9 milyon 981 min 457 nəfərə çatmışıq

0
229

Ötən il ölkə əhalisinin sayı 83 min 372 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 9 milyon 981 min 457 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlarda bildirilir ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Cari ilin əvvəlinə ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayır.
Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 115 nəfər təşkil etmiş və bu göstərici Naxçıvan Muxtar Respublikasında 83, Bakı şəhərində 1064, Lənkəran və  Abşeron iqtisadi rayonlarının hər birində 154, Gəncə-Qazax iqtisadi rayonunda 104, Aran iqtisadi rayonunda 96, Yuxarı Qarabağ iqtisadi rayonunda 93, Quba-Xaçmaz iqtisadi rayonunda 79, Şəki-Zaqatala iqtisadi rayonunda 70, Dağlıq Şirvan iqtisadi rayonunda 52, Kəlbəcər-Laçın iqtisadi rayonunda isə 40 nəfər olub.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2018-ci ildə 138 min 982 nəfər doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil etmişdir. Körpələrdən 2752-si əkiz, 117-si isə üçəm doğulanlardır. Bu göstərici Dağlıq Şirvan (əhalinin hər min nəfərinə 16,3), Lənkəran, Aran və Quba-Xaçmaz (15,4), Yuxarı Qarabağ və Kəlbəcər-Laçın (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.
Ötən il ölkədə 57250 ölüm halı qeydə alınıb və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə  5,8 təşkil edib.