“Azəristiliktəchizat”: “Bizə ayrılan subsidiya yalnız istismar xərcləri ilə bağlıdır”

26

“Azəristiliktəchizat” ASC-nin yeni qazanxanalar tikməsi və istilik almayan binaları istiliklə təmin etməsi yalnız dövlət investisiya vəsaitləri hesabına ola bilər.

Bunu səhmdar cəmiyyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev qurumun 2022-2023-cü illər payız-qış növsmü ilə bağlı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, 2015-ci ildən bu günə qədər “Azəristiliktəchizat” bu məqsədlə dövlət investisiya vəsaitlərindən istifadə etməyib.

“Biz soisial yönümlü bir təsərrüfat subyektiyik. Bizə ayrılan subsidiya yalnız istismar xərcləri ilə bağlıdır. Bir çox hallarda KİV-də belə fikirlər yayılır ki, vəsait ayrıldı amma “Azəristiliktəchizat” qazanxana tikmədi. Demək istəyirəm ki, ayrılan subsidiya investisiya xarakterli deyil. Bu subsidiya istifadə olunan təbii qaz, elektrik enerjisi, su və digər xərclərin dəyərinin müəyyən qədər qarşılanması üçündür”, – İ.Mirzəliyev bildirib.

O, etiraf edib ki, bu gün istiliklə təmin olunmayan binalar var. “Amma bir məsələ də var ki, ola bilsin həmin binanın ətrafında qazanxana var, amma bina istiliklə təmin olunmur. Çünki bəzi binalarda istilik xəttini kəsib mənzillərə istiliyi buraxmayanlar, zirzəmini zəbt edib mühəndis avadanlığını dağıdanlar var, xətlərə müdaxilə edib layihədən kənar sistem yaradanlar var. Bu kimi digər halları da saymaq olar”, – deyə İ.Mirəzliyev əlavə edib.