Mingəçevirliləri narahat edən əsas problem

75

 

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü keçirilib. Görüşə  şəhərin Ş. İ. Xətai 3, 1, A. Məmmədov, H. Əliyev və şəhərin Az.Dress qəsəbəsindən  də  gələn sakinlər olub. Əvvəlki görüşlərə nisbətən bu dəfəki görüş bir az gərgin keçib. Belə ki, sakinləri daha çox narahat edən problemlərdən biri işsizliklə bağlı olub. Hətta 50-55 yaşdan yuxarı şəhər sakinləri ən çətin işdə işləməyə razı olduqlarını bildiriblər.  Digər qaldırılan məsələlərdən ən problemlisi yaşayış binalarının zirzəmidəki kanalizasiya sistemindəki vəziyyət olub. İstilik sisteminin Mingəçevirdə olmaması sakinlərdə daha çox narazılıq yaradıb. Evinə istilik üçün kombi çəkdirən  qaz,su pulunu ödəməkdə çətinlik çəkən şəhər sakini bu günə 400 manat qaza borcunun olduğunu bildirib və aidiyyatı qurumlardan kömək istəyib. Şəhərdə ən aktual problemlərdən biri də əvvəlki icra başçılarının həyətlərin qarşısında yer verib, satdıqları qarajlardır. İnsanların həyətdə istirahət etməyə belə yerləri yoxdur. Bir həyətin qarşısında 10-12 və bəzən də 15 qaraj var. Şəhərin Ş. İ. Xətai ünvanındakı sakinlər bu barədə iradlarını bildiriblər. Digər qaldırılan problemlərdən bəziləri sakinlərin şəxsi məsələləri olub.

Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov bütün bu problemləri dinləyərək görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə, icra hakimiyyətinin məsul şəxslərinə xüsusi tapşırıqlarını verdi. Sakinlərə bildirdi ki, bu problemlər nəzarətdə saxlanılacaq və mərhələli şəkildə aradan qaldırılacaq.

Esmira Hidayətova, Mingəçevir