Gəncədə Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsinə ucaldılan abidənin açılışı olub

51

Bu gün Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ucaldılan abidənin açılış mərasimi keçirilib.

alpaninfo.com xəbər verir ki,  əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda və Qafqaz hərəkatında Azərbaycanın müstəqilliyi uğrunda qardaşlıq naminə 1918-ci il iyunun 11-də Gəncədə canlarını fəda edən Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsi yad olunub. Sonra Azərbaycan və Türkiyənin Dövlət Himni səsləndirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yangın, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, bu gün 26 İyun – Silahlı Qüvvələr Günü xalqımız üçün qürurverici gündür. Belə bir gündə qardaşlıq naminə canlarından keçən qəhrəmanlara abidənin açılışı dostluq və əbədi qardaşlığımızın bariz nümunəsidir.

Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk Silahlı Qüvvələr Günü münasibətilə xalqımızı təbrik edib. Qafqaz İslam Ordusunun fəaliyyətindən danışan diplomat 44 günlük Vətən müharibəsindəki Zəfərdən də bəhs edib.

ATİB sədri Cemal Yangın Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ucaldılan abidənin böyük qürur və həyəcanla qısa müddət ərzində ərsəyə gəldiyini bildirib.

Səfir Cahit Bağçı deyib ki, Türkiyə hər zaman qardaş ölkə Azərbaycanın yanında olub. Nuri Paşanın rəhbərliyi ilə 1918-ci ildə Qafqaz İslam Ordusu necə Azərbaycanın yanında oldusa, 102 il sonrada Türkiyə dövləti Vətən müharibəsi zamanı qardaş Azərbaycanı tək qoymadı.

Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində hazırlanan “Türkiyə-Azərbaycan əbədi amal birliyinin Gəncə səhifələri” kitabı da ictimaiyyətə təqdim olunub.

Sonra Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ucaldılan abidənin açılışı olub. Qonaqlar şəhidlərin ruhuna ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri düzüb, xatirə şəkli çəkdiriblər.

Sonda Gəncə Şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” qrupunun çıxışı təqdim olunub.