ABŞ Kuba ilə diplomatik münasibətləri bərpa edir

624

Beynəlxalq aləmdə  baş verən son hadisələr, o cümlədən Rusiyanın Krımı işğal edərək  Ukraynanın cənub-şərqində separatizmi körükləməkdə davam etməsi Avropanı və ABŞ-ı vəziyyətdən çıxış yolu axtarmağa məcbur edib. Bu müstəvidə də hətta SSRİ dağıldıqdan sonra belə, sosializmin son dayaqlarından biri olaraq qalmaqda davam edən Kubaya Qərbdə münasibətin dəyişməsi diqqəti cəlb edir. Halbuki son hadisələrə kimi Kuba diqqət mərkəzindən kənarda qalan və az qala  beynəlxalq aləmdə unudulmağa başlayan dövləti xatırladırdı.

Rusiya ilə Qərb arasında ziddiyyətlərin durmadan dərinləşməkdə davam etdiyi bir vaxtda  ABŞ-ın Kuba ilə  diplomatik əlaqələrin bərpası istiqamətində hərəkətə keçməsi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə müəyyən qədər gözlənilməz olub. Belə ki, bir neçə gün bundan əvvəl ABŞ Prezidenti Barak Obama  Kuba ilə əlaqələri normallaşdırmağa hazır olduğunu bəyan edib. Barak Obamanın Kuba lideri Raul Kastro ilə yarım saatdan artıq davam edən telefon söhbətində müəyyən problemlərin mövcud olmasına baxmayaraq, ikitərəfli əlaqələri bərpa etməyə hazır olduğunu söyləyib. Bununla belə, Obama qeyd edib ki, ABŞ həmişəki kimi Kubada insan haqlarına hörmət edilməsi və demokratiyanın təmini məsələsini gündəmdə saxlayacaq. Obama Kuba lideri Raul Kastro ilə telefon söhbətinin məğzi barədə ABC telekanalına verdiyi müsahibəsində deyib ki, Kubada insan hüquqlarının müdafiəsi və demokratiyanın inkişaf etdirilməsi əvvəlki kimi ABŞ-ın diqqət mərkəzində qalmaqda davam edəcək. Barak Obama: “Əlbəttə, biz qısa müddətdə Kubada arzuladığımız dəyişikliklərin baş verəcəyini gözləmirik. Çünki bunun üçün zamana ehtiyac var. Ancaq Kubada nəsillərin dəyişməsi prosesi gedir və bu, şübhəsiz ki, iki ölkə arasında daha səmimi dostluq münasibətlərinin bərpa edilməsinə imkan verəcək”,-deyib.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, ölkəsinin Kuba ilə diplomatik münasibətləri bərpa etməsi, qarşılıqlı gediş-gəlişlərin artması ada əhalisi arasında amerikalılara düşmən ovqatın dəyişməsinə gətirib çıxararaq, kubada demokratiyanın bərpasına və insan hüquqlarının müdafiəsinə yardım edəcək.  Obamanın  Kuba ilə bağlı son açıqlamasından belə başa düşmək olar ki, ABŞ-ın Kuba siyasəti tamamilə fərqli müstəvi üzərinə keçirilir və Vaşinqton Havana ilə yaxınlaşmaq üçün bütün imkanlardan istifadə etmək niyyətindədir. Təbii ki, Obamanın son açıqlaması beynəlxalq aləmdə də geniş əks-sədaya səbəb olaraq, çoxsaylı ehtimalların ortaya çıxmasına yol açıb. Bu da əsassız deyil. İş orasındadır ki, ABŞ-la Kuba arasında yarım əsrdən artıq bir müddətdir diplomatik əlaqələr yoxdur. 1959-cu ildə Kubada SSRİ-nin yardımı ilə hakimiyyətə gələn Fidel Kastronun adada sosializm qurulacağını bəyan etməsindən sonra Vaşinqton Havana ilə diplomatik münasibətləri kəsmişdi. Buna paralel olaraq, ABŞ Kubanı iqtisadi blokadaya alaraq, hər vasitə ilə onun beynəlxalq aləmdən təcrid olunması siyasəti yeritdi. SSRİ dağılandan sonra Vaşinqtonda ümid edirdilər ki, Kuba Rusiya ilə əlaqələri kəsərək, ABŞ-la yaxınlaşma yolu seçəcək və sosializm ideyalarından imtina edəcək. Ancaq gözlənildiyinin əksinə olaraq, Kuba rəhbərliyi sosializm ideyalarına sadiq qalmaqda və Rusiya ilə əvvəlki münasibətləri qoruyub saxlamaqda davam etdi. Bununla belə ABŞ-da Kubanın gec-tez dəyişəcəyinə ümid edərək sosializm bloku dağılandan sonra faktiki olaraq meydanda tək qalan Kubaya münasibətdə hər hansı bir sərt addım atmadı.

