69 yaşlı təqaüdçü: “Bu yollarda o xəstəliyi yoxa çıxardım”

0
320

Mingəçevir sakini, 69 yaşlı təqaüdçü velosipedlə artıq 5 ildir ki, səyahət edir. Bu gün o yenə öz ənənəsinə sadiq qalaraq səhər saatlarından yola çıxdı. Bu təqaüddə olan 69 yaşlı müəllim Abid İsmayılovdur. Abid İsmayılov ötən illər  3000 kilometr məsafəni 70 günə qət edib. Vaxtilə pedaqoq işləyən Abid İsmayılov artıq beşinci  ildir velosipedlə səyahət edir.

 

1948-ci il təvəllüdlü velosipedçi İran, Türkiyə, Rusiya, Naxçıvan, Gürcüstan, Krasnodar, Novorossiysk, Soçi  marşrutu üzrə səyahətə çxıb. Zəruri vasitələri özü ilə götürən həvəskar velosipedçi bu gün səhər saatlarından həmin marşurut üzrə yola düşdü. Həmçinin səyyah Çeçenistan və İnquşetiya ərazilərində də olub. Bu səfər 3 ay müddətində səyahətdə olacağını bildirən səyyah öz səhhəti barədə də bizə məlumat verdi: ”69 yaşım olmasına baxmayaraq çox gümraham. İnanıram ki, 3 ay boyunca arzularımı reallaşdıracağam. Çünki bu səyahətdə mən yol boyu maraqlı insanlarla qarşılaşır, növbəti səyahət üçün özümdə güc toplayıram. Bu dəfə fikirim var ki, Odessaya qədər gedim. Burada gördüyünüz dostlar hər il məni bu cür yola salırlar. Bu da bir səyyah kimi məndə bir ruh yüksəkliyi yaradır. Əvvəllər səhhətimdə şəkər xəstəliyi yaranmışdı. İnandırım sizi, mən bu yollarda o xəstəliyi yoxa çıxardım. Bir ona təssüflənirəm ki, bu 5 ildə özümə bir yol-yoldaşı tapa bilmədim. Çünki səyyaha yoldaşlı çıxmaq bir az güvənli olur. İnanıram ki, bu arzumu da reallaşdıracağam”.

 

Qeyd edək ki, Abid İsmayılovun nə uşaqlıqda, nə də gənc yaşlarında velosiped sürməyə həvəsi olmayıb. Cəmi bir neçə ildir ki, velosiped sürməyi öyrənib. Əzmkarlığı və inanılmaz istəyi bu naliyyətləri əldə etməsinə gətirib çıxarıb. Səyyah sağlam həyat tərzini və idmanın insan həyatı üçün vacibliyini əsas tutur. O, gələcəkdə Çin səddinədək getməyi planlaşdırır.

 

Esmira Hidayətova, Mingəçevir.