“Abdulla Şaiq yaradıcılığı bizim teatra çox doğmadır”

531

Artıq bir aydan çoxdur ki, teatr mövsümünə start verilib. Bu qısa vaxtda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı balaca tamaşaçılarını maraqlı sürprizlərlə sevindirməkdədir. Hər zaman maraqla qarşılanan səhnə əsərləri ilə Azərbaycan teatr tarixində özünəməxsus yeri olan bu sənət məbədinin qarşıdakı planları ilə bağlı daha yeni məlumat əldə etmək üçün teatrın direktoru, Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA) Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə ilə görüşməyə qərar verdik. O, yeni mövsümdə teatrın hazırladığı tamaşalar, gözlənilən yeniliklər, xarici əlaqələr, beynəlxalq tədbirlərdə iştirak və digər məsələlərlə bağlı planlarını AzərTAc-la bölüşdü.
Teatr mövsümünün yeni başlamasına baxmayaraq, artıq ilk premyeramızı təqdim etmişik. Bu “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasıdır. Ümumiyyətlə, Abdulla Şaiq yaradıcılığı bizim teatra çox doğmadır və fəaliyyət göstərdiyi dövr ərzində Kukla Teatrında hər zaman ədibin müxtəlif pyesləri səhnələşdirilib. “Tıq-tıq xanım” pyesinə gəldikdə isə demək olar ki, müəyyən fasilələrlə hər bir zaman bizim teatrın repertuarında olub. “Tıq-tıq və Taq-taqın nağılı” da elə həmin pyes əsasında səhnələşdirilib.
İlin sonunadək daha bir yeni tamaşa təhvil verəcəyik. Bundan əlavə, məktəblilərin tətil günləri üçün Yeni il tamaşası da hazırlanacaq.
Cari ilin sonunadək xarici ölkələrdən dəvətli rejissorumuz yoxdur. 2015-ci ildə isə bir neçə rejissorun teatrımızda tamaşa hazırlaması planlaşdırılır. Belə ki, kukla sənətində sözünü demiş bir neçə tanınmış insanlar özləri bizim teatrda tamaşa hazırlamaq arzusunda olduqlarını bildiriblər. Bunlar Rusiyanın Xalq Artisti, Mıtişi “Oqnivo” Kukla Teatrının yaradıcısı və bədii rəhbəri Stanislav Jelezkindir.
Serbiyanın Subotiça şəhərində keçiriləcək uşaq teatrlarının beynəlxalq festivalına, Sankt-Peterburqda keçirilən “KUKART” beynəlxalq festivalına dəvət almışıq. Yeri gəlmişkən qeyd edim ki, “KUKART” festivalının rəhbəri David Burman da bizim teatrda tamaşa hazırlamaq arzusundadır.
Noyabrın 5-6-da keçiriləcək III Bakı Beynəlxalq Teatr Konfransı barədə də danışan Rəşad Əhmədzadə bildirib ki, bu konfransda həmişə olduğu kimi yenə də bir sıra ölkələrdən çoxlu sayda qonaqların arasında kukla sənətində tanınmış insanlar da vardır. Bundan əlavə, UNİMA-nın rəhbər şəxsləri də qonağmız olacaq. Assosiasiyanın baş katibi Jak Trüdo və bir çox ölkənin UNİMA Milli Mərkəzlərinin rəhbərləri iştirak edəcək.
Kukla Teatrının 2015-ci il repertuarı üçün hazırlanacaq tamaşalar və hər hansı bir festivala dəvət elə bu konfrans ərəfəsində həll olunacaq.