“Ziyalısına qiymət qoymayan cəmiyyətin gələcəyi yoxdur”

569

Görkəmli tənqidçi və ədəbiyyatşünas, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin Qubada, Alekseyevka qəsəbəsindəki bağ evində olduğunu bilirdim. Onu da bilirdim ki, professor hər yay burada istirahət əvəzinə işləyir… Zəng vurub görüşmək istədiyimi söylədim. Məni səmimi qarşıladı. Çağdaş ədəbi prosesdən, Quba regionunun ədəbi-ictimai mühiti barədə söhbət etdik. Ayrılanda ondan yeddi sualıma cavab verməyini xahiş etdim… Və beləcə, bu müsahibə alındı.

– Nizaməddin müəllim, Azərbaycanın dünya miqyasına təqdim edilə biləsi geniş dünyagörüşə malik alimlərindən biri olduğunuz üçün başlayaq dünyanın durumundan. Bugünkü dünyada baş verənlər, sizcə, insan cəmiyyətinin növbəti qanlı mərhələsimi, yoxsa Qiyamətin yaxınlaşmasını şərtləndirən əlamətlərdir?

– Nə odur, nə də bu. Dünya öz işindədir. Hər təzə gələn nəsil elə bilir ki, dünya onundur, Süleyman Peyğəmbər də elə bilirdi. Bir gün Həzrət Süleyman öz başının dəstəsi ilə gedirmiş. Görür ki, əldən düşmüş qoca bir qarı dayanıb yolun kənarında. Yanında da bir xəmir təknəsi. Süleyman soruşur: “Sənə nə kömək edim?” Qarı cavabında: “Bu xəmir təknəsini qaldırıb çiynimə qoymaq lazımdır”, – deyir. Süleyman pəhləvanlarına əmr edir. Hansı pəhləvan təknəyə əl atıb güc vurursa, qolları, ayaqları qırılır. Axırda Süleyman əleyhissəlam özü atdan düşür. Təknəyə güc vurduqca qurşağadək girir torpağa, təknə isə yerindən tərpənmir. Allahın öz peyğəmbərinə rəhmi gəlir, onu salamat saxlayır. Qarı dişsiz ağzını açıb gülür: “Sənsən “dünya mənimdir” deyib öyünən Süleyman?! Və təknəni çiyninə qoyub uzaqlaşır… Təknə dünyanın simvolu imiş. Biz Süleymana qalmayan dünyanın müvəqqəti sakinləriyik. Allah onu bizə kirayəyə verib. Bu yerdə dünyadan qədri bilinmədən köçmüş Qubalımız olan filosof şair Ələkbər Salahzadənin kirayənişin qaldığım vaxt əzbərlədiyim misralarını xatırlamaq istərdim:

 

Bu dünya kirkirədi

Kirədəyik, kirədə,

Ömrümüzü veririk

Elə buna görə də…

 

Bu gün dünya adlandırdığımız Yer kürəsində (Əslində dünya ərş və fərşdir) lokal müharibələr gedir. Şərq – İslam ölkələri dağılır. Mən əvvəl elə düşünürdüm ki, Şərqdə gedən müharibələr, xaçlı (xristian) dünyasının İslam aləminə hücumu onsuz da baş tutmayan  İslam birliyinə rəxnə salmaq niyyətindən törəyib. Əlbəttə, bu da olmamış deyil. Rusiyanın Ukraynada törətdiklərindən sonra mən də belə qənaətə gəlirəm ki, bunlar imperialist dövlətlərin bölüşdürülmüş dünyanı yenidən bölüşdürmək cəhdləridir. Xüsusilə, Rusiya və Amerika dünya ağalığından – hegemonluğundan əl çəkmir, ərəb nefti və Orta Asiya qızılına can atır. Rusiya keçmiş sovet məkanına daxil olan 14 respublikanın müstəqilliyi ilə nəinki barışa bilmir, Ermənistan kimi yarımmüstəmləkə halında saxlamaq istəyir. Və bir maraqlı faktor da var: dünyada Çin kimi üçüncü bir güclü dövlət olsa da, Türkiyə Cümhuriyətinin də iqtisadi, hərbi və siyasi nüfuzunun artması, üçüncü monodövlətin meydana çıxması, başqa sözlə, qüvvətli şərikin yaranması, rus məsəli ilə desək “Tretiy liçnıy” “həqiqətini” qabardır. Amerikanın Türkiyəni Orta Doğu Projesinin maşasına çevirərək Suriya ilə daimi münaqişədə saxlaması, İŞİD bəlasının, PPK terrorunun ayağına aparması, önündən çəkilməyə vadar etməsi gücdən, nüfuzdan salmanın gedişləridir.