 

Rusiya qorxusu

Obamanın Kuba siyasətinə yenidən baxmağa məcbur edən müəyyən səbəblər var. Bu da Rusiyanın Krımı işğal edərək yenidən Qərbə meydan oxuması və soyuq müharibəni körükləməsi ilə bağlıdır. Qərbin sanksiyalarına və NATO-nun Rusiyanın sərhədlərində yenidən fəallaşmasına cavab olaraq  Putinin bəzi Latın Amerikası ölkələri, o cümlədən Kubanın simasında özünə hərbi strateji müttəfiq axtarması öz növbəsində ABŞ-ı narahat etməyə bilməzdi.  Hadisələrin gedişi göstərir ki, Vaşinqtonda Moskvanın yenidən Kubanın ABŞ-a qarşı özünün mübarizə meydanına çevirə biləcəyindən ehtiyat edirlər. Belə bir fikir vurğulanır ki, ABŞ-ın gözlənilmədən Kuba ilə yaxınlaşma siyasəti yeritməyə başlaması da bununla əlaqədardır. Digər tərəfdən də ABŞ-ın Kubanı təcridetmə siyasətinin səhv olduğu və bunun Vaşinqtona heç nə vermədiyi də göz önündədir. Ekspertlərin əksəriyyətinin fikrincə, əslində ABŞ SSRİ dağılandan sonra Kuba ilə diplomatik münasibətləri bərpa etməli və adıçəkilən ölkə ilə əməkdaşlığı daha da genişləndirməli və bu məsələdə gözləmə mövqeyi tutmamalı idi.

Məsələnin bu tərəfinə diqqəti cəlb edən ABŞ dövlət katibi Con Kerri: “50 ildən çoxdur ki, bizim Kubaya münasibətdə yeritdiyimiz siyasət dəyişməyib. Amma bu müddət ərzində Kubanın çiçəklənən demokratik dövlətə çevrilməsi yolunda heç nə edə bilməmişik; əksinə, Kubanı iqtisadi baxımdan təcrid etmək siyasəti yeritməklə onu özümüzdən daha da uzaq salmışıq. Kubanı təcrid etmək siyasəti ABŞ-ın özünə qarşı çevrilərək Kubanın bizdən deyil, bizim Kubadan təcrid olunmağımıza səbəb olub. Kubanı təcrid siyasəti bizə yaxşı heç nə vermədi”,-deyib.

