Sakinlər həm razılıq etdilər, həm də…

84

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Nəriman Nərimanov küçəsindəki 44 nömrəli binanın sakinləri ilə görüşdü.

Görüşün keçirilməsində məqsəd  Nəriman Nərimanov küçəsindəki 44 nömrəli binada   start götürən işlərə baxış idi. Qeyd edək ki, 8 bloklu, 90 mənzilli bu binanın fasad hissəsində və bloklarında, ümumi istifadə sahələrində əsaslı tikinti işlərinə başlanır. Binanın fasadı üzlənərək rənglənəcək, blokların divarları suvanacaq, pəncərə çərçivələri və şüşəbəndlər, giriş qapıları qoyulacaq. Bundan sonra ərazidə, N.Nərimanov, Heydər Əliyev, Ş.İ.Xətai və A. Məmmədov küçələrində yerləşən daha 10 binada bu cür əsaslı təmir işləri görüləcək.

Bina sakinləri görülən bütün işlərə görə öz minnətdarlıqlarını bildirdilər. Onlar qeyd etdilər ki, 28 ildir ki, bu bina ilə heç bir aidiyyəti qurum maraqlanmayıb. Bu gün burada görülən işlər onların ürəyincə olub. Amma bina sakinlərinin ən ümdə problemi kanalizasiya xətlərində yaranan nasazlıqlardır. Onlar dedilər ki, əgər biz su-kanalizasiya üçün xidmət haqqı ödəyiriksə niyə normal xidmət görmürük. Sakinlərin problemlərini dinləyən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov aidiyyəti olan idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verərək problemlərin dərhal həll edilməsi üçün tapşırıqlar verdi.

Esmira Hidayətova, Mingəçevir