“Azərbaycan Avrasiya İttifaqına qoşulmaq niyyətində deyil”

567
Azərbaycan Avrasiya İttifaqına və ya hər hansı digər bir təşkilata üzv olmaq niyyətində olmadığını növbəti dəfə bəyan edib.
Rusiya, Belarus və Qazaxıstan arasında ötən ayın 29-da Astanada Avrasiya İttifaqının yaradılması ilə bağlı imzalanan anlaşmadan sonra MDB məkanındakı digər dövlətlərin də bu quruma qoşula bilməsi  barədə ara-sıra müxtəlif fikirlər səsləndirilməkdə, çağırışlar edilməkdədir. Bununla bağlı məsələyə münasibət bildirən Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, ölkəmiz bu barədə düşünmür. Novruz Məmmədov: “Azərbaycanın, hələlik, Avrasiya İttifaqına qoşulmaq niyyəti yoxdur”,- deyib.PA rəsmisi Ermənistanın Avrasiya İttifaqına qoşulmasına da münasibət bildirib. O deyib ki, Ermənistanın hansısa quruma üzv olması Azərbaycanı narahat etmir: “Bununla bağlı narahatlığımız üçün heç bir əsas yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı mövqeyini bildirib. Bu mövqe Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən həmin iclasda ortaya qoyulub. Ermənistan da o tələblərə uyğun olaraq, hansı quruma üzv olur olsun, özünün suveren hüququdur”.

Novruz Məmmədov həmçinin qeyd edib ki, Ermənistan  BMT-yə, Ümumdünya Ticarət Təşkilatına üzv olduğu şərtlərlə istənilən təşkilata qoşula bilər: “Başqa söhbət ola bilməz! Bu, bizim tələbimizdir və o da yerinə yetiriləcək”.