 

Dünyanın yolu nadanlıqdan insanlığa doğru yönəlib. Müharibələr nadanlığın silahlı təzahürüdür. Bu gün lokal müharibələr sayəsində Şərqdə böyük İslam mədəniyyəti məhv olur, abidələr, ziyarətgahlar dağıdılır, uşaqdan qocayadək insanlar qırılır. Özünü sivil dövlət, insan haqlarının müdafiəçisi və demokratiyanın beşiyi hesab edən Amerika dünyaya divan tutur, xalqları qorxu və vahimə içində saxlayır. Dünyada mərhəmət azalıb. Qurtuluş Allaha sığınmaq və ədalətə tapınmaqdadır.

– Qurula bilsəydi, Türk – İslam aləminin aparıcı ölkələrindən biri olmaq imkanına malik Bütöv Azərbaycanın müasir milli dövlətçilik məfkurəsini – Azərbaycançılığı formalaşdırmış bir filosof alim kimi bu günümüz və gələcəyimiz haqqinda düşüncələriniz maraqlı olardı…

– Bütöv Azərbaycan mənim ən böyük arzum, Turan milli idealımdır. Mənə həsr olunmuş “Filosof tənqidçi” (2011) kitabının ilk səhifəsində yazılıb: “Mənim arzum: Azərbaycanı bütöv görmək”. Ötən il məni Qazaxıstana Turan şəhərinin açılışına dəvət etmişdilər, təəssüf ki, gedə bilmədim. Hər halda Azərbaycanı bütöv görmədən ölmək istəmirəm. Hazırda “Türkmənçay” adlı ikipərdəli, altışəkilli tarixi faciə üzərində işləyir və bu mətləbi səhnəyə gətirmək, çox şeyləri unutmuş qloballaşma dövrünün kreativ Azərbaycan gəncliyinə göstərmək istəyirəm.

“Azərbaycançılıq” (2006) kitabımda yazılıb: “Türk millətindənəm, İslam ümmətindənəm, Azərbaycan məmləkətindənəm!” – bu mənim şüarımdır. Bir də belə yazılıb: “Azərbaycançılıq türkçülüyün vətən əxlaqı müstəvisində dərkidir”. “Vətən əxlaqı” böyük türkçü Ziya Göyalpın sözüdür. Vətəni zaman-zaman yağmalanmış xalq üçün vətənçilikdən böyük anlayış yoxdur. “Vətən övladımızın məskənidir, Vətən əcdadımızın mədfənidir” (A.Səhhət). Bundan daha yaxşı demək çətindir.

Əlbəttə, tarixi bir ədalətsizlik nəticəsində 200 ildən artıq bir-birindən ayrı düşmüş xalqın birləşməsi müəyyən problemlər də doğuracaq. Lakin ən ədalətli hakim olan TARİX öz səhvini düzəldəcək və hər şeyi yerbəyer edəcəkdir, inşallah!

Tarixi bir həqiqətdir ki, bu gün Azərbaycan dünyada görünməmiş vüsətlə yenidən qurulur, tikilir. Beynəlxalq aləmdə iqtisadi və siyasi nufuz qazanır. Bununla bərabər, Azərbaycanda ümummilli siyasi mühitin formalaşması ləngiyir…

 

“Hər şeydən öncə peşəkar tənqidçiyəm”

– Ədəbiyyat nəzəriyyəsinin elmi əsaslarını yenidən işləyib hazırlamış bir filoloq alim olaraq çağdaş ədəbiyyatımızın Azərbaycanın bugünkü durumunda cəmiyyətə aşılamalı olduğu milli-mənəvi dəyərlər və ortaya qoyduğu əsərlərdə bədii sənətkarlıq səviyyəsi sizi qane edirmi?

– Mən hər şeydən öncə peşəkar tənqidçiyəm. Ədəbiyyat tarixinə nəzər salsaq görərik ki, dünyanın böyük yazıçılarından bir çoxu tənqidi sevməyib; məsələn. A. P. Çexov, E.Hemenquey kimi sənətkarlar onu hətta lazımsız hesab ediblər.

