80 min dollara qaraciyər istəyərdiniz, yoxsa?..

“Əgər inkar etsəniz, bilin ki, şübhəsiz, Allah sizə əsla möhtac deyildir. Amma bəndələrinin Onu inkar etməsi Ona (Allaha) xoş gəlməz. Əgər şükür etsəniz, sizin bu şükrünüz Ona xoş gələr. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə nə etdiklərinizi xəbər verəcəkdir. Həqiqətən, Allah ürəklərdə olanları biləndir!” (əz-Zumər, 39/7).
Əlbəttə, Allahın bizim şükrümüzə ehtiyacı olmayıb və yoxdur. Mənə elə gəlir ki, biz insan olaraq şükür etməklə öz kimliyimizi açıb ortaya qoyuruq.

Niyə belə bir yazı yazmaq qərarına gəlmişəm? Vallah, dünyada elə dərdlər, elə problemlər var ki, deyirsən mal-pul cəhənnəmə, təki canımız sağ olsun.

Təxminən 1 aydan artıqdır ki, Qalya xala, İsrəfil dayı gündə ən azı bir dəfə mənə zəng vurub, dərdlərini danışırlar, məndən əlim yetən yerlərdən kömək istəməyimi xahiş edirlər. Mən də Allah rizası üçün imkanım daxilində əlimdən gələni etməyə çalışıram. Millət vəkillərinə, tanınmış ziyalılara zəng vurub, bu problemlə bağlı vəziyyəti izah etməyə çalışmışam. Lakin hələ ki ortada müsbət mənada konkret nəticə yoxdur. Soruşa bilərsiniz ki, bəs Qalya xalanın, İsrəfil dayının problemi nədir? Qəzetimizi ardıcıl oxuyanlar bilirlər, onların 32 yaşlı oğlu Nurlan İsrəfilov qaraciyər sirrozundan əziyyət çəkir. Amma əməliyyat üçün nə az, nə çox – 50-60 min manat lazımdır. Hələ şükür ki, Nurlanın qardaşı Ramil analiz verib, həkimlər də onun donor olmasının mümkünlüyünü təsdiq ediblər. Yoxsa donor üçün də əlavə 25-30 min manat da lazım idi.

Gəl, ay kasıb, tap bu pulu görüm, haradan tapırsan?

O gün Nurlanın anası rayondan birbaşa bizim evimizə gəlmişdi. Hər gün ağlaya-ağlaya mənə zəng vuran ananı ilk dəfə idi ki, yaxından görürdüm. Fikir verdim, 56 yaşı olmasına baxmayaraq, ağzında dişi yox idi. Çörək yeyərkən çörəyi çətinliklə çeynəyib udurdu. Görəsən, bu yaşda ağzında dişi olmayan, dişini düzəltdirməyə pul tapmayan ana oğlunun qaraciyərini əməliyyat etdirmək üçün 70-80 min manatı haradan tapar? Dövlət vətəndaşına niyə sahib çıxmır?

Mənim bu yazını yazmaqda məqsədim heç də kimdənsə bu insanlara yardım istəmək deyil, burada vermək istədiyim mesaj şükür etməklə bağlıdır. İnsanlarımız hər xırda problemi özlərinə dərd edirlər, yersiz şeyləri şişirib özlərinə yük edirlər. İnanın, kiçik şeyləri şişirib ürəyinizə salmağa dəyməz.

Dost olmaq çətindir, ən adi şeyin üstündə belə əsəbiləşib könül qırmaq isə asan. Məncə, ən yaxşısı məhz çətin olanı bacarmaqdır. Əslində heç çətin də deyil, sadəcə, kimlərə isə elə gəlir…

Bəzən görürsən ki, söz düşəndə biri o birinə deyir: “Əşi, quru canımdan başqa nəyim var?” Qardaş, vallah, o quru can böyük sərvətdir, böyük nemətdir. Ona görə gündə nə qədər şükür eləsən azdır.

Məsələn, sağlam qara ciyərinin olması sənə görə “quru can”dırsa, sirrozdan əziyyət çəkən biri üçün əlçatmaz bir şeydir. Təkcə əməliyyat üçün yüzlərlə qapı döyməlisən, minlərlə adama ağız açmalısan. O da alına, ya alınmaya.

Əgər sağlam böyrək sənin üçün “quru can”dırsa hər gün dializə ehtiyacı olan adam üçün böyük nemətdir.

Əgər sağlam ürək sənin üçün “quru can”dırsa infarkt keçirən adam üçün böyük nemətdir.

Əgər sağlam ayaqlar sənin üçün “quru can”dırsa şikəst, lap elə ayaq ağrılarından əziyyət çəkən bir insan üçün böyük nemətdir…

***

Dostumun uzun müddət ağrılardan əziyyət çəkən bir qohumu təxminən 4-5 ay öncə intihar edib. Dostumun sözlərinə görə, həmin şəxs ağrılardan xilas olmaq üçün ailəsindən gizlin sirkə turşusu içib, amma həmin an ölməyib. 4-5 gün xəstəxanada ağır vəziyyətdə yatandan sonra dünyasını dəyişib. Ölməmişdən qabaq həmin şəxs həyat yoldaşına deyibmiş ki, “Sirkə turşusu mədəmi yandırıb, bilsəydim belə ağrılarım olacaq, əvvəlki ağrılara dözərdim” .Nicat Intiqam