ABŞ-dan Ankaraya terror tənqidi

539

İraq və Suriyada terrorçuluq edən İŞİD ilə mübarizədə Türkiyənin daha aktiv rol oynamasını istəyən Vaşinqiton Ankaradan narazıdır. Bu barədə ABŞ Beynəlxalq Kəşfiyyat Direktoru Ceyms Klapper açıqlama verib. Onun sözlərinə görə hazırda İŞİD ilə mübarizə Türkiyənin maraq dairəsində deyil: “Türkiyə İŞİD ilə mübarizəyə maraq göstərmir. Bunun da nəticəsində region ölkələrindən İŞİD-ə qoşulmaq istəyənlər Türkiyə ərazisindən keçməklə məqsədlərinə nail olurlar. Onlar Suriyaya Türkiyə vasitəsilə gedir və orada terrorçulara qoşulurlar”. ABŞ-ın 17 məxfi xidmət orqanına rəhbərlik edən C. Klapper Silahlı Qüvvələr Komitəsində təşkil olunan tədbirdə senatorların mövzu ilə əlaqədar suallarını da cavablandırıb. O, Demokrat senator Cinne Şahenin “İndiki şəraitdə Türkiyənin fəal şəkildə İŞİD ilə mübarizəyə qoşulacağına inanırsınızmı?” sualına “xeyir” cavabını verib. C. Klapper daha sonra əlavə edib ki, Türkiyənin fərqli prioritetləri və maraqları var. Onlar daha çox təhlükə hesab etdikləri kürd dirənişinə diqqət yetirirlər: “Türkiyə ictimaiyyəti arasında aparılan sorğular göstərir ki, onlar iqtisadiyyat və bu kimi şeylərə daha çox üstünlük verirlər”. Onun sözlərinə görə, Türkiyənin İŞİD-ə qarşı soyuqqanlı olması Suriyaya getmək istəyən xarici döyüşçülər üçün sərbəst şərait formalaşdırır: “Region ölkələrindən İŞİD-ə qoşulmaq istəyənlərin 60 faizi Türkiyə vasitəsilə Suriyaya keçirlər”.

Qeyd edək ki, Türkiyə və ABŞ-ın Suriyalı müxaliflərə birgə təlim keçmələrini və onları silah-sursatla  təmin etmələrini nəzərdə tutan “Öyrət-təchiz et” proqramına dair razılaşmaya imza atmalarından sonra C. Klapperin sözügedən açıqlaması diqqət çəkicidir.