Bəli, mənim bu gün ölkənin bütün ali məktəblərində istifadə olunan “Ədəbiyyat nəzəriyyəsi” (2012) dərsliyim təkcə Azərbaycan ədəbi-nəzəri fikrinin imkanları hüdudunda deyil, dünya ədəbiyyatının təcrübələri əsasında yazılıb, hansı dilə tərcümə olunsa, o ölkədə dərslik kimi istifadə edilə bilər. Bizim ədəbiyyatda həmişə Allah vergisi olan istedad sahibləri yazıb-yaradıb. Bu gün də, Allaha şükür, istedadlı yazıçı və şairlərimiz var. Əlbəttə, ad çəkmək həmişə müqayisə, mübahisə və qısqanclıq doğurur. Amma bu məni heç vaxt narahat etməyib, çalışmışam ki, dahi Sabir demiş “Pisi pis, əyrini əyri, düzü həmvar yazım”. Nəsr sahəsində Anar, Elçin, Ç. Abdullayev, V. Babanlı, S. Səxavət, A. Məsud, M. Süleymanlı, A. Abbas, M. Çəmənli, E. Hüseynbəyli, H. Mirələmov, S. Elcanlı və başqaları, poeziya sahəsində F. Sadıq, N. Həsənzadə, F. Qoca, R. Rövşən, S. Rüstəmxanlı, M. Yaqub, Z. Yaqub, M. İsmayıl, B. Bayatlı (Cəbrayılzadə), Ç. Əlioğlu, P. Qəlbinur. E. İskəndərzadə, V. Bəhmənli, R. Məcid, B. Vəziroğlu, Ə. Ol, A. Cəmil, A. Həsənli, S.Sarvan və başqaları hərə öz istedadı və peşəkarlığı səviyyəsində əzmlə  yazıb-yaradır. Əgər sağ olsaydılar, V. Səmədoğlu və Ə. Salahzadənin adlarını bu sıranın önündə yazardım. Etiraf edim ki, gənclərin əsərlərini oxumağa imkanım olmayıb, ona görə də adlarını çəkə bilmirəm. Bir ay öncə, sayənizdə özü və yaradıcılığı ilə yaxından tanış olub, kitabına ön söz yazdığım Məmməd Qədir ruhən gənc olsa da, yaşı 50-ni keçmiş şairlərdəndir.

Tənqid və ədəbiyyatşünaslıq haqqında mülahizələrimi “Ədəbiyyat qəzeti”ndə dərc olunan “Tənqiddə meyarsızlıq sindromu” silsiləsində (hələlik, 9 məqalə) deməyə çalışmışam. Dramaturgiyamızın dəyərli nümunələrini Xalq yazıçısı Elçin yaradır. Ə. Əmirlinin, F. Mustafanın bu sahədəki fəaliyyəti təqdirəlayiqdir.

 

“Obyektiv və səmimi yazmağa cəhd etmişəm”

– Sonuncu “Mən kiməm?” avtobioqrafik – həyatnamə kitabınız həmişəki kimi müsbət mənada ehkam və çərçivələri dağıdaraq iki (müstəqillikdən öncəki və sonraki) cəmiyyətin yığcam təhlili tarixnaməsinə çevrilmişdir. Kitabı yazarkən demək istəmədiyiniz və ya yadınıza düşməyən mətləblərdən hansınısa oxucularınızla bölüşmək istərdinizmi?

– “Mən kiməm?” ötən yay 60 yaş ərəfəsində elə burada – Qubada, Alekseyevka qəsəbəsindəki bağ evimdə birnəfəsə yazılıb. Fikirləşirdim ki, bu fani dünyada 60 il həyat sürmüş, ömrü özünütəsdiq, haqq və ədalət uğrunda təkbaşına mübarizələrdə keçmiş, ötən ömrü illərin sayı tək deyil, əməllərin silsiləsi – tale kimi yaşamış, millətini və dövlətini sevən bir ziyalı özü haqqında bir yazı qoyub getməlidir. Şübhəsiz ki, hər şeyi yazmaq mümkün və lazım deyil. Çalışmışam ki, məni və zəmanəni (mənim fikrimcə) səciyyələndirən əsas faktları və olayları təqdim və təhlil edim. Obyektiv və səmimi yazmağa cəhd etmişəm, hələlik, oxuculardan və alim-ziyalı dostlarımdan ürəkaçan rəylər eşidirəm.

