Abid İsmayılov: “Bu yollar mənə o qədər dost-tanış qazandırıb ki…”

716

71 gün velosipedlə səyahət edən Mingəçevir sakini Abid İsmayılov İstanbulu görmək arzusunu gerçəkləşdirib. Səyahət zamanı o, 4 min kilometr məsafə qət edib. Təqaüddə olan 68 yaşlı müəllim artıq 4 ildir ki, velosəyahətə çıxır. İndi onun ən böyük arzusu Avropa ölkələrini velosipedlə gəzməkdir.

Bu günlərdə səyahətdən qayıdan səyahətçi ilə həmsöhbət olduq. O, son səfəri ilə bağlı belə dedi:

– Ölkəmizin bütün bölgələrini, o cümlədən İran, Gürcüstan, Türkiyə və Rusiyanın bir sıra şəhərlərini velosipedlə səyahət etmişəm. Amma İstanbulda olmamışdım. Bu səfərimdə bu şəhəri də gəzib-dolaşdım. Onu da deyim ki, bu dəfəki səfəri əvvəlkilərdən  bir qədər fərqli oldu. Belə ki, yağışa düşmədim, itlərin hücumlarına məruz qalmadım, velosipedim xarab olmadı. Bir sözlə, heç bir problemlə üzləşmədim.

– Bir zamanlar xəstəliklərdən əziyyət çəkdiyinizi deyirdiniz. Yolda səhhətinizlə bağlı problemlər yaşamadınız ki?

– Bəli, mən əvvəllər həm şəkərdən, həm də yüksək təyziqdən əziyyət çəkirdim. Bu səfərlərimlə, yəni velosipedlə uzaq yollar qət etməklə onların başına bir oyun açdım ki, bir daha mənə yaxın durmadılar. Maşallah, indi, Məşədi İbadın sözü olmasın, əlhəmdülillah, quş kimiyəm… Bir sözlə, velosəyahətlər mənim sağlamlığıma və səhhətimin möhkəmlənməsinə müsbət təsir edib.

– Belə səfərlərdə yemək məsələsini necə həll edirsiniz?

– Artıq neçə ildir ki, velosipedlə müxəlif ölkələrə səfərlər edirəm. Bu səfərlərdə zamanı özümə yeməklər hazırlamaqla aşpazlığın da sirlərinə yiyələnmişəm…

– Bəs növbəti səfəriniz hansı ölkələrə olacaq?

– Ən böyük arzum Avropa ölkələrini velosipedlə gəzməkdir. Amma bu məsələdə bir problem var ki, o da viza ilə bağlıdır. Səyahət zamanı bir polyakla tanış olmuşam. O, mənə viza məsələsində kömək edəcəyini bildirib. Əgər alınmasa, növbəti səfərlərim Rusiya, Ukrayna, Belarusa olacaq.

– Abid müəllim, səyahətiniz zamanı yollarda özünüz kimi səyahətçilərlə rastlaşmısınız?

– Sözün düzü, mənim kimi yalnız səyahətə çıxanlarla görüşməmişəm. Daha doğrusu, rast gəlməmişəm. Amma iki, üç, dörd nəfərlik heyətlərlə görüşmüşəm. Hətta belələri ilə şəkil də çəkdirmişəm.

– Bəlkə siz də, heç olmasa, iki nəfərlik heyət təşkil edəsiniz?

– Buna cəhd etmişəm. Amma, nə gizlədim, hələ ki, uzaq məsafə qət etmək istəyənlər yoxdur. Yəni indiki zəmanədə tanışlarımdan kimsə işini-gücünü atıb belə səfərlərə çıxmaq istəmir. Mən təqaüddə olan adamam…Mənim alayı bir işim yox, odur ki, ancaq idmanla məşğul oluram.

– Bəs yollarda rastlaşdığınız həmkarlarınızla hansı dildə danışırsınız, ingilis dilini bilirsinizmi?

– Rus dilini mükəmməl bilirəm. Əfsus ki, ingilis dilində danışa bilmirəm. Təbii ki, bu da müəyyən çətinliklər yaradır. Artıq kurslardan birinə yazılmaqla bu problemi də həll etmək niyyətindəyəm.

 

– Ailənizdə sizin bu səyahətlərinizə qarşı çıxan olurmu?

– Əvvəllər belə şeylər çox olurdu. Amma mən onlara məhəl qoymadım. Bir də səfərə çıxanda, demək olar ki, feysbukla hər gün onlarla əlaqə saxlayıram. Hə, yadıma düşmüşkən: artıq feysbukdakı dostlarım məni addımbaaddım izləyirlər. Bu da mənə, təbii ki, bir rahatlıq verir.

– Bəs bu səfərlər çərçivəsində nələr qazanmısınız?

– Bayaq dediyim kimi, ən əsası xəstəliklərimin daşını birdəfəlik atmışam. Bundan əlavə, bu yollar, bu səfərlər mənə o qədər dost-tanış qazandırıb ki… Sözün düzü, onların sayını da itirmişəm. Bündan böyük qazanc olar?

Esmira Hidayətova, Mingəçevir