ABŞ İranı nüvə silahı hazırlamaqda ittiham etdi

0
333

ABŞ dövlət katibi Mayk Pompeo “İran arxivlərini” şəxsən oxuduğunu bildirib. modern.az ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, Pompeo İranı nüvə silahı istehsalında ittiham edib.

İsrailin “İranın nüvə arxivləri” adlandırdığı və İranın daxilindən əldə etdiyini bildirdiyi sənədlər haqda danışan dövlət katibi İranı yalan söyləməkdə ittiham edib.

 

“Bizim silahların yayılmaması proqramı üzrə və kəşfiyyatdan olan əməkdaşlarımız on minlərlə səhifəni fars dilindən tərcümə və təhlil edir. Analizlər bir neçə ay ərzində davam edəcək. Bizim hesablamalara görə, bu həqiqi sənədlərdir. İsrailin içəridən əldə etdiyi sənədlər, şübhəsiz ki, İran rejiminin həqiqəti söyləmədiyini göstərir” – Pompeo qeyd edib.

 

O, İranı nüvə proqramını Nüvə Enerjisi üzrə Beynəlxalq Agentlikdən və onunla nüvə müqaviləsi bağlayan 6 ölkədən də gizlətməkdə ittiham edib. O, bu addımı həmin ölkələrə və bütün dünyaya qarşı bir pis niyyətin və qeyri-konstruktiv mövqeyin göstəricisi kimi qiymətləndirib.

Pompeo bildirib ki, İran nüvə proqramını uzun illər ərzində bütün dünyadan gizlədib. Onun sözlərinə görə, İranın dəfələrlə bu proqramı dünyaya açmaq şansı olub, lakin o, bunu etməyib.

Pompeonun sözlərinə görə, İran hər zaman nüvə silahı və onu daşıya biləcək vasitələr əldə etməyə cəhd edib. O İrana yenidən inam mövzusunun gündəm olduğunu bildirib.

Qeyd edək ki, aprelin 30-da İsrailin baş naziri Binyamin Netanyahu İranın daxilindən “İranın nüvə arxivləri” adlandırdığı minlərlə səhifəlik sənədlər əldə etdiklərini iddia etmişdi. O, bu sənədlərdə İranda nüvə proqramının gedişatı haqda qeydlər aparıldığı və həmin qeydlərin sayəsində İranın nüvə silahı istehsalına davam etdiyini vurğulayıb.