Əgər istəsəydim, bu kitabı bir neçə cilddə yazardım. Mən həmişə həyatda həqiqi mənada yaşamağa, arzu və istəklərimə nail olmağa çalışmışam. Yazıçı, professor dostum Aqşin Babayev 50 yaşımda haqqımda yazdığı məqaləni “Sürətlə yaşayan adam” adlandırmışdı…

 

Kitabda bir çox mətləbləri sətiraltı mənalarda vermişəm. Doğulduğum İspik  kəndinin və mənsub olduğum nəslin tarixini, məxsusən də mənə həyatda nümunə olmuş atam Şəmsəddinin obrazını geniş vermək istərdim. Ailə-məişət mövzusunda, intim həyatdan danışmağı və yazmağı xoşlamıram. Çox istərdim ki, elmi yaradıcılıq axtarışlarımı və filologiya elmimizə verdiyim töhfələri geniş şərh edim.

1993-1998-ci illərdə fəal siyasətə qoşulmağımı səhv hesab edir, ömrümün itirilmiş dövrü kimi qiymətləndirirəm, əsl alim siyasətlə məşğul olmamalıdır. Amma ziyalı mövqeyini ortaya qoymaqdan da çəkinməməlidir. Siyasətdə əxlaq yoxdur, əxlaqsız da ziyalı olmur…

Gələcəklə bağlı baxışlarımı, dünyagörüşümdəki ziddiyyətləri daha dərindən şərh edə bilərdim. Allah ömür versə, tələbəlikdən ürəyimdə gəzdirdiyim “Kirayənişin” romanımda nəslimin, ömrümün və dövrümün vacib olaylarını əks etdirəcəyəm.

“Nə qədər ki biz Avropanı beynimizdə həzm etməmişik…”

– Azərbaycan ziyalısının qarşısında cəmiyyəti yenidən kodlaşdırmaq, öldürülmüş milli-mənəvi dəyərləri diriltmək, işğal altında olan Qarabağımızı unutdurmamaq kimi ağır bir missiya durur. Sizcə, mövcud və yetişməkdə olan ziyalı nəsli bunu öhdəsinə götürə biləcəkmi?!

– Hər gələn nəsil öz üzərinə düşən tarixi missiyanı yerinə yetirməyəndə, həm sonrakı nəslin, həm də tarixin yükü ağırlaşır. Məsələn, 1937-ci il repressiyalarından sonra gələn nəsil vahimə və xofdan xilas ola bilmədi. Mən 1996-cı ilin yayında “Panorama” qəzetində 37-nin repressiya qurbanı olmuş tənqidçi və ədəbiyyatşünaslar Əli Nazim, Bəkir Çobanzadə, Mustafa Quliyev, Əmin Abid, Atababa Musaxanlı, Məmmədkazım Ələkbərli, Hənəfi Zeynallı haqqında silsilə oçerklər çap etdirdim. Hər məqalənin altında yazırdım ki, bu adamın nəslindən kim varsa, səsimə səs versin. Qorxu və vahimə bir qisim insanlarda elə xroniki hal almışdı ki, A. Musaxanlının qızından başqa, heç kim səsini çıxarmadı. Ondan sonra mən “Ədəbiyyat və incəsənət” qəzetində “İtmiş nəslin ardınca” adlı silsilə məqalələr çap etdirdim.

Əlbəttə, klassik irsimiz, xüsusən də 60-cı illər ədəbiyyatının ab-havası ilə böyüyən müasir nəsil az-çox öz mədəni-mənəvi və tarixi vəzifəsini yerinə yetirir. Şirməmməd Hüseynov, Rafiq Əliyev, Qulu Məhərrəmli, Aslan İsmayılov, Rəşid Mahmudov və b. kimi ziyalılar bir çox müşküllərə diqqət yönəldərək ictimai fikri canlandıra bilmişlər. Amma ziyalı mövqeyi və ictimai qınaq təsir imkanlarını, demək olar ki, itirdiyindən nəticələr heç də  ürəkaçan deyil. Azərbaycan Respublikasının dövlət başçısı Cənab İlham Əliyevlə ölkənin görkəmli ziyalıları arasındakı maneəni aradan qaldırmağa ciddi ehtiyac vardır. Bizə tarixin mürəkkəb, ziqzaqlı keçid dövründə yaşamağın anlaşılmazlıqları və çətinlikləri nəsib oldu. Biz sosializmdən istiqlal dövrünə 20 Yanvar qırğını, Xocalı soyqırımı, Qarabağ müharibəsinin qanlı olaylarını, həm də əsrdən-əsrə (XX əsrdən XXI əsrə), II minillikdən III minilliyə keçidin psixoloji yükünü daşımalı olduq. Böyük Türk sufisi Yunus Əmrə demiş: “Biz dünyadan gedər olduq, gələnlərə salam olsun”. Özündən çox razı görünən kreativ düşüncəli nəsil hələ tarixin sınağından çıxmalıdır. Əcnəbi dildə danışmağı üstünlük hesab edənlərə Mirzə Cəlilin “Anamın kitabı” pyesini oxumağı məsləhət görərdim. Vaxtilə böyük mütəfəkkir Əlibəy Hüseynzadə deyirdi: “Nə qədər ki biz Avropanı beynimizdə həzm etməmişik, o çağadək avropalıların mədəsində həzm olunmaq zorunda qalacağıq”. İstərdim ki, gənc nəsil özgənin dalınca qaçarkən özünü, kökünü, dəyərlərini unutmasın. Hər halda yeni gələn nəslə ümid edirəm… Ümid isə ən şirin yalandır.

