ABŞ İŞİD və Suriya taktikasını dəyişir

529
Ötən ayın əvvəllərindən başlayaraq İraq Şam İslam Dövlətinə (İŞİD) qarşı mübarizənin daha da genişləndirilməsinə baxmayaraq, silahlılar ciddi müqavimət göstərməkdə davam edirlər.
 Bu müstəvidə də İŞİD silahlıları İraq və Suriyada strateji önəm daşıyan əraziləri əllərində saxlamaqda davam edirlər. Digər tərəfdən də, gözlənildiyi kimi ABŞ hərbi aviasiyasının İŞİD mövqelərinə zərbələr endirməsi hələ ki sonuncuların tam şəkildə sıradan çıxarılması üçün yetərli olmayıb. Bu isə, öz növbəsində, ABŞ Prezidenti Barak Obamanı özünün bölgə siyasətini dəyişdirməyə məcbur etməkdədir. Belə ki, Vaşinqtondan verilən son məlumatlara görə, Obama İŞİD-ə qarşı İraq və Suriyada aparılan hərbi hava əməliyyatlarının arzuedilən nəticə vermədiyinə görə, bölgə siyasətində dəyişiklik etmək niyyətindədir. Bu barədə Ağ Evdəki məlumatlı mənbələrə istinadən məlumat verən CNN telekompaniyası Obamanın İŞİD-ə qarşı mübarizə, həmçinin Suriyadakı Əsəd rejiminə münasibətdə yeni taktikaya əl atmaq niyyətində olduğu barədə xəbər yayıb. Bu taktikaya əsasən, İŞİD-ə qarşı mübarizədə uğur qazanmaq üçün Obama Əsəd rejiminin devrilməsi planını önə çıxarıb.  Bununla bağlı son bir həftədə Obama Ağ Evdə 4 dəfə dalbadal xüsusi toplantı keçirib. Bu toplantıların hamısının əsasında isə Suriyanın indiki rejiminin hansı yollarla və necə dəyişdirilməsi məsələsi əsas müzakirə hədəflərindən biri olub.

 

Uğursuz  Suriya siyasəti

ABŞ-ın Yaxın Şərq siyasətinin iflasa uğraması əslində Obamanın “ərəb baharı”nı Suriya müstəvisinə keçirməyə başlamasının ilk günlərindən aydın idi. Bu müstəvidə də Suriya müxalifətinə “stavka” edən Obama bu yolla Əsəd rejiminin devrilməsinə nail ola bilmədi. Çünki “ərəb baharı”nın, belə demək mümkünsə, qələbə çaldığı ölkələrlə müqayisədə Suriyada İran və Rusiyanın mövqeyi olduqca güclü idi.   Amma məhz bu amil ( Rusiya və İranın Suriyaya dəstəyi) Obama administrasiyası tərəfindən nəzərə alınmamışdı. Ona görə də ABŞ və onun müttəfiqlərinin  müxalifətin simasında Əsəd rejimini devirmək və “ərəb baharı”nın daha geniş ölkələrə yayılmasının qarşısını almaq cəhdləri uğursuzluğa dükar oldu. ABŞ-ın “ərəb baharı”nı Suriyada sınaqdan çıxarma planına qarşı Rusiya və İrandan hərbi yardımlar da daxil olmaqla hərtərəfli dəstək alan Əsəd rejimi isə nəticədə öz hakimiyyətini qoruya və ölkənin böyük hissəsi üzərində nəzarəti saxlaya bilib. Nəticədə ABŞ-ın uğursuz Suriya siyasəti bölgədə yüz minlərlə insanın qurban getməsinə, yüzlərlə şəhər və kəndin xarabazara çevrilməsinə gətirib çıxarıb.  Buna müvafiq olaraq, uğursuzluqlara dükar olaraq Qərbdən istədikləri yardımları ala bilməyən və son nəticədə islamçı qüvvələr tərəfindən darmadağın edilən “Suriyanın dostları” koalisiyası faktiki olaraq sıradan çıxarılmış durumdadır. Bu gün  Qərb tərəfindən dəstəklənən “Suriyanın dostları” kolalisiyası faktiki olaraq son günlərini yaşamaqdadır. Suriya müxalifətinin uğursuzluğu müstəvisində bəzi Qərb ölkələri tərəfindən dəstəklənən İŞİD və digər silahlı radikal birləşmələrin meydana çıxması isə ABŞ-ın  daha bir başağrısına çevrildi. Yenə də Qərb mətbuatında gedən məlumatlara və məsələ ilə bağlı ortaya çıxarılan çoxsaylı faktlara inansaq, İŞİD-in yaradılmasında ABŞ və onun bəzi müttəfiqləri, o cümlədən İsrail yaxından iştirak edib. Bundan məqsəd isə “Suriyanın dostları” koalisiyasına paralel olaraq, Əsəd rejiminə qarşı mübarizədə daha bir cəbhə açmaq, eyni zamanda “Əl-Qaidə”nin Suriyadakı  qruplaşmasının sıralarına parçalanma salmaq, onları bir-birinə qarşı qırdırmaq olub. İlk vaxtlar belə bir taktika özünü doğrultdu, lakin sonra İŞİD ABŞ-ı hədəfə aldı və bununla da bölgədə vəziyyət Vaşinqtonun nəzarətindən çıxmış oldu.

