Bir qrup mətbuat nümayəndəsi Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanı ilə təltif olunub

85

Bərdə Regional Mədəniyyət İdarəsində Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndələri ilə görüş keçirilib. Görüşdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, mədəniyyət işçiləri, bir qrup mətbuat nümayəndələri iştirak ediblər. Öncə tədbir iştirakçıları Vətən uğrunda canından keçmiş şəhid jurnalistlərin guşələri önünə gül dəstələri qoyub və eyni zamanda hərbi jurnalist Şöhrət Eyvazoğlunun Vətən müharibəsində düşməndən qənimət olaraq götürülmüş “Boş qalan papaqlar” adlı kolleksiyasına baxış keçiriblər. Tədbirdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən oğul və qızlarımızın, həmçinin şəhid jurnalistlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Azərbaycan milli mətbuatının yaranmasından, şərəfli və zəngin tarixindən danışaraq, mətbuat işçilərinə gələcək fəaliyyətlərində uğurlar və peşələrində yüksəliş arzulayıb. Vəsilə Möhsümova 44 günlük Vətən müharibəsində qazanılan qələbədə medianın xüsusi rolunun olduğunu vurğulayıb.

Mətbuat işçiləri çıxışlarında bildiriblər ki, mətbuatın inkişafına, KİV nümayəndələrinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Daha sonra mərasimdə bir qrup mətbuat nümayəndəsi Bərdə Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanı ilə təltif olunub. Tədbir Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam edib.

Esmira Hidayətova, Bərdə.