Mingəçevirdə qanunsuz ticarətlə məşğul olanlara qarşı mübarizə aparılır

99

Mingəçevirdə qanunsuz küçə ticarəti ilə məşğul olan  və işbazlara qarşı mübarizə tədbirləri gücləndirilir. Bununla bağlı bu gün Mingəçevir şəhər İcra hakimiyyətində şəhəri ictimayyət nümayəndələrinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhərin ağsaqqalları və  yerli KİV nümmayəndələrinin iştirakı ilə müşavirə keçirilib. Tədbirdə şəhərin Sahil parkında qanunsuz “sahibkarlıq” fəaliyyəti ilə məşğul olan işbazlardan danışılıb. Bundan əlavə şəhər nəqliyyatında yaranmış ciddi nöqsanlarla bağlı Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov nəqliyyat rəhbərliyini sərt tənqid edib.

Bütün bu sadalananlarla bağlı şəhər əhalisi normal istirahət edə bilməmələri ilə əlaqədar narazılıqlarını bildiriblər. İcra başçısı birmənalı qeyd edib ki, biz yol vermərik ki, şəhərdə bir qanunsuz tikili belə tikilsin: ”Mingəçevir həmişə səliqə -səhmanı ilə seçilən şəhər olub. Bu gün bir çox istirahət yerlərində qanunsuz obyektlər, çayxanalar fəaliyyət göstərir. Kim bunlara icazə verir? Hər yerdə də hallandırılar ki, icra hakimiyyətindən icazəmiz var. Yeni tikilib istifadəyə verilmiş parklarda bir də görürsən ki, çayxana fəaliyyətə başlayıb. 130 min əhalisi olan mingəçevirlilər bu gün normal istirahət etməyə yer tapmırlar. Bununla bağlı bizə şəhər əhalisindən müraciətlər daxil olur. Xüsusilə yay mövsümü ərəfəsində əhali normal istirahət etmək istəyir. Lakin bu işbazlar narahatçılıqlar yaradırlar. Özbaşına kimlərsə tərəfindən razılıq alaraq əhalinin kütləvi istirahət etdiyi Sahil parkı bərbad vəziyyətə düşüb. Biz həmişə şəhid ailələrinə, qazilərə hörmətlə yanaşmışıq və bundan sonra da belə olacaq. Amma bəzi işbazlar deyirlər ki, mən şəhid ailəsiyəm ya qaziyəm. Bu addan istifadə edərək bu qanunsuzluqlar yaranır. Sahibkar hüquqlarına hər birimiz hörmətlə yanaşırıq. Amma bəzən onlarda öz hüquqlarından kənara çıxırlar. Hara baxırsan küçə ticarətidir. Üzünə qarşı deyirsən ki, satışını obyektinin içərisində sat. Amma bu sözlər onlara təsir etmir. Bazar ətrafı, Sahil parkı  bərbad vəziyyətdədir. Nəqliyyat departamenti öz üzərinə düşən vəzifənin öhdəsindən gəlmir. Şəhəri bazara döndəriblər. Yığşdırın bu qanunsuzluqları. Ayıbdır.Bu şəhərin səliqə-səhmanına diqqət edin”.

İcra başçısı FHN–nin əməkdaşlarına da iradını bildirib. Qeyd edib ki, bu şəhərdə özbaşına tikililərin, artırmaların  sayı günbəgün artır. Bu nədir, deyilən söz, şuranın qərarı niyə icra olunmur. Mən məcburam sizin  mərkəzi qurumlarla danışam və nümayəndə dəvət edəm. Kimdir bu şəhərə öz başınalıqları gətirən? Şəhərin “Orxan” bazarı deyilən ərazisində qanunsuz ticarət obyektləri baş alıb gedir. Bizim bir mövqeyimiz var şəhəri abadlaşdırmaq, səliqə-səhman yaratmaqdır. Amma bəzi işbazlar buna maneçilik törədirlər.

Müşavirədə iştirak edən ictimayyət nümayəndələri də deyilənləri təsdiqləyiblər. Onlarda bu qanunsuzluqlara göz yuman aidiyyəti qurumlara səsləniblər.

Müşavirədə Mingəçevir şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Ədalər Əliyev çıxış edərək bildirib ki, bütün bu qanunsuzluqlarla bağlı bizə icra hakimiyyətindən məktub daxil olub: ”Mən gözləyirdim ki, belə bir tədbir təşkil olunsun biz də öz sözümüzü deyək. Bilirəm bəzi insanlar fikir formalaşdırmaq istəyirlər, amma yanılırlar. Bizə bu faktlarla bağlı 26 müraciət daxil olub. Bunlara baxılıb, tədqiqat bölməsi tərəfindən araşdırılıb, hal-hazırda istintaq bölməsində də araşdırma gedir. Bir də avtomobillərin qanunsuz fəaliyyəti ilə bağlı iki müraciət daxil olub. Tərəfimizdən araşdırma aparılır. Bu gündən etibarən Sahil parkında olan qanunsuz quraşdırılan  qurğular hamısı yığıdırılıb. 12 nəfər barəsində bələdiyyə tərəfindən şəkilləri çəkilən şəxslər barədə protokollar tərtib olunub. Saat 12-dən sonra heç bir iaşə obyektləri fəaliyyət göstərməyəcək. Bunlar hamısı əhalinin narazılığına səbəb olur. Bütün bu işləri köklü şəkildə  həll etmək lazımdır. Hər kəs özünə aid işlə məşğul olsa, heç bir problem yaşanmaz”.

Sonda icra başçısının imzaladığı sərəncam müşavirə iştirkaçılarının nəzərinə çatdırılıb.

Esmira Hidayətova, Mingəçevir