AB sanksiyaları sərtləşdirir

448
Qərbin sülh çağırışlarına və sanksiyalarına məhəl qoymadan Rusiyanın Ukraynaya qarşı təcavüzkarlıq siyasətini davam etdirməsi Kremli vəziyyətdən çıxış yolları axtarmağa məcbur etməkdədir.
 Bu müstəvidə də  Rusiya büdcəsinin əsas gəlir mənbəyi olan neftin qiymətlərinin durmadan düşməkdə davam etməsi ölkəni iqtisadi baxımdan uçuruma doğru sürükləməkdədir. Bunu yanvarın 29-da Avropa Birliyi tərəfindən Rusiyaya münasibətdə sanksiyaların davam etdirilməsi və daha da sərtləşdirilməsi ilə bağlı qəbul edilən qərar da sübut  etməkdədir. Belə ki, sanksiyaların davam etdirilməsi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada AB-nin bu qərarından təəssüfləndikləri bildirilib. Açıqlamada qeyd edilir ki, Avropa Birliyi xarici işlər nazirləri tərəfindən yanvar ayının 29-da Brüsseldə Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi və daha da sərtləşdirilməsi barədə qəbul edilən qərar Moskvada təəssüf doğurub. Belə ki, Avropa Birliyi Rusiya ilə qarşıdurma siyasətini daha da dərinləşdirməkdə və vəziyyəti gərginləşdirməkdə davam edir. Rusiya Xarici İşlər Nazirliyi bunun tərəflərə yaxşı heç nə gətirməyəcəyini bəyan edib. Lakin  Rusiya Xarici İşlər Nazirliyi Avropa Birliyinə üzv 28 ölkənin xarici işlər nazirlərinin Brüsseldə Moskvaya münasibətdə belə bir addım atmasının üstündən sükutla keçib.

Halbuki Rusiya Xarici İşlər Nazirliyinə AB-nin belə bir addım atmasının səbəbi yaxşı məlumdur. İş orasındadır ki, AB-nin Rusiyaya münasibətdə sanksiyaların davam etdirilməsi və sərtləşdirilməsi barədə qəbul etdiyi qərar Kremlin Ukraynaya təcavüzkarlıq siyasətindən əl çəkmək niyyətində olmadığını nümayiş etdirməsi ilə əlaqədardır. AB xarici işlər nazirlərinin Brüssel görüşü ərəfəsində Rusiyanın adıçəkilən quruma təzyiq göstərmək üçün Mariupol və Debaraltsevo istiqamətlərində hücum təşkil etməsi  və bununla onları güzəştə getməyə məcbur etmək siyasəti əks nəticə verib. Hər halda bunu AB xarici işlər nazirlərinin Brüssel görüşündə söylənilən fikirlər də sübut edir. Belə ki, toplantıda çıxış edən Almaniyanın xarici işlər naziri Frank-Vater Ştaynmayer Rusiyaya növbəti dəfə sərt şəkildə xəbərdarlıq edib. Frank-Vater Ştaynmayer: “Əgər Rusiya Ukraynanın cənub-şərqində gərginliyi artırmaqdan əl çəkməsə və təcavüzkarlıq siyasətini davam etdirsə, onda AB Moskvaya qarşı daha sərt sanksiyalara əl atacaq”,- deyə Kreml administrasiyasına bir daha xəbərdarlıq edib.

Öz növbəsində, Avropa Birliyi Xarici İşlər Nazirləri Şurasının sədri  Federika Mogerini bildirib ki, Rusiyanın Mariupol üzərinə hücuma başlaması quruma üzv ölkələrin daha sıx birləşməsini və Moskvaya münasibətdə vahid mövqedən çıxış etməsini qarşısıalınmaz zərurətə çevirib. Mogerinin belə bir bəyanatla çıxış etməsinə səbəb isə Rusiyanın müxtəlif yollara AB üzvləri arasına Ukraynaya münasibətdə parçalanma salmaq, onları qarşı-qarşıya qoymaq üçün müxtəlif cəhdlərə əl atması olub.

 Yunanıstanın uğursuz cəhdi

AB xarici işlər nazirlərinin Brüssel görüşü ərəfəsində Putin administrasiyası Yunanıstanın vasitəsilə Rusiyaya münasibətdə sanksiyaların vaxtının uzadılmasının qabağını almağa və ya onun zəiflədilməsinə nail olacağına ümid edirdi. Bununla bağlı Yunanıstanla Rusiya arasında AB-nin sanksiyalarının davam etdirilməsinin qarşısını almaq, hətta ona veto qoymaq hüququndan istifadə etməyin mümkünlüyü barədə qeyri-rəsmi şəkildə razılaşma belə əldə edilmişdi. Bu müstəvidə də Yunanıstan xarici işlər naziri Nikos Kodzias Moskvaya vəd etmişdi ki, sanksiyaların daha da sərtləşdirilməsi və davam etdirilməsinə hər vasitə ilə  mane olaraq buna imkan verməyəcək. AB xarici işlər nazirlərinin Brüssel toplantısında Nikos Kodizas, həqiqətən də, Rusiyaya qarşı sanksiyaların davam etdirilməsinə və onların sərtləşdirilməsinə qarşı hər vasitə ilə mane olmağa çalışdı. Hələ AB xarici işlər nazirlərinin toplantısı başlamazdan əvvəl Yunanıstanın yeni Baş Naziri Aleksis Sipras əsəbi şəkildə bəyan etdi ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların davam etdirilməsi və daha da sərtləşdirilməsi barədə sənəd Afina ilə razılaşdırılmayıb.

