ikimərtəbəli elektrik qatarları Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə işləyəcək

457

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İsveçrənin “Stadler Rail Group” şirkətinin prezidenti Peter Şpulerin rəhbərlik etdiyi  nümayəndə heyəti ilə növbəti ikitərəfli görüş  keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun məlumatına görə,  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında danışıb.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən alınmış  KİSS markalı ikimərtəbəli elektrik qatarlarına texniki xidmətinin təşkili üçün “Stadler Rail Group”  şirkəti ilə birgə müəssisənin yaradılması, 30 ədəd yataq tipli  sərnişin vaqonunun alınmasının maliyyə məsələləri müzakirə olunub. “Stadler Rail Group” baş direktoru Peter Şpuler müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

sttQeyd edək ki, “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş iki ədəd KİSS markalı ikimərtəbəli elektrik qatarları may ayında Azərbaycana gətirilib. İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında  sərnişinlərin  yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir. İkimərtəbəli elektrik qatarları 15 sentyabr tarixində Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində istifadə ediləcək.