75 yaşlı şəhid anası Hamayıl Əliyeva: “20 ildir kirayələrdə yaşayıram”

648

“Oğlumun şəhid olması xəbəri gələndə o an dünyam məhv oldu, həyatım söndü… Fəryadımdan göy silkələndi, yer ayrıldı, amma Firuz qayıtmadı…” Bu, bir şəhid anasının çağırışı, nisgilidir. İndi onun təsəllisi oğlu ilə bağlı xatirələri, çərçivələnmiş fotoları, bir də Şəhidlər xiyabanındakı Xatirə muzeyində olan əşyalarıdır. Tez-tez muzeyə gəlib onun əşyalarına toxunur, iyləyir və məzarının üstündə göz yaşı töküb olmayan mənzilinə, yəni ya yataqxanaya, ya da kirayədə qaldığı evinə yollanır 75 yaşlı Hamayıl ana…

 

“Son dəfə oğlumun üzünü cəbhə bölgəsində gedib orada gördüm”, – deyən Həmayıl xanım daha sonra dedi: “Solmuş bənizi hələ də gözümün önündədir. Komandirindən icazə istədim ki, qoy balamı aparım evdə bir-iki gün baxım. Tez özü komandirdən qabaq dedi ki, ay ana, hər gələn valideyn uşağını bir-iki günlüyə evə aparsa, bəs Vətəni kim qoruyar? Nə yaxşı ki, heç olmasa uşağın üzünü son dəfə gördüm. Mən gələndən 4 gün sonra şəhid oldu balam. Özü də musiqiçi idi, gözəl qarmon çalırdı. İndi də qulaqlarımda onun çaldığı müsiqilərin həzin səsi qalmaqdadır. Biz şəhid anaları bilirsiz nələr çəkirik?!”

Hamayıl ananın övladı Firuz Əliyev 1974-cü ilin martın 8-də dünyaya göz açıb. 3 qardaş iki bacı idilər. Firuz elə uşaq yaşlarından Vətənə olan sevgisini izhar edib. Hər dəfə böyük həvəslə Vətənə layiqli xidmət edəcəyini arzu edib. Bunun üçün tələsib. Nəhayət, o gün yetişib və Firuz həqiqi hərbi xidmətə yollanıb…

Firuz Əliyev 1992-ci ildə Naxçıvanda həqiqi hərbi xidmətə yollanıb. 1 il 3 aydan sonra, daha doğrusu, 1993-cü ili avqust ayında Ağdamın Əfətli kəndinə göndərilib. Bir neçə kəndi alandan sonra onları Füzuli rayonunun Əhmədbəyli kəndinə yollayıblar. Qeyd edək ki, Firuz Əliyev polkun speznazı idi. Düşmənin 3 tankın məhv edib. 1993-cü il ilin avqust ayının 28-də cəbhənin Ağdam-Füzuli istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Daha sonra Hamayıl ananın digər oğlu 3 uşaq atası Şünasi 30 yaşında qəfil xəstələnərək dünyasını dəyişib. Ananın digər  oğlu isə hazırda əsəb xəstəsidir. Müalicəsi üçün heç bir yerdən kömək yoxdur.

Şəhid anası Hamayıl xanım xəstə olduğu üçün bu gün qızının bir otaqlı mənzilinə sığınıb onunla qalır. Qızının da yaxşı şərati olmadığı üçün çətinlik çəkir. Həmayıl xanım deyir ki, 30 il tekistilni kombinatında fəhlə işləmişəm: “Əvvəlcə həyat yoldaşım rəhmətə getdi. Ondan sonra dalbadal iki oğul itirdim. Bu gün kirayələrdə, yataqxananın küncündə olmazın əzab əziyyət çəkirəm. Ev üçün aidiyyatı orqanlara müraciət etməyimə baxmayaraq 20 ildir heç bir nəticə yoxdur. Artıq ölümümə az qalıb istəyirəm ki, heç olmasa öləndə məni öz evimdən çıxarsınlar, kirayələrdə ölmək istəmirəm”.

 

 

Esmira Hidayətova, Mingəçevir.