Yunanıstanın Rusiyanı açıq şəkildə müdafiə etməsi, öz növbəsində, AB-yə üzv olan digər ölkələr tərəfindən açıq şəkildə narazılıqla qarşılanaraq, Afinanın hərəkətləri Moskvanın çaldığına oynayaraq quruma üzv ölkələr arasında parçalanma salma cəhdləri kimi dəyərləndirildi. Bununla belə Yunanıstanın xarici işlər naziri Nikos Kodzias Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin əleyhinə getməyə və açıq şəkildə qəbul edilən qərara veto qoymağa cəsarət edə bilmədi. Kodziasın Rusiyaya qarşı sanksiyaların davam etməsi və daha da sərtləşdirilməsi ilə bağlı qəbul edilən sənədə səs verməkdən başqa çarəsi qalmadı. Beləliklə, Rusiyanın Yunanıstanın vasitəsilə AB sıralarına parçalanma salmaq və bu yolla sanksiyaların davam etdirilməsinə mane olmaq, həmçinin Brüssel toplantısı ərəfəsində Ukraynanın cənub-şərqində yeni hücum təşkil etməklə Avropanı geri addım atmağa məcbur etmək siyasəti boşa çıxdı.

Nikos Kodziasdan fərqli olaraq, AB üzvü olan Litva və Polşa xarici işlər nazirləri Moskvaya münasibətdə sanksiyaların davam etdirilməsi və təzyiqlərin daha da artırılması tələbi ilə çıxış etdilər. Nəticədə AB xarici işlər nazirləri Ukraynaya münasibətdə təcavüzkarlıq siyasətindən əl çəkməsi üçün Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi və onun daha da genişləndirilməsi barədə qərar qəbul etdilər. Qərarla sanksiyaların müddəti, bu ilin sentyabar ayına kimi uzadılıb. Bundan əlavə, Avropa Komissiyasına və Avropa Birliyi xarici siyasət xidmətinə  tapşırılıb ki, sanksiyaların  genişləndirilməsinə xidmət edən yeni qara siyahı hazırlasınlar. Bu qara siyahı fevralın 9-da keçiriləcək AB xarici işlər nazirlərinin növbəti iclasına kimi hazır olmalıdır.

Xatırladaq ki, hazırda Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı qara siyahıda 119 fiziki, 23 nəfər isə   hüquqi şəxsin adı var.

 Qara siyahıda yüksək səviyyəli Rusiya rəsmilərinin adları olacaq

Avropanın tanınmış “EUObserver” nəşrinin yazdığına görə, yenidən hazırlanacaq qara siyahıya Rusiya Baş Nazirinin müavini İqor Şuvalovun, müdafiə naziri Sergey Şoyqunun, xarici işlər nazirinin müavini Qriqori Karasinin, Xarici İşlər Nazirliyinin insan hüquqları üzrə xüsusi nümayəndəsi Konstantin Dolqovun, Prezident Administrasiyasının rəhbəri Sergey İvanovun, “Qazprom”un sədri Aleksey  Millerin, “Rosneft”in prezidenti İqor Seçinin də adları olacaq. “EUObserver” nəşri, əvvəlcə, Rusiya xarici işlər naziri Sergey Lavrovun adının da qara siyahıya salınmasının istənildiyini, sonra isə Moskva ilə danışıqlar aparılması üçün adam olmayacağını nəzərə alaraq, bu fikirdən vaz keçildiyini yazıb. Bundan əlavə, Rusiyaya tətbiq ediləcək sanksiyalara yeniləri, o cümlədən bəzi müasir texniki avadanlıqların satılmasına qadağa qoyulması, Kremlin SWIFT ( beynəlxalq səviyyədə alış-verişin həyata keçirilməsi, banklararası informasiyaların mübadiləsi) sistemindən çıxarılması da nəzərdə  tutulub. Bütün bunlarla bağlı məsələ isə fevralın 12-də Brüsseldə keçiriləcək Avropa Birliyi ölkələri prezidentlərinin və hökumət başçılarının növbəti görüşündə müzakirə edilərək qəti qərar qəbul ediləcək. Beləliklə, Rusiyanın Ukraynaya qarşı təcavüzünün genişlənməkdə davam etməsi Avropa Birliyi-Rusiya münasibətlərində gərginliyi ən yüksək həddə çatdırmaqdadır. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Con Kerri fevral ayının əvvəllərində Moskvaya səfər etmək niyyətində olsa da, Rusiyanın Ukraynaya qarşı təcavüzü genişləndirməsinə cavab olaraq,  son anda bundan vaz keçib. Bütün bunlar isə SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun da dediyi kimi, yaxın gələcəkdə Qərblə Rusiya arasında “soyuq müharibə”nin “isti müharibə”yə keçməsi təhlükəsi əmələ gətirə bilər. Hadisələrin belə bir istiqamətdə inkişaf etməsi isə nə Rusiyaya, nə də Avropaya yaxşı heç nə vəd etmir.

Əziz Mustafa