ABŞ-Azərbaycan münasibətlərini niyə gərginləşdirmək istəyirlər?

638
Ukraynada baş verən son hadisələr və bu müstəvidə Qərb-Rusiya münasibətlərinin gərginləşdiyi bir vaxtda ölkəmizə düşmən olan bəzi beynəlxalq güclər və siyasilər Azərbaycan ətrafında ajiotaj yaratmaq üçün müxtəlif cəhdlərə baş vurmaqdadırlar. 
Bu baxımdan əvvəlcə ermənipərəst mövqeyi ilə seçilən ABŞ-ın ATƏT Minsk Qrupundakı həmsədri Ceyms Uorlikin münaqişənin həlli ilə bağlı açıq-aşkar ölkəmizin ərazi bütövlüyünü şübhə altına salan açıqlamalar verməsi və bununla da düşünülmüş və düşünülməmiş şəkildə Vaşinqtonla Bakı arasında münasibətləri pozmağa cəhd etməsi ölkəmizdə ciddi narazılıqlara səbəb olub. Uorlikin bu açıqlamasına Azərbaycanın  sərt reaksiya verməsindən sonra isə Uorlik münaqişənin Madrid prinsipləri əsasında həll edilməsinin vacibliyini söyləməyə məcbur oldu. Nə qədər qəribə olsa da, Uorlikin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan açıqlamalarının iki ölkə arasında müəyyən narazılıqlara gətirib çıxardığını bilməsinə baxmayaraq, ABŞ-ın ölkəmizdəki səfiri cənab Riçard Morninqstar da Azərbaycanı qıcıqlandıran və ölkəmizin daxili işlərinə müdaxilə etmək anlamına gələn açıqlamalarla Bakı-Vaşinqton münasibətlərində yeni gərginliyin əsasını qoydu. Buna səbəb isə Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi müsahibəsində Ukraynadakı Maydan hərəkatının Azərbaycanda da baş verə bilməsi ehtimalı ilə çıxış etməsi, ölkəmizdə korrupsiya və rüşvətin  baş götürüb getməsini deməsi oldu. Zənnimizcə,  səfirin məsələnin bütün siyasi aspektlərini bir kənara qoyaraq, Ukraynadakı hadisələrin Azərbaycanda baş verə biləcəyini iddia etməsi qərəzdən başqa bir şey deyil. Çünki Ukrayna ilə müqayisədə Azərbaycanda siyasi vəziyyət xeyli fərqlidir və belə bir müqayisə də məntiqi baxımdan olduqca bəsit təsir bağışlayır. Üstəlik, Azərbaycandakı daxili vəziyyət ölkəmizdə Maydanın təkrarlanmasını qeyri-mümkün edir. Ölkəmizdə Maydanın təkrarlanmasına yol aça biləcək siyasi, iqtisadi zəmin də, demək olar yoxdur. Zənnimizcə, səfir Ukraynada baş verənlərin Azərbaycanda da təkrarlanmasını arzulayıb və bunu reallıq kimi qələmə verməyə cəhd edib. Digər tərəfdən də Ukraynada baş verən son hadisələr bu ölkənin parçalanması və ərazilərinin bir hissəsini itirmək təhlükəsini əmələ gətirib. Hər halda cənab səfir bunu bilməmiş deyil. Bəlkə cənab səfir bizə də eyni taleyi arzulayır? Bu suala cavab verməyi Morninqstarın özünə buraxırıq. Təbii ki, Morninqstarın “Azadlıq” radiostansiyasına verdiyi son açıqlama Prezident administrasiyasından Əli Həsənov və Novruz Məmmədovun sərt reaksiyası ilə nəticələndi. Hər iki yüksək səviyyəli dövlət rəsmisi amerikalı diplomatı Azərbaycanın daxili işinə müdaxilə etməkdə ittiham etdilər. Hətta səfirin geri çağırılması barədə ABŞ hökuməti qarşısında məsələ qaldırılması belə, gündəmə gəlib.

Morninqstarın Azərbaycanda korrupsiyanın vəziyyəti ilə bağlı səsləndirdiyi fikirlərə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də sərt reaksiya verib. O, Azərbaycanda rüşvət və korrupsiya ilə bağlı barışmaz mübarizə aparıldığını söyləyərək, səfirin dediklərinin qərəzli olduğunu və heç bir əsasa söykənmədiyini bildirib.  Ramiz Mehdiyevin fikrincə, Morninqstarın Azərbaycanda səfir kimi fəaliyyəti alınmayıb.

Bu baxımdan Morninqstarın və Uorlikin son qərəzli açıqlamalarının arxasında zənnimizcə, ölkəmizə təzyiq etmək, Azərbaycanı Ukrayna ətrafında gedən oyunlara cəlb etmək, qonşu ölkələrlə qarşı-qarşıya qoymaq niyyətləri dayanıb. Lakin ərazisinin 20 faizi işğal edilən Azərbaycanın kimlərinsə istəyinə uyğun olaraq qonşu Rusiya və İranla yeni qarşıdurmaya gedəcəyini düşünənlər bütün hallarda yanılırlar. Azərbaycan bölgədə marağı olan dövlətlərə münasibətdə tarazlaşdırıcı siyasət yeridir. Son illərin hadisələri də göstərir ki, belə bir siyasət ölkəmizin milli maraqlarına cavab verir. Ona görə də, kimlərsə qərəzli  vasitələrlə bizə təzyiq edə, yolumuzdan döndərə bilməyəcəklər. Konkret olaraq, Ukraynada baş verən son hadisələrə gəlincə, bunun arxasında bölgədə nüfuz dairəsi uğrunda mübarizə aparan  dövlətlərin dayandığı beynəlxalq aləmə də yaxşı məlumdur. e.mustafa@zaman.az