600-dən çox bal yığanların sayı artıb

0
419

Son 3 ildə Azərbaycanda keçirilən qəbul imtahanlarında 500-dən çox bal yığan məzunların sayı 19%, 600-dən çox bal yığanların sayı isə 30% artıb. apa-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov təhsil işçilərinə mükafatların təqdim olunması mərasimində bildirib ki, 2012-ci ilin buraxılış imtahanlarında şagirdlərin 50%-i müsbət qiymət alırdısa, 2016-cı ildə bu göstərici 67% təşkil edib.

Nazir vurğulayıb ki, əgər hər bir sinifdə 3 şagirddən biri uğurla buraxılış imtahanından keçirdisə, bu il 3 şagirddən ikisi yaxşı nəticə əldə edib. “Amma biz təhsil sisteminin fəaliyyəti və keyfiyyəti yalnız buraxılış imtahanlarında əldə edilən nəticələrlə ölçmək istəmirik. Hər bir təhsil müəssisəsinin gücü orada çalışan müəllimlərin gücü ilə ölçülür. Son illər təhsil sahəsində əldə edilən uğurlarda müəllimlərin danılmaz və aparıcı rolu var. Təhsil sisteminin gücü, bu sahəyə ayrılan diqqət, bu işə resursların yönəldilməsi və digər səbəblər bizim üçün imkan verir ki, gələcək fəaliyyətdə daha yüksək nəticələrə nail olaq”.

Nazirin sözlərinə görə, bu gün Azərbaycanda 60 minə yaxın müəllim yeni sistem əsasında fəaliyyət göstərir. Müəllimlər artıq bu ildən yeni dərs yükü və əmək haqqı sistemi üzrə çalışırlar. Onun sözlərinə görə, 2017-ci ildə də bu proses davam etdiriləcək. M.Cabbarov vurğulayıb ki, gələn il yeni əmək haqqı və dərs yükü ilə əhatə olunan müəllimlərin sayı 100 minə çatdırılacaq.

Təhsil naziri vurğulayıb ki, müəllim olmaq hər bir dövrdə çətin bir vəzifə olub, yaşadığımız dövr müəllim peşəsinin daşıyıcıları üçün daha önəmli və məsuliyyətlidir: “Müəllim sinif otağında, ali məktəb auditoriyasında yeganə bilik mənbəyi deyil. Məlumatın çox qısa və asan şəkildə əldə edilməsi imkanlarının çoxluğu müəllimin, tədris sistemində işləyənlərin fəaliyyətinin diqqət mərkəzində olması imkanlarını xeyli dəyişdirib. Biz əminliklə deyə bilərik ki, təhsil sistemində çalışan müəllimlər bir tərəfdən bu günün tələblərini yaxşı anlayır, digər tərəfdən isə qarşıda duran məsələlərin həlli üçün lazımlı gücə malikdir”.

Prezident İlham Əliyev oktyabrın 4-də təhsil işçilərinə fəxri adların verilməsi və onların təltif edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən 61 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, iki nəfərə “Əməkdar elm xadimi”, 59 nəfərə “Əməkdar müəllim”, bir nəfərə isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları verilib.

Oktyabrın 14-də Təhsil Nazirliyində mükafatların sahiblərinə təqdim olunması mərasimi keçirilib.

Əvvəlcə təhsil işçiləri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin təhsilə və təhsil işçilərinə daim xüsusi diqqət göstərdiyini bildirib.

Ölkəmizdə təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, bu sahədə qazanılan uğurlardan danışan nazir təhsil işçilərinə yeni nailiyyətlər arzulayıb.