Con Kerri Kubaya münasibətdə ABŞ-ın siyasətini dəyişdirməsinin gec də olsa, düz olduğunu vurğulayıb. O deyib ki,  Obamanın göstərişinə əsasən,  gələn ilin yanvar ayında Kuba ilə diplomatik əlaqələrin bərpa edilməsinə yönələn ilk addımlar atılacaq: “Prezident Barak Obamanın  göstərişi əsasında gələn ay  Qərb yarımkürəsi məsələləri üzrə köməkçim Robert Ceksonun başçılığı atında Amerika nümayəndə heyəti  Kubaya səfər edəcək. Səfər çərçivəsində Kubanın dövlət rəsmiləri ilə keçiriləcək görüşlərdə iki ölkə arasında diplomatik əlaqələrin bərpa edilməsi və miqrasiya məsələləri əsas müzakirə hədəfi olacaq. Bundan əlavə, Obamanın təklifi ilə nümayəndə heyətinə göstəriş vermişəm ki, Havanada keçiriləcək danışıqlarda Kubanın adının terrorçu dövlət siyahısından çıxarılması niyyətində olduğumuzu və onların da bu xoş məramımıza eyni tərzdə cavab vermələrini arzuladığımızı qarşı tərəfin diqqətinə çatdırsınlar.  Onu da deyim ki, bu səfər son 60 ildə iki ölkə arasında keçiriləcək ilk rəsmi görüş olacaq. Mən bu çərçivədə də Kubaya gedəcək ilk yüksək səviyyəli ABŞ rəsmisi olmaq arzusundayam. Ona görə də nümayəndə heyətimizin Havanaya səfərini və danışıqların nəticələrini səbirsizliklə gözləyirəm”.

ABŞ-ın Kuba ilə münasibətləri bərpa etməsi isə, öz növbəsində, Rusiyanın yenidən adıkeçmiş müttəfiqindən Vaşinqtona qarşı hərbi baza kimi istifadə etmə cəhdlərini boşa çıxara bilər.

Xatırladaq ki, hələ ötən ilin payızında Barak Obama 1,5 milyon kubalı immiqrantın yaşadığı Florida ştatına səfər edərkən demişdi ki, amerikalıların yeni nəsli Kuba ilə münasibətlərin normallaşdırılması və iki ölkə arasındakı problemlərin həllini arzulayır.

Qeyd edək ki, Kubada da ABŞ-la münasibətlərin normallaşdırılmasını arzulayırlar. Çünki ABŞ-ın iqtisadi blokadasının davam etməsi Kubanı iqtisadi inkişafdan 10 illərlə geri salıb. Xüsusilə, SSRİ-nin dağılmasından sonra Moskvanın və digər keçmiş sosialist bloku ölkələrinin maliyyə dəstəyindən məhrum olan Kuba son 20-23 ildə iqtisadi baxımdan ən ağır günlərini yaşayır. Bütün hallarda ABŞ-la diplomatik əlaqələrin bərpa edilməsi Kubanın iqtisadi blokadadan  çıxmasında, həmçinin  qonşu ölkənin bazarının yerli mallara açılmasında önəmli rol oynaya bilər. Yeri gəlmişkən, onu da deyək ki, ABŞ-da Kuba ilə diplomatik münasibətlərin normallaşdırılmasının əleyhdarı da kifayət qədərdir. Məsələn, Nümayəndələr Palatasının spikeri Con Beyner Obamanın Kuba ilə diplomatik münasibətləri bərpa etmək cəhdini mənasız adlandırıb. Onun sözlərinə görə, Kubada rejim dəyişməyincə və hakimiyyətə yeni güclər gəlməyincə Havana ilə diplomatik münasibətləri bərpa etmək yaxşı heç nə vəd etmir. Əslən Kubadan olan respublikaçı senator Marko Rubio da bildirib ki, Kuba ilə əlaqələrin normallaşdırılması kommunist rejiminin daha da möhkəmlənməsinə gətirib çıxaracaq. O hər vasitə ilə Obamaya Kuba ilə münasibətlərin normallaşdırılmasına mane olacağını  söyləyib.  Bununla belə, hadisələrin gedişi göstərir ki, istənilən halda Kuba ilə diplomatik münasibətlərin bərpa edilməsi artıq ABŞ üçün qaçılmaz zərurətə çevrilib.

 

Əziz Mustafa