Qarabağ düyününə gəldikdə deməliyəm ki, bu, balaca problem deyil, Azərbaycan müstəqilliyinin tale məsələsidir. Azərbaycan Respublikasının tarixi sərhədlərini bərpa etməsək, istiqlalımızın gələcəyindən arxayın ola bilmərik… Düşünürəm ki, Minsk Qrupunun vasitəçiliyi ilə aparılan 20 illik sülh danışıqları dayandırılmalı, bu müşkül, ölkənin daxili işi sayılaraq tezliklə həll edilməli, cırlaşmaqda olan gələcək nəsillərə buraxılmamalıdır. Bu baxımdan gənc alim, dəyərli ziyalı Faiq (Qəzənfəroğlu) Ələkbərovun müraciətində xalqın vicdanına ünvanladığı fikirlərlə tamamilə razıyam.

 

“Qubalılar… yerlipərəst deyillər”

– Təmsil etdiyiniz Quba bölgəsinə mənsub olan elm, ədəbiyyat, mədəniyyət adamlarının yaradıcılığına, fəaliyyətinə guya soyuq münasibət sərgilədiyinizi irad tuturlar. Bu barədə nəsə demək istərdinizmi…

– Əksər qubalılar kimi, ola bilsin ki, mən də uzaqdan soyuq görünürəm. Biz hər dəqiqə “can”, “qurban olum” deməyi, şit-şit öpüşməyi xoşlamırıq. Bizim məhəbbətimiz dərində olur. Adamları çətin sevir və çətin də ayrılırıq. Qubalılar qürurlu və mərhəmətlidir, Şah dağından vüqarı, Babadağdan ülviyyət və mərhəməti almışıq, bulaq suyu içib, füsunkar təbiətdən gözəllik əxz etmişik… İki böyük alim – AMEA-nın müxbir üzvləri, Ədəbiyyat İnstitutunun direktoru bakılı Əziz Mirəhmədovla, məşhur lüğətçi, qubalı Əliheydər Orucov (hər ikisinə Allah rəhmət eləsin!) bir gün məni yanlarına çağırıb soruşdular: “Mərc gəlmişik, bilmək istəyirik ki, qubalıların ən spesifik xüsusiyyəti nədir?” Dedim ki, qubalılar bəşəri düşüncəlidir, yerlipərəst deyillər. Əziz müəllim dedi: “Əşi, bunu hamı bilir”. Onda mən dedim: “Qubada hansı qapını döysən arxasından bir ailə hakimiyyəti çıxır”. Hər ikisi razı qaldı. Mərci uddum və udduğum pulla iki ağsaqqala yaxşı bir qonaqlıq verdim.

