Milli Qəhrəman Dilqəm Nağıyevin xatirəsi anılıb

106

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Dilqəm Nağıyevin  24 iyun 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1990-cı ildə 9 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra, 69 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. 7 avqust 1993-cü ildə Milli Ordu sıralarında çağırılmışdır.

Daha sonra Bakıdakı “N” saylı hərbi hissədə təlim keçdikdən sonra  Füzuli cəbhəsinə göndərilmişdir. Dilqəm Füzuli rayonunun Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənli, Kürdmahmudlu kəndlərində rəşadətlə vuruşmuş, erməni qəsbkarlarının xeyli canlı qüvvəsini məhv etmişdir. Komandirləri onun bu bacarığını qiymətləndirərək ona çavuş rütbəsi vermişdilər. 1994-cü il Gəncədə dövlət çevirilişinə cəhd edilərkən Dilqəm də silahlı dəstənin zərərsizləşdirilməsində iştirak etmişdir. 1995-ci il 13-17 mart hadisələri zamanı o yenidən silahlı dəstənin zərərsizləşdirilməsi üçün əməliyyatda iştirak etmişdir. Qarşı tərəfdən açılan atəş gənc Dilqəmin arzularla dolu ömrünü qırmışdır… Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Sərəncamı ilə Nağıyev Dilqəm Heydər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Onu da qeyd edək ki, Mingəçevirdəki 9 saylı məktəb qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub.

Bu gün onun doğmalar Dilqəmsiz ad  gününü onun məzarı başında qeyd ediblər. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev və 44 günlük vətən müharibəsinin qazisi, mayor Pərviz Məmmədov da iştirak edib.

 

Esmira Hidayətova, Mingəçevir