“Mən qorxuram ki, elə bir vaxt, vədə yetişə ki, insan ola, amma insanlıq yox!”

599
Bəxtiyar Vahabzadə ədəbiyyatımızda özünəməxsus imzası olan sənətkarlardan biridir.
 Bir çox əsərlərin müəllifi olan Bəxtiyar müəllim bir ömür boyu qələmi ilə xalqına xidmət etmiş, yaradıcılığı ilə xalq üçün əhəmiyyət kəsb edən məsələlərə işıq tutmuşdur. Onun əsərlərində bir çox mövzular işlənmişdir. Bəs bu mövzular içində ən geniş yer tutanı hansıdır? Bu suala müxtəlif cavablar almaq mümkündür. Kiminə görə Vətən, kiminə görə ana dili, kiminə görə narahat bir qəlbin iztirabları, kiminə görə yana-yana yaşamaq mövzusu şairin yaradıcılığının əsas istiqamət xəttini təşkil edir. Sənətkarın yaradıcılığı o qədər çoxşaxəlidir ki, qeyd olunan bu mövzularla yanaşı, bir çox başqa mövzuların da onun əsərlərində geniş şəkildə ələ alındığının şahidi oluruq. Bu yazıda əxlaqi və milli-mənəvi dəyərlərə dünənki və bugünkü baxış tərzinin kiçik müqayisəsinə B.Vahabzadənin gözü ilə baxmağa cəhd etmişik.

B.Vahabzadə əxlaq mövzusunu ayrıca bir mövzu kimi ələ alıb bir-iki əsər yazmaqla kifayətlənməmiş, bu əhəmiyyətli mövzuya aid məsələləri, demək olar ki, bütün əsərlərinin içərisinə yerləşdirərək diqqət mərkəzində saxlamışdır. Şairin yaşadığı sovet cəmiyyətində əxlaqın birbaşa dinlə əlaqəli olduğu, qaynağını dindən alması fikri rədd olunur, onun insanlar tərəfindən formalaşdırıldığı iddia olunurdu. Azərbaycan Sovet Ensiklopediyasının Əxlaq maddəsində bu barədə qeyd olunur: “Marksizm-leninizmə görə, əxlaq siyasət, hüquq, incəsənət, din, fəlsəfə və elmin qarşılıqlı təsiri nəticəsində formalaşır və bunlarla birlikdə mövcud bazisin möhkəmlənməsinə fəal kömək edir”.  Yenə həmin mənbə əxlaqın marksizmə qədər (XIX əsr) sistemli şəkildə mövcud olmadığını qeyd edir: “Marksizməqədərki mütəfəkkirlər şəxsi mənafe ilə ictimai mənafeni, xoşbəxtliklə insani borcu, eqoizmlə fədakarlığı əlaqələndirə bilməmişlər”.  Sovet ideologiyası əxlaqı dəyərlərin təsir gücünü fərdlər yox, qruplar üzərində yoxlamağa üstünlük verirdi. Kommunizmin ideya rəhbərlərindən biri olan F.Engels “Anti-Dürinq” adlı kitabında əxlaq haqqında danışarkən deyir: “Kapitalizm cəmiyyətində əxlaqın üç əsas forması mövcuddur: feodal əxlaqı, burjua əxlaqı və fəhlə sinfinin əxlaqı”. F. Engels fikrini davam etdirərək fəhlə sinfinin əxlaqının həyati olduğunu və onun əxlaqın ən yüksək tarixi forması olduğunu qeyd edir. Halbuki əxlaqı müəyyən qruplara, təbəqələrə aid etmək, digərlərini kənarda saxlamaq heç də doğru fikir deyil. Dinimiz İslam əxlaqa böyük əhəmiyyət vermiş, Peyğəmbərimiz əxlaqın əhəmiyyətini vurğulamaq üçün “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim”, – buyuraraq, hər bir insan üçün gözəl əxlaqın ilahi bir lütf olduğunu bildirmişdir. B.Vahabzadə sovet rejiminin ideyalarının zahirdə gözoxşayan olduğunu, əslində isə kiçik xalqları əsarət altında saxlayaraq onlara hökm etmək niyyəti daşıdığını çox gözəl anlamışdı. O, sovet ideologiyasının əxlaq haqqında olan “nağıl”larına uymamış, əsərlərində həqiqi əxlaqi dəyərləri təbliğ etmişdir. Eyni zamanda cəmiyyətdə baş verən dəyişikliklər, atalarımızdan bizə miras qalan milli-mənəvi dəyərlərin unudulması, hətta tənqid və müzakirə hədəfinə çevrilməsi şairi narahat etmişdir. O, yad təsirlərə məruz qalaraq Qərbi təqlid edənlərə etiraz edir, onlara üz tutaraq əcdadlarımızın müqəddəs bilib, möhkəm-möhkəm sarıldığı qədim tarixə malik gözəl, müdrik Şərq ənənələrini xatırladır. Belə bir epizoda “Yollar-oğullar” poemasında rast gəlmək mümkündür:

Bizim qoca Şərqin adətinə bax!

Pismidir? Bir pislik görməyirəm mən.

Əgər pis deyilsə, bəs onda nədən,

Bu gözəl adətlər tez unudulsun?

Böyüyə ehtiram niyə pis olsun?

Xaricpərəstlik azarına yoluxmuş bəzi insanlar əsrlərin sınağından çıxaraq günümüzə qədər gəlmiş milli-əxlaqi dəyərlərimizdən imtina edir, başqa millətləri təqlid etməyi mədəni irəliləyiş zənn edirlər. Atalarımızın mirası olan hikmət dolu dəyərlərimiz onlar üçün tamamilə yaddır. Mənliyindən uzaq düşmüş bu insanlar keçmişimizi dəyərləndirməkdən çox uzaqdırlar. Amma onların unutduqları bir həqiqət var. Başqa millətlərə aid adətləri davranışlarına tətbiq etməklə onlar özlərini aldadırlar, yeni bir yol tutduqlarını zənn etdikləri halda, başqalarının yolu ilə gedirlər. B.Vahabzadə “Nəsənsə özün ol” şeirində onları “öz atasından qaçıb özgə ataları yamsılayanlar” adlandırıb, düşdükləri vəziyyətə acı-acı gülmüşdür:

Sən niyə arxanı köhnə sanırsan?

Qaçıb öz atandan? Bəs bu nədəndir?

Özgə ataları yamsılayırsan?

…Yadın köhnəsi də dilin əzbəri

Ənənən çiyninə niyə yük oldu?

Anlaya bilmirəm nə vaxtdan bəri

Yadı yamsılamaq yenilik oldu?

B.Vahabzadə “Hara gedir bu dünya” pyesində maraqlı bir gediş edərək, bu günün və keçmişin insanlarının müqayisəsini aparmaq üçün əcdadlarımızı təmsil edən, yalnız əsərin əsas qəhrəmanlarından olan Laçının gözünə görünərək onu keçmişdən ibrət almağa çağıran simvolik Ulu Əcdad surəti canlandırmışdır. Günümüzün insanının yalana meyilli olduğundan narahat olan Ulu Əcdad Laçının “Yaşamaq üçün yalan danışmaq, əyri olmaq lazımdır” sözü ilə heç bir vəchlə razılaşmır, cəmiyyətin dəyişməsindən, başqalaşmasından qaynaqlanan narahatçılığını dilə gətirir: “Düz danışanda yaşaya bilmirsinizsə, siz ağıllı deyil, dəlisiniz. Mən sizi anlamıram. Əlbəttə, biz bir-birimizi anlaya bilmərik. Ona görə ki, biz doyana qədər yeyirik, siz doyduqca acırsınız. Biz qonşunun aclığına acımış, özümüz yeməyib ona vermişik. Siz isə qonşunun toxluğuna acırsınız. Biz şükürlə yaşamışıq, siz fikirlə yaşayırsınız. Çünki sizin qarnınızdan çox, gözünüz acdır. Biz tamahımızın ağası olmuşuq, siz qulusunuz. Buna görə biz öz xeyrimizi qəbilənin xeyrində görürük. Siz isə öz xeyrinizə görə cəmiyyətin xeyrinə tüpürürsünüz. Buradan da fəlakətiniz başlanır”.  B.Vahabzadə bununla da oxucusunu bir anlıq keçmişə qaytarır, başqalaşmağımızın səbəblərini araşdırmağa sövq edir, onu özünə, öz kökünə qaytarmağa çalışır. Əsər boyu Ulu Əcdad bir sıra epizodlarda Laçının gözünə görünərək onu doğru yola səsləyir, tutduğu yolun səhv olduğunu ona başa salmağa çalışır. Laçın isə ona haqq qazandırmır, onun fikirlərinin bu günün reallığına uyğun gəlmədiyini düşünür. Lakin əsərin sonunda o, Ulu əcdadın dediklərinin doğru olduğunu anlayır və həqiqətən də, günümüzün insanının mənəvi dəyərlərimizdən olduqca uzaqlaşdığını etiraf edir: “O haqlıdır, biz elmi tərəqqimizlə əcdadımızdan ayrılıb bu gün ali insan olmuşuq. İlahi, yalnız özünü düşünüb başqasını tapdayan, nəfsinin qulu olan insana necə ali insan demək olar? Tərəqqimi bizi bura gətirdi? Bu gün həm qorxaq, həm qəddar, həm də yalnız özünü düşünən insanın içində ağlından törəyən bir xudbinlik vəhşisi yatır. … Bəs bugünkü şüurlu insan daha da yüksəlmək əvəzinə, niyə əxlaqı unudub bu qədər aşağı enmişdir? Demək, insan bu tərəqqinin hansısa pilləsində çaşıb. İndiyəcən dünyada on beş min dəfə müharibə aparılıb. … İnsan göydəki ulduzların əlifbasını oxuya bilir, amma biri o birisinin qəlbini oxuya bilmir. Beləliklə, insan cəmiyyətini anlaşılmazlıq və qaranlıq bürüyüb. Bu qaranlıqda oğrular istədiyini edir, doğrular isə gözə görünmür. … Əyrilik, yalan, riya, oğruluq, rüşvət ən adi normaya çevrilib. Bunları bacarmayanlara, başqa sözlə, əxlaqı pozulmamış adamlara əfəl, fərsiz, bacarıqsız deməkdən də çəkinmirik. Müqəddəs heç nə qalmayıb bizim üçün. Ürəyimizdə Allah xofu yox. Biz hara gedirik? Siz hara gedirsiniz? Dünya dediyimiz bu gəmi hara gedir?”  Ulu Əcdad insanların davranışlarını müşahidə etdikcə bir çox haqsızlıqların şahidi olur, əsərin finalında üzünü bütün insanlara tutaraq deyir: “Ey bu günün insanları! Əcdadınızdan gələn və bu gün qanınızda yaşayan işıqlı duyğuları tərpədin, dilə gətirin. Onda siz mənən təmizlənəcək və gözəlləşəcəksiniz. Gələcək keçmişdən başlanır. Odur ki, irəli getmək üçün geriyə baxın, əcdadınızın keçib gəldiyi yollara nəzər salın. Çevrilin, arxanıza baxın!”

Keçmişə biganə qalmaq, gələcəyə gedən yolu keçmişdən salmamaq yanlış düşüncədir. Keçmişini bilməyənin əslini-kökünü tanıya bilməyib özünü başqa millətlərə aid etməsi düşünülə bilər ki, bu da öz növbəsində fəlakətdir. Sevindirici haldır ki, keçmişimizə boylandıqda millət olaraq başımızı aşağı salacaq heç bir səhifəyə rast gəlmirik. Bəs niyə keçmişimiz bizə yad olmalıdır? Atalarımızın həyat tərzi, milli-mənəvi dəyərlərə bağlılığı bir çox avropalı səyyahın heyrətinə səbəb olmuş, onların günümüzə qədər gəlib çatmış qeydlərində geniş şəkildə əks olunmuşdur. İndi özümüzü bənzətməyə çalışdığımız xalqların bir zamanlar atalarımızı nümunə götürdüyünü unutmağa haqqımız yoxdur. Tarix bunu bizə bağışlamaz. B.Vahabzadə müsahibələrindən birində atalarımızdan qalmış mənəvi mirası insanlıq dərsi adlandıraraq bu mirasdan məhrum böyüyən nəsillərin  necə olacaqları marağından qaynaqlanan təşvişini dilə gətirmişdir: “Bəli, hər bir şeyimizin olduğu bir zamanda biz özümüzün – insanın qorunmasının qeydinə qalmalıyıq. Onun min illər boyu qazandığı milli və mənəvi keyfiyyətləri yaşatmalıyıq. Mən qorxuram ki, elə bir vaxt, vədə yetişə ki, insan ola, amma insanlıq yox!”

Vüqar Adilov