Qubalılarda şərqlilik və avropalılıq vəhdət təşkil edir, onlar yüksək dövlətçilik duyğusuna malik qanunpərəst insanlardır. Ona görə də cəsarətli, mərd və sözü üzə deyəndirlər. Elə son 100 ildə və mənim yaşadığım dövrdə Qubadan görkəmli ziyalılar, dövlət xadimləri, generallar çıxıb. Azərbaycanın ilk dramaturq qadını Səkinə Axundzadə, ilk rəssam qadını Reyhan Topçubaşova, xalq artistləri Fatma Mehrəliyeva və Zümrüd Məmmədova, Bəşir Səfəroğlu və Afaq Bəşirqızı, sovet Azərbaycanının rəhbərlərindən biri olmuş Mircəfər Bağırov, görkəmli iqtisadçı və ictimai xadim Vahid Əhmədov, tibb elmləri doktoru, keçmiş dövlət katibi Lalə Şövkət, tarixçi alim, AMEA-nın müxbir üzvü İlyas Babayev, ədəbiyyatşünas professor Abdulla Abbasov, professor Ələkbər Qubatov, “Quba tarixi” kitabının müəllifi, tarix elmləri doktoru, professor Şahin Fazil, mərhum folklorşünas, AMEA-nın müxbir üzvü Azad Nəbiyev, professorlar – Tofiq Rüstəmov, Vaqif Piriyev, Nazif Qəhrəmanlı (Ələkbərli), Böyükağa Çərkəzov, Azərbaycan xalqının etnogenezini araşdırmış tarix elmləri doktoru Qiyasəddin Qeybullayev, tanınmış yazıçı Rahim Dünyamalı, tanınmış şairə Firuzə Məmmədli, ədliyyə generalı Zavər Qafarov, ordu generalı Yaşar Aydəmirov… hansını deyim.

Quba mənim üçün Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Dərbəndə qədərki ərazini əhatə edir. Qubada istedadlı adamlardan ibarət ədəbi mühit var. Fəqət onları bir araya gətirən təşkilatçı yox idi. Hiss etmişdim ki, AYB-nin Quba filialında cılız dedi-qodu, xırda intriqalar var. Ümid edirik ki, yeni təyin olunmuş bölmə sədri V. Əlixanlı bu müşkülləri aradan qaldıra biləcək. Quba polietnik rayondur, bütün idarəçilik vəsilələrində bunu həssaslıqla nəzərə almaq lazımdır. Unudulmamalıdır ki, qubalıların əksəriyyəti türkəsilli Azərbaycan xalqının tərkib hissəsidir…

– Qarşıdan gələn 2015-ci il seçkilərində doğulduğunuz və ya yaşadığınız rayondan (dairədən) millət vəkilliyinə namizədliyinizi irəli sürmək fikriniz varmı?! Ümumiyyətlə, Azərbaycanda keçirilən seçkilərin hansısa bir əhəmiyyəti olurmu?

– İcazə verin, bu siyasi sualınıza cavab verməyim. Bir dəfə tanışlarımdan birini xaricə yola salırdım. Ayrılanda o mənə dedi: “Gedirəm, bəlkə bir də görüşmədik; hamının bildiyi şeylərdən danışma, bu səni hörmətdən salar; unutma ki, SSRİ-də iki əsas dərman var: daxilə qəbul etmək üçün aspirin, üstdən sürtmək üçün yod; qadınlara “can”, “qurban olum” demə, bu kişiyə yaraşmır, səhv edəndə peşmançılığını bildirmə…”

Əlbəttə, millət vəkili olaraq millətimə və dövlətimə faydalar vermək istərdim, buna bir alim və pedaqoq kimi mənəvi haqqım da var. Fəqət, bu, mümkün olan iş deyil, həmin problem  bir çox dövlətlərdə seçki meydanında həll olunmur…

44 yaşımdan bu günədək üç dəfə AMEA-nın müxbir üzvlüyünə namizədliyim verilib. Lakin çağdaş ədəbiyyatşünaslıq elmində birinci olan mən yox, on birinci olan birisi “seçilib”… Ziyalısına qiymət qoymayan cəmiyyətin gələcəyi yoxdur. Ziyalılar arasında ayrı-seçkilik salanlar nəinki Azərbaycan elminə və təhsilinə, millətə və dövlətə zərbə vururlar. Və sevmədiyim rus yazıçısı Qriboyedovun bir sözü yadıma düşür: “A sudyi kto?” Mən dünyada hər bir cəmiyyətdə yaşaya, hər cür adamla yola gedə bilirəm, fəqət, ədalətsiz və xəyanətkar adamlarla yox. 7 sualın 7 cavabını burada bitirmək istərdim. İnsanları insanlığa səsləyir, onlara Allahdan ədalət və mərhəmət diləyirəm.

– Ürəyimizdən xəbər verən diləyinizə “Amin” deyir, verdiyiniz dəyərli müsahibəyə görə də təşəkkürümüzü bildiririk, Nizaməddin müəllim.

Cabir Albantürk  (şair-publisist)