ABŞ-ın yeni İŞİD və Suriya siyasətinə gəlincə, burada Əsədin devrilməsi və İraqın İŞİD-dən təmizlənməsi planı önə çıxarılıb.  Bununla bağlı məsələyə diqqəti cəlb edən ABŞ-ın Moskvadakı səfirliyinin mətbuat katibi Uilyam Stivens: “ ABŞ-ın bölgə strategiyası dəyişməyib. Əsas vəzifə İŞİD-in İraqdan sıxışdırılıb çıxarılması və onun hərbi gücünün məhv edilməsidir. Eyni zamanda Əsəd rejimi Suriyada  ekstremizm üçün maqnit rolunu oynamaqda davam edir. Obama aydın şəkildə Əsədin öz legitimliyini itirdiyini onu dəstəkləyənlərin diqqətinə çatdırıb. Biz ona görə də Əsəd rejiminin tam şəkildə beynəlxalq aləmdə təcrid edilməsinə və demokratik müxalifətin  mövqelərinin möhkəmləndirilməsinə yardım edirik”,-deyib.

Amma hadisələrin gedişi göstərir ki, Obamanın Əsəd rejimini devirmək planı və bu çərçivədə Yaxın Şərq siyasəti artıq iflasa uğrayıb.

 

ABŞ-a qarşı yeni İŞİD

“Əl-Qaidə” işbirliyi

ABŞ və onun müttəfiqlərinin hava zərbələri nəticəsində son vaxtlar böyük itkilər verməkdə olan İŞİD öz növbəsində İraqda və Suriyada ələ keçirdiyi bir çox yaşayış məntəqələrini tərk etməyə məcbur olub. Bununla belə, İŞİD hələ də təhlükə mənbəyi olaraq qalmaqda davam edir. Vəziyyətdən çıxış yolu tapmaq və öz itkilərinin yerini doldurmaq məqsədi ilə İŞİD qüvvələrini yenidən cəmləşdirmək və əvvəllər dost münasibətdə olmadıqları güclərlə işbirliyinə girməyə cəhd edirlər. Bunun da səbəbi aydındır: Belə ki, ABŞ, Kanada və Fransa hərbi aviasiya qüvvələrinin aramsız hava hücumlarına məruz qalaraq ağır itkilər verən və faktiki olaraq bölgədə təklənmiş duruma düşən İŞİD-in varlığını qoruyub saxlaya bilməsi özünə yeni müttəfiqlər tapmasından asılıdır. İŞİD-ə belə bir müttəfiq isə “Əl-Qaidə” ola bilər. Son məlumatlara görə, artıq Suriyanın şimalındakı Atareb şəhərində bir araya gələn İŞİD və “Əl-Qaidə” terror qruplaşmalarının liderləri arasında əməkdaşlığa dair razılaşma əldə olunub. Görüşdən mətbuata sızan məlumatlara görə, 4 saat davam edən müzakirələrdə hər iki tərəfdən 7 yüksək səviyyəli nümayəndə iştirak edib. Qızğın müzakirələrdən sonra tərəflər öz aralarındakı düşmənçiliyə son qoyulması və ümumi düşmənə qarşı birgə mübarizə aparmaq barədə ortaq məxrəcə gəliblər. Bu çərçivədə də tərəflər İraq və Suriyada düşmənlərə qarşı birgə əməliyyata başlamaq, vahid əməliyyat planları hazırlamaq, ABŞ, Kanada və Fransa aviasiyası ilə mübarizə üçün hava hücumundan müdafiə sistemləri əldə etmək niyyətindədirlər. “Əl-Qaidə” və İŞİD arasında düşmənə qarşı birgə mübarizə barədə əldə edilən son razılıq isə, öz növbəsində, ABŞ və onun müttəfiqlərinin işini daha da çətinləşdirəcək. Çünki İŞİD- “Əl Qaidə” birliyi faktiki olaraq, regionda təhlükəli bir gücə çevriləcək və bununla da yaxın illərdə onların varlığına son qoymaq mümkün olmayacaq. Bütün bunlar isə bölgəyə yaxşı heç nə vəd  etmir.

 

ƏZIZ MUSTAFA