Mingəçevirdə Anım Günü qeyd edilib

180

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu gün münasibətilə respublikamızın hər yerində olduğu kimi, Mingəçevir şəhərində də silsilə tədbirlər həyata keçirildi. İlk olaraq şəhidlərin ruhuna şəhərimizin müxtəlif ərazilərində 600 ədəd ağac əkildi. Ağaclar əsasən yeni salınan park və istirahət mərkəzlərinin ərazilərində, Azərbaycan İES yaşayış massivində, Sağ sahil yaşayış massivində əkildi.

 

Tədbir iştirakçıları sonra Şəhidlər Xiyabanına gələrək burada şəhidlərin xatirəsinə həsr olunmuş tədbiri davam etdirdilər. Öncə şəhidlərin ruhuna dualar oxundu, onların ruhu yad edildi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş nitqlə çıxış etdi. Birinci Qarabağ müharibəsi savaşında, 2016-cı ilin Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində və eləcə də 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə şəhid olan vətən övladlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad olunmasını təklif etdi, onlara Allahdan rəhmət dilədi.

 

Sonra bu döyüşlərdə igidlik, şücaət göstərən əsgər və zabitlərimizin qəhrəmanlıqlarından, vətənəpərliklərindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli addımları ilə Qarabağ savaşı uğrunda gedən döyüşlərdə əldə olunan zəfərlərdən söhbət açıldı. Bildirdi ki, məhz bu igid övladlarımızın şücaəti nəticəsində bu gün Qarabağımız çiçəklənir, inkişaf edir, yeni-yeni infrastruktur layihələr həyata keçirilir:” Artıq məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı həyata keçirilir. Bu bizə ruh yüksəkliyi verir. Əminik ki, cənab Prezidentimizin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycanımız öz xöşbəxt günlərinə qayıdacaq, Qarabağımızda həyat yenidən canlanacaq. Biz bütün şəhidlərimizin xatirəsini əziz tutur, onların ruhu qarşıında baş əyir, qazilərimizə Allahdan şəfalar diləyirik. Dövlətimizin başçısının şəhid ailələrinə, müharibə veteranlarına göstərdiyi diqqət və qayğı hər zaman önə çəkilir. Biz Mingəçevir şəhidlərinin ailələrinə, qazilərimizə, veteranlarımıza dəstək olmaqla, onların bütün problem və qayğılarının, çətinlikərinin həllinə nail oluriq və hər zaman onların yanındayıq. Bu hər bir Azərbaycanlının vətəndaşlıq borcudur”.

Tədbirdə şəhid ailələrinin müdafiə cəmiyyətinin sədri İranə Həsənova, Qarabağ Əlilləri Cəmiyyətinin sədri Əlağa Bəndəliyev, Əmək və Müharibə Veteranları Şurasının sədr müavini Rizvan Mikayıllı, şəhid Təbriz Cümüzadənin atası İldırım Cümüzadə, Vətən müharibəsi əlili Rüstəm Ömərov çıxış edərək şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, birinci vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etdilər.

Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında şəhidlərimizə həsr olunmuş kompozisuiya nümayiş olundu. Sonda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafiqə orqanlarının rəhbərləri, eləcə də idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edərək gül dəstələri qoydular. Şəhidlərin ruhuna ehsan süfrəsi verilib.

Esmira Hidayətova, Mingəçevir