeni “soyuq savaş” başlatmasına cavab olaraq, analoji tədbirlər həyata keçirməkdədir. Bu tədbirlərin nə qədər effektli olub-olmayacağını isə gələcək göstərəcək.

Əziz Mustafa