ABŞ Azərbaycanla hərbi əməkdaşlığı gücləndirəcək

Rusiyanın Ukraynadakı separatçıları dəstəkləməsinə cavab olaraq ABŞ Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan və bəzi Balkan ölkələrinin təhlükəsizliyini yükək səviyyədə təmin etmək üçün adı çəkilən dövlətlərlə hərbi əməkdaşlığı genişləndirəcək.
Ukraynada baş verən son hadisələr və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayan Rusiyanın açıq şəkildə separatçıları və terrorçuları dəstəkləməkdə davam etməsi Vaşinqtonu Moskvaya qarşı sərt addımlar atmağa məcbur etməkdədir. Bu müstəvidə də ötən gün ABŞ Konqresində prezident Barak Obamanı Azərbaycan da daxil olmaqla bəzi MDB ölkələri ilə hərbi əməkdaşlığı gücləndirməyə çağıran qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Qanun layihəsində prezident Barak Obamaya tövsiyyə edilir ki, ABŞ Silahlı Qüvvələri ilə Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Bosniya və Herseqovina, Kosovo, Makedoniya, Çernoqoriya və Serbiya arasında hərbi əməkdaşlığı gücləndirmək istiqamətində önəmli tədbirlər həyata keçirsin.

Buna paralel olaraq, qanun layihəsində NATO-ya daxil olmayan Ukrayna, Moldova və Gürcüstan ABŞ-ın hərbi müttəfiqi elan edilib.  ABŞ Konqresi tərəfindən qəbul edilən bu qanun layihəsi “soyuq müharibə” başa çatandan sonra ABŞ tərəfindən Rusiyanın işğlaçılıq siyasətinin qarşısının alınmasına yönələn ən sərt addımlardan biri hesab edilə bilər. Məsələyə münasibət bildirən Politoloq Vəfa Quluzadə ABŞ-ın Rusiya tərəfindən təhlükə gözlənilən ölkələrlə hərbi əməkdaşlığı genişləndirmək niyyətində olmasını böyük hadisə kimi qiymətləndirdi. Vəfa Quluzadə: “ Bu, ABŞ- Azərbaycan əlaqələrində böyük hadisədir. Bununla da, Azərbaycan, Ukrayna, Moldova və Gürcüstana Rusiyadan gələn təhlükənin qarşısı alınacaq. Bu sənədin qəbulu ABŞ və NATO ölkələrinə Azərbaycana və Rusiyadan təhlükə gözlənilən digər ölkələrə hərtərəfli hərbi yardım göstərməyə, onları müdafiə etməyə imkan verəcək”, – dedi.

Hərbi ekspert, ehtiyatda olan polkovnik leytenant Üzeyir Cəfərov Konqres tərəfindən qəbul edilən bu qanun layihəsini yüksək qiymətləndirib. Üzeyir Cəfərov: “ Belə hesab edirəm ki, Azərbaycanın, həmçinin Ukrayna, Moldova, Gürcüstanın təhlükəsizliklərinin təmin edilməsinə yönələn bu addım Rusiyaya edilən ciddi xəbərdarlıqdır. Bu qanun layihəsinin qəbulu ABŞ-a lazım gələcəyi təqdirdə Azərbaycan, həmçinin Ukrayna, Moldova, Gürcüstana hərtərəfli hərbi yardım göstərməyə imkan verəcək”,-dedi.