7 ayda xarici ölkələrə 1 milyard dollarlıq qeyri-neft məhsulları satmışıq

0
461
Bu ilin ilk 7 ayı ərzində xaricə satdığımız məhsulların dəyəri aldığımız məhsulların dəyərindən 2,7 dəfə çox olub. Yanvar-iyul ayları ərzində dünyanın müxtəlif ölkələrinə 13,25 milyard dollar dəyərində məhsul satılıb. Bu dövürdə xarici ölkələrdən 4,9 milyard dollar dəyərində məhsul alınıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 7 ayı ərzində ixracın həcmi 4,4%, idxalın həcmi isə 20,9% aşağı düşüb ki, nəticədə xarici ticarət dövriyyəsinin həcmi 9,5% azalıb. Dövlət Gömrük Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, əvvəlki illərdə olduğu kimi cari ilin ilk 7 ayı ərzində də xarici ölkələrə ən çox xam neft idxal olunub. Hesabat dövrü ərzində xarici ölkələrə 11,3 milyard dollar dəyərində xam neft göndərilib ki, bu da ümumi ixracın 85,6%-ni təşkil edib. Ötən illə müqayisədə isə xam neftin ixracı 2,2% azalıb.

Xam neft, neft məhsulları və təbii qazın ixracdakı payı 92,5%-ə bərabərdir

Xam neftdən sonra xarici ölkələrə ən çox neft məhsulları satılıb. İxrac olunan neft məhsullarının dəyəri isə 699,9 milyon dollar təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə neft məhsullarını ixracı 4,4% azalıb. Neft məhsullarından sonra xarici ölkələrə ən çox təbii qaz ixrac edilib ki, onun da dəyəri 215,8 milyon dollara bərabər olub. Xam neft və neft məhsullarında olduğu kimi təbii qazın da ixracı azalıb. 2013-ci ilin yanvar-iyul ayları ilə müqayisdə təbii qazın ixracı 56,4% az olub. Ümumilikdə isə xam neft, neft məhsulları və təbii qazın ixracdakı payı 92,5%-ə və ya 12,2 milyard dollara bərabər olub. Qeyri-neft məhsullarının ixracı isə təxminən 1 milyard dollar təşkil edib. İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və təbii qazdan sonra meyvə-tərəvəz gəlir. Cari ilin ilk 7 ayı ərzində xarici ölkələrə 215,8 milyon dollarlıq meyvə-tərəvəz satılıb. Bundan başqa ixrac edilən məhsullar arasında şəkər (133,1 milyon dollar), bitki və heyvan mənşəli yağlar (129,2 milyon dollar) plastmassa və onlardan hazırlanan məmulatlar (76,9 milyon dollar) və digər məhsullar üstünlük təşkil edib.

Avtomobil idxalı yarı-yarıya azalıb

2014-cü ilin yanvar-iyul ayları ərzində xarici dövlətlərdən ölkəmizə ən çox maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri gətirilib. Satın aldığımız bu məhsulların ümumi dəyəri isə 1 milyard 499,4 milyon dollar təşkil edib. Bu, ümumi idxalın 30,7%-nə bərabərdir. Ötən illə müqayisədə bu məhsulların idxalı 5,3% azalıb.

Eyni zamanda ilin ilk 7 ayı ərzində 450,3 milyon dollar (ümumi idxalın 9,2%-i) dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə mqayisədə təxminən 2 dəfə azadır. Məlumat üçün qeyd edək ki, ilin ilk 7 ayı ərzində ölkəyə 38 min 338 ədəd avtomobil idxal edilib. Ötən ilin müvafiq dövründə bu rəqəm 58 min 258 ədəd olub.

Tütün idxal məhsullarının  sıralamasında 5-ci yerdədir

2014-cü ilin yanvar-iyul aylarında ölkəyə 575,6 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 156,2 milyon dolları buğdanın, 98,9 milyon dolları şəkərin, 56,5 milyon dolları isə yağların payına düşüb. Ötən illə müqayisədə buğda idxalı 23% azaldığı halda, yağların idxalı 26% artıb. Qara metallar və onlardan hazırlanan məhsullar (511,9 milyon dollar və ya ümumi idxalın 10,5%-i) idxal malları arasında dördüncü sırada yer alıb. Eyni zamanda tütün və tütün məhsulları ilə əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olublar. Bu məhsulların ölkəmizə gətirilməsi üçün 7 ayda müvafiq olaraq 217,3 milyon və 1382 milyon dollar ödənilib. Son bir ildə tütün və tütün məhsullarının idxalında 14,8% artım qeydə alınıb.

İxrac olunan məhsulların yarıdan çoxu 5 dövlətə göndərilib

Hər zaman olduğu kimi bu ilin ilk 7 ayı ərzində ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Yanvar-iyul ayları ərzində bu ölkəyə 3,06 milyard dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 23,1%-i İtaliyanın payına düşüb. Bundan başqa İndoneziyaya 1,66 milyard, Almaniyaya 1,05 milyard, Fransaya 909,1 milyon dollar, İsrailə isə 777,8 milyon dollar dəyərində məhsul ixrac olunub. Onu da bildirək ki, ixrac olunan məhsulların yarıdan çoxu – 56,1%-i adlarını sadaladığımız 5 dövlətə göndərilib. Ən çox məhsul satılan ölkələrin sıralamasında növbəti yerlərdə Hindistan (584 milyon dollar), ABŞ (445,2 milyon dollar), İspaniya (438,4 milyon dollar) və digər dövlətlər gəlir.

İdxal məhsulların 14,3%-i Rusiyadan gətirlib

Cari ilin yanvar-iyul ayları ərzində ən çox məhsul Rusiyadan alınıb. Şimal qonşumuzdan alınan məhsulların dəyəri 698,04 milyon dollar təşkil edib və bu məhsulların ümumi idxaldakı payı 14,3%-ə bərabər olub. Rusiyadan sonra ən çox Türkiyə və Almaniyadan məhsul gətirilib. Bu ölkələrdən müvafiq olaraq 690,6 milyon və 378,1 milyon dollarlıq məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri Çin (370,9 milyon dollar), ABŞ (369,1 milyon dollar), Böyük Britaniya (320,5 milyon dollar) və digər dövlətlər tutur.

Allahverdi Cəfərov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here