ABŞ-da Şükranlıq Günü qeyd edilir

0
371

Bu gün amerikalılar Şükranlıq Gününü bayram edirlər. Ənənəyə görə bu bayram hər il noyabr ayının sonuncu cümə axşamı günü qeyd olunur.

ABŞ xəbər verir ki, bu ənənə 1621-ci ilin payızından başlanır. O vaxt Plimut koloniyasının ilk sakinləri bol məhsul götürüb və bunu üç gün bayram keçirməklə qeyd ediblər. Beləliklə, hələ də hər il qeyd olunan Şükranlıq Günü bayramı yaranıb.

1619-1620-ci illərdə bu qitəyə gəlmiş ilk sakinlərin yarısı sərt qış şəraitinə dözməyərək soyuqdan və xəstəliklərdən qırılıb. Qalan gəlmələr yerli hindilərin köməyi ilə salamat qalıblar. Hindilər onlara yerli bitkiləri yetişdirmək və daşlı-çınqıllı torpağı məhsuldar vəziyyətə gətirmək yollarını öyrədiblər. İlk amerikalılar yaxşı məhsul əldə edəndən sonra Tanrıya şükür etmək və yerli hindilərlə bərabər bayram keçirmək qərara alıblar. İlk bayramda gəlmələrə salamat qalmaq sirlərini öyrətmiş Vampanoaqi xalqının (yerli hindilərin) nümayəndələri də iştirak ediblər.

1863-cü il oktyabrın 3-də isə Prezident Avraam Linkoln Şükranlıq Gününü dövlət bayramı elan edib.

Şükranlıq günündə amerikalılar ailəliklə bir süfrə arxasında toplaşırlar. Süfrədə hökmən şirin kartofla hind toyuğundan hazırlanmış yemək olmalıdır. Lakin sonrakı illərdə Amerika dövləti formalaşdıqca müxtəlif ölkələrdən buraya immiqrantlar axını başlayanda bayram süfrəsində müxtəlif xalqların milli yeməkləri də təklif olunur. Məsələn, Amerikada yaşayan Azərbaycan ailələrinin çoxu həmin günü dostları ilə birlikdə qeyd edir, bu zaman süfrədə Azərbaycan milli yeməkləri üstünlük təşkilı edir.

Məlum olduğu kimi hər il Şükranlıq Günündən əvvəl Ağ Evdə xüsusi mərasimi keçirilir. Bu mərasim zamanı Milli Hind Toyuğu Federasiyası adından hind toyuğunu ABŞ Prezidentinə təqdim edirlər, Prezident Amerika xalqını Şükranlıq Günü münasibəti ilə təbrik edir və hind toyuğunun əfv olunması barədə rəmzi qərar çıxarır. Bu il noyabrın 21-də, hind toyuğunun təqdim edilməsi ilə əlaqədar milli mərasimin 70-ci ildönümündə Prezident Donald Tramp ABŞ-ın Birinci ailəsi adından Amerika xalqını təbrik edib. Sonra o, Minnesota ştatında yetişdirilmiş “Uişboun” və “Dramstik” adlı iki hind toyuğunu əfv edib. Əfv mərasimindən sonra həmin hind toyuqları Vircinya Politexnik Universitetinin (“Vircinya-Tek”) kampusunda daimi yerlərinə aparılıb. Orada həmin hind toyuqlarına turistlər tamaşa edəcəklər.

Hind toyuğunun ABŞ Prezidentinə təqdim edilməsi ənənəsi 1947-ci ildə Prezident Trumenin dövründə başlanıb, hind toyuğunun əfv edilməsi mərasimi isə 40 ildən sonra – 1987-ci ildə Prezident Ronald Reyqanın dövründə yaranıb. azertac