70 illik sağalmayan yara

487

Uzun illərdir dünya miqyasında müsəlmanlara, türklərə qarşı aparılan ədalətsiz siyasət tarixə qara hərflərlə yazılmaqla qalmır, bu qərəzli mövqe dünya gücləri tərəfindən müdafiə də olunur. 1944-cü il, noyabr ayının 13-dən 14-nə keçən gecə SSRİ rəhbərliyinin Ahıska türklərinin tarixi dədə-baba yurdundan çıxarılaraq Qazaxıstana və Orta Asiyanın çöllərinə sürgününü də böyük bir kədərlə vurğulamaq lazımdır. Bu yaxınlarda ahıska türklərinin birliyini ifadə edən Ahıska türklərinin “Vətən” Cəmiyyəti İctimai Birliyinin (İB) xətti ilə ölkəmizdə, həmçinin də Gürcüstanda Ahıska türklərinin tarixi torpaqlarından sürgün edilmələrinin, soyqırımıya məruz qalmalarının 70 illiyinə həsr olunmuş anım mərasimləri keçirilib. Belə anım mərasimlərindən biri də Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində (Şimal bölgəsində ahıska türklərinin ən sıx, kompakt yaşadığı ərazidir-A.T) qeyd olunub. Anım mərasiminin protokoluna uyğun olaraq, cümə namazı qılındıqdan sonra şəhidlərin ruhuna dua və Quran ayələri oxundu. Daha sonra məscidin həyətində ehsan süfrəsi təşkil olundu.

Səpələnmiş qəbirləri ziyarət edə

biləcəyikmi?

Bu acı tarixi “Vətən” Cəmiyyəti İB-nin Şimal bölgə üzrə sədri Naim Şahmən bizimlə bölüşdü: “1944-cü il, noyabr ayının 13-dən 14-nə keçən gecə Stalin-Beriya hakimiyyəti heç bir xəbərdarlıq etmədən əlacsız əhalini, qoca, qadın, uşaq demədən yük qatarlarına (sərnişin qatarları ola-ola!) dolduraraq, əvvəlcə, Ural dağlarına, oradan da Qazaxıstana və Orta Asiya çöllərinə aparıb tökdülər. Onu da vurğulamaq istərdim ki, bu ərazidə yaşayan ahıska türklərindən əhali arasında əli silah tutan kişiləri İkinci Dünya müharibəsinə aparmışdılar. Çox təsirləndirici haldır ki, yük vaqonunda 70-80 nəfər, yəni bir neçə ailə aparılıb. Bir qatarda 10 nəfərə qədər şəhid olub. Hətta cəsədləri də qarda basdırıblar (Qeyd edək ki, artıq noyabr ayından etibarən şaxtalı günlər sözügedən ərazilər üçün xarakterikdir-müəllif). Soyuqdan donmuş uşaq anasının qucağından götürülərək qarda basdırılıb. Bu gedişlə təxminən 20 min insan yollarda həlak olub. Daha sonra min bir zülmlə, insanların həyatı bahasına Qazaxıstanda, Özbəkistanda, Orta Asiyada məskunlaşma prosesi gedib. Yenə də burada zülmlər qaçılmaz olub. Belə ki, 1944-1956-cı illərə qədər, 12 il ərzində komendant saatı tətbiq olunub. Bir kənddən digər kəndə gediş-gəliş bir yana, heç yaxınlarının, ailə üzvlərinin dəfni üçün qonşu kəndə getmək  üçün belə icazə verilmirdi. İcazəsiz gedənlərin də aqibəti ya həbslə, ya da başqa cəza növləri ilə – Sibirə sürgünlə nəticələnirdi. Şəraitin həddən artıq dözümsüzlüyü xəstəliklərə səbəb olurdu. Tif xəstəliyindən qırılanlar oldu. Ümumiyyətlə, 1939-cu ilin əhalinin siyahıya alınmasına görə, 93 min ahıska türkü olub, 46 mini əsgər gedib, 27 mini geri dönüb, 19 mini müharibədə həlak olub. Qeyd edim ki, qalan 47 min nəfər əhali ilə yanaşı, 20 min nəfər müharibədən qayıtdıqdan sonra ümumilikdə 67 min nəfər sürgün olunub. Yeri gəlmişkən bu müharibədə ahıska türklərindən 11 nəfər Sovet İttifaqı Qəhrəmanı, 3 nəfər də “Şöhrət” ordeni ilə (I, II, III dərəcəli) təltif olunub. Bu da sovet ittifaqı qəhrəmanlığına bərabər sayılır. Soyqırımının, sürgünün nəticəsi olaraq, günü bu gün də əzizlərimizin məzarları müxtəlif ölkələrdədir. Elə mənim atamın qəbri Özbəkistanda, iki qardaşımın qəbri Rusiyada, anam və digər qardaşımın qəbri də Xaçmazın Həbibkənd qəbiristanlığındadır. Mən 18 ildir ki, atamın məzarını ziyarət edə bilmirəm. Həm maddi, həm də vaxt cəhətdən buna imkan çatmır”.

“Camaat acından ot yeyirdi”

Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində keçirilən anım tədbirində faciənin iştirakçısı olmuş canlı şahidlər iştirak edirdilər. Fürsət bilib, onların da bu tarixi hadisə haqqında xatirələrini qeyd etdik. Müsahibimiz Mustafa kişi o illəri belə xatırlayır: “O illər bizimçün çox ağır oldu, çox. 60-70 yaşına qədər olan əli silah tutan kişiləri aparmışdılar müharibəyə vuruşmağa. 15 yaşım var idi. Qalan köməksiz əhalini – qocaları, qadınları, uşaqları- mindirdilər yük qatarlarına. 15 gün Uralda qaldıq. Bu ərəfədə 7-8 min nəfər adam öldü. Bizim qatarda 1 nənə, 3 körpə uşaq gözümün önündə vəfat etdi. Uşaqlardan ikisini yaşlı əmimlə qarın içinə gömdük, basdırdıq. Daha sonra Özbəkistana gəldik. Aclıq və xəstəlik milləti qırdı. Özümüzlə gətirdiyimiz az miqdarda ərzaq da bitdi. Camaat acından ot yeyirdi. İndi o günlər getdi, amma qəlbimizdə bir vətən nisgili qaldı. Şükürlər olsun, Allahın birliyinə güvənərək, onun sonsuz rəhmətinə ümid edərək bu çətin günlərin zəhmətinə qatlanıb yaşadıq. Necə olsa da vətənsiz yaşamaq çətindir. Allah rəhmət etsin o böyük insana, Heydər Əliyevə! O bizi qəbul etdi, bizə torpaq verdi. Bizə dayaq oldu, qayğı göstərdi. Buradakı camaat bizə ev verdi, evində saxladı. Öz doğması kimi rəftar etdi. Biz hamısına təşəkkür edirik! Cənab Prezidentimiz İlham Əliyevə Allah ömür versin, bizim qayğımıza qalır, qayğısını əsirgəmir”.

“O illəri xatırlayanda kövrəlirəm,

qəhərlənirəm”

Növbəti Şahid Tairov Musəddin: “13 yaşım var idi. Məktəb qarovulçusu (gözətçisi) bizim evə gələrək bildirdi ki, sabah məktəbdə iclas olacaq. Hər ailədən 1 nəfər o iclasda iştirak etməliydi. İclasdan sonra atam gəldi dedi ki, 6 illik Orta Asiyaya getməliyik. Dəmiryol xətti də bizim kəndin aşağı hissəsindən keçirdi. Digər kəndlərdən köçürülən sakinlərlə yük qatarları gələnə qədər 1 sutka gözlədik. Qatar yola düşdü və biz amansız, qəddar, zalım bir qərarın nəticəsində aldadılaraq bir aya qədər ac-susuz Ural dağlarında qaldıq. Gözümün önündə ölmüş iki uşağı çamadana qoyduq. Sonra da məlum olduğu kimi, Özbəkistanda nə qədər adam qırıldı aclıqdan, xəstəlikdən”.

Rizvanov Nuri: “Həddən çox ağır günlər idi və indi də o illəri xatırlayanda kövrəlirəm, qəhərlənirəm. Uşaq idim, 7 yaşım var idi. Gözümün önündə bir neçə insan vəfat etdi. Ailəmizdə 8 nəfərdən sağ qalan tək mən oldum. Çox şükürlər olsun ki, biz Azərbaycanda gözəl qarşılandıq. O qədər də qəriblik hissi çəkmədik. Bura da bizə doğma məkan oldu”.

O ağır günlərin nəfəsini duymuş ağsaqqal Osmanov Əli də çox ağır günlər keçirdiyini dedi. Aclıqdan, susuzluqdan insanların qırıldığının şahidi olduğunu bildirdi.

Anım mərasimində “Vətən” cəmiyyəti İB-nin Aran zonası üzrə sədri Rüstəm Xəlilov,  Şimal-Qərb zonası üzrə sədri Xalid Rəhmanov, eləcə də Şabran rayonu üzrə sədri Əhməd Xəlilov çıxış edərək, bu tədbirin önəmini vurğuladılar. Qeyd etdilər ki, bu tarix gənc nəslə aşılanmalıdır ki, onlar ahıskalıların hansı zülmlə vətənlərindən didərgin salındıqlarını və vətən həsrətinin nə olduğunu duysunlar.

“Azərbaycan üzrə 165 nəfərə dəvət gəlib”

Tədbirin sonunda çıxış edən Naim Şahmən bir daha vurğuladı ki, 1956-cı ildə komendant vaxtı ləğv olandan sonra Azərbaycana da köçlər başladı: “1958-ci ildən buradayıq. Azərbaycanda biz qardaşlıq gördük, sevgi gördük, dostluq gördük. Biz birik, qardaşıq, müsəlmanıq. Bura da bizə doğmadır, ikinci vətəndir. Ümummilli lideri rəhmətlə anırıq, bizə çox yardım etdi. Cənab Prezident İlham Əliyevə də təşəkkürümüz bildiririk, bizə göstərdiyi qayğıya görə”.

Sonda bir maraqlı məqamı da vurğulayaq. Gürcüstan hökumətilə aparılan danışıqlara əsasən, Ahıska türklərinin tarixi doğma dədə-baba yurdlarına geri dönüşü təmin olunmaq üzrədir. Naim Şahmən bildirdi ki, Azərbaycan üzrə 165 nəfərə dəvət gəlib. Şimal bölgəsindən 5 nəfər üçün də vətəndaşlıq təklifi gəlib. Hazırda 1200 nəfərin vətəndaşlığı gözlənilir: “Sadəcə, istənilən odur ki, oraya gedəcək adamlarımızın kompakt şəkildə yaşamaları təmin edilsin”.

AMIL